AZ

“Uşaqlar əmi, dayı, xala uşaqlarına sevgili gözü ilə baxır” - Psixoloqdan iddia

“Qohum evlilikləri bizə böyüklərimizdən qalan milli psixoloji məsələdir. Hətta “əmi uşaqlarının nikahı göydə kəsilir” kimi kodlamalar bu cür evliliklərin sayını illər boyu kəskin artırıb”.
 
Bu sözləri Yenisabah.az-a qohum evliliklərinin sayının artması ilə bağlı danışan psixoloq İlhamə Mustafayeva deyib. 
 
O bildirib ki, problemin kökündə sosial-iqtisadi məsələlər dayanır:
 
“İllərlə qazandığım yad qızına və yaxud yad oğluna qalmasın” məsələsinə görə insanlar qohum evliliklərinə üz tutublar. Digər səbəb yeniliklərə açıq olmamadır. Başqa nəsildən, başqa yerdən gələn gəlin və bəyin ilə bir çox şeylər dəyişəcək , mətbəxdən tutmuş, yeni adət-ənənələr, yeni davranışlar, yeni həyat, yeni düşüncələr və s. Odur ki, ailəsində, nəslindəki adətlərin, dəyərlərin qorunub saxlanılması üçün ən yaxşı vasitə qohum evlilikləri olub, bu başqasını qəbul etməkdən, onlarla mübarizə aparmaqdan həmişə daha rahat olub. 
 
Bizim insanlar çox zaman qoruma mövqeyində olub, yeniliklərə açıq olmanın, yeni adət-ənənələri qəbul etmənin onların dəyərlərini yox edəcək qorxusu ilə yaşayıblar. Bu da insanın psixoloji olaraq özününkünü qoruyub saxlamaq instinktinə əsaslanır”.
 
Psixoloq qeyd edib ki, uzun illər kiçik yaşlarından uşaqlar öz qohumlarına sevgili gözü ilə baxırlar:
 
“Hələ uşaq vaxtından bir çox uşaq əmi, dayı, bibi, xala uşaqlarına qardaş -bacı gözü ilə deyil, sevgili gözü ilə baxıb.
 
Qohum evliliklərində utanc faktoru da az olur və ya olmur, gəlinə necə zinət əşyası alınması, yaxud toyun hansı səviyyədə keçirilməsi ilə bağlı çəkingənlik olmur. Necə olsa, doğma insanlardır və yeri gələndə bir-birlərinə güzəştə getməyi bacaracaqlar.
 
Digər məsələ qorxudur, öz qohumunu tanıyır, ona inanır, yad insana güvənmir, sabah nələrlə qarşılaşacağını bilmir, buna görə də neqativ ssenarilər uydurur və s.
 
Çox zaman “filankəsin qızı gözümün qabağında böyüyüb, onu yaxşı tanıyıram” psixologiyası hakim olur, bu da yenə özünü, nəslini qorumadır. Başqa tərəfdən, “bacımın və ya qardaşımın qızını alan olmaz, elə özüm alım, evdə qalmasın” kimi düşüncə var.
 
Təəssüf ki, qohum evliliklərinin fəsadını çox insan yaşayıb, gözü açılmamış, valideynlərin istəyi ilə evləndirilən qadın və kişilər öz həyatlarında bu acı təcrübəni yaşayıblar”.
 
İ. Mustafayeva bildirib ki, bu problemin qarşısını almaq üçün ilk növbədə ailələrdə tərbiyə metodu dəyişməlidir:
 
“Əmi, xala, dayı uşaqlarına qardaş-bacı gözü ilə baxmağı öyrətmək lazımdır, çünki doğrudan da onlar qardaş-bacı, eyni genlərin daşıyıcılarıdır. Eyni geni daşıyan insanlar evləndikdə xəstə genlərin üzə çıxmaq riski yüksək olur, yad evliliklərdə isə genlərin yenilənməsi prosesi baş verir. Bu fəsadların qarşısını almaq üçün tibbi maariflənmə və psixoloji sağlamlıq çox önəmlidir.
 
İnsanların yeniliklərə açıq olması, yeni şeylər yaşaması və inkişaf etməsi yad evliliklərə “dəyərlərimi əlimdən alacaq” gözü ilə yox, “dəyərlərimi genişləndirəcək” gözü ilə baxması önəmlidir. Gəlin də, bəy də öz dəyərləri ilə gəlir və bu dəyərlərə hörmət sənin dəyərlərini yox etməz, daha da möhkəm və güclü edər”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
moderator.az

10Mənbələr