AZ

ABŞ və Avropa üçün Gürcüstan sınağı – Qərb qazandığını itirəcək, yoxsa

Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük müzakirələrinə başlamaq haqqında tövsiyə qərarı qəbul etdi. Yekun qərarı Avropa Birliyi Şurası verəcək. Gürcüstan bu mərhələdə prosesdən kənarda qaldı. Hətta Avropa Komissiyası bu ölkə ilə vizasız rejimi dayandırmağı müzakirəyə çıxarmağa hazırlaşır. Dünən ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyət nümayəndələrinə qarşı viza sanksiyalarının tətbiqinə start verdi. Hələlik məhdud sayda - 30-a yaxın şəxsə qarşı və hökumətə xəbərdarlıq siqnalı mahiyyəti daşıyan sanksiya tətbiq olunub. “Gürcü Arzusu” geri addım atmasa, tədbirlər sərtləşərək davam edəcək.

Gürcüstanla Qərb arasında artan problemləri şərh edən siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, Gürcüstanda hazırda yaranmış vəziyyətin əsas səbəbkarı ötən müddətdə ölkənin demokratik nailiyyətlərini tədricən aradan qaldıraraq yumşaq avtokratiyanı bərqərar etmiş Bidzina İvanişvilidir. Onun sözlərinə görə, Gürcüstanın eləcə də Ukraynanın məsələsini acı bağırsaq kimi uzatmış ABŞ və Avropa Birliyi də məsum deyil:

“2012-ci ildə Saakaşvilinin hakimiyyətdən getməsi və “Gürcü Arzusu”nun gəlib, bir tərəfdən ehtiyatlı və səbirli avrointeqrasiya siyasəti aparması, digər tərəfdən isə Rusiya ilə məsafəli, amma praqmatik və stabil əlaqələr yaratması Qərbdə məmnunluqla qarşılandı. Saakaşvilinin Rusiya ilə açıq qarşıdurmaya getməsi Vaşinqton və Brüsselin qəzəbinə səbəb olmuşdu və elə o vaxtdan Qərb Saakaşvilini tamamilə sildi.

Ukraynada müharibə başladıqdan sonra geosiyasi situasiya radikal dəyişikliyə məruz qaldı və Qərb o vaxta qədər postsovet məkanında apardığı Rusiya mərkəzli siyasətdən imtina etdi:“Gürcü Arzusu”nun güc mərkəzləri arasında müəyyən balansa əsaslanan siyasəti Qərbi qane etməməyə başladı və onlar Tbilisidən Saakaşvili dövründə olduğu kimi, birmənalı mövqe və qəti seçim tələb etdilər. “Gürcü Arzusu” isə komfort zonasından çıxmaq istəmədi, çünki Rusiya ilə qurduğu əlaqələr ölkədaxili sosial-iqtisadi stabilliyə mühüm töhfə verir. Moskva öz daxili bazarını Gürcüstan üçün açıb və bu ölkənin 2-ci böyük ticarət tərəfdaşıdır. Ukrayna müharibəsindən sonra Moskvanın göz yumması və ya şərait yaratması nəticəsində Gürcüstana axışan Rusiya orta təbəqəsinə mənsub, əlində vəsait olan şəxslər orada bir növ investor qismində çıxış etdilər”.

Ş. Cəfərli qeyd edir ki, Çinlə də ciddi yaxınlaşma var və həqiqi mənada strateji tərəfdaşlıq qurulub. Onun sözlərinə görə, bu günlərdə Gürcüstan hökuməti hələ Saakaşvili dövründə icrasına başlanılmış Anakliya dərin dəniz limanı layihəsinin 49% payını Çinin dövlət şirkətlərinə verdi. “Bütün bunlar Qərbdə narazılıq və narahatlıqla qarşılansa da, içəridə “Gürcü Arzusu”nun reytinqinə müsbət təsir göstərir”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, ki, önəmli məqam budur ki, “Gürcü Arzusu”nun seçicilərinin əksəriyyəti avroatlantik inteqrasiyanı dəstəkləyir:

“Onlar hökumətin indiyə qədər ölkəni məhz bu istiqamətə apardığına əmin olublar. Avropa və ABŞ-də çoxlu sayda gürcü miqrant yaşayır, çalışır, onların vətənə göndərdiyi pul baratları da sosial stabilliyə töhfə verir. Qərblə iqtisadi əlaqələr də Gürcüstan üçün çox vacibdir. Dərinə getmədən təkcə onu qeyd etmək kifayətdir ki, ölkənin ixrac gəlirlərində minik avtomobilləri ilk sıradadır. Məsələn, bu ilin ilk rübündə Gürcüstan minik avtomobilləri ixracından 444 milyon dollar gəlir əldə edib. Müqayisə üçün qeyd edim ki, ixracatda 2-ci başlıq olan şərab məhsullarından eyni dövrdə 84 milyon dollar qazanılıb. Bu avtomobillərin əksəriyyəti ABŞ və Avropadan gətirilir və onların reeksportu həyata keçirilir”.

ABŞ və Avropa ilə münasibətlərin pozulduğu, viza rejiminin dayandırıldığı və ölkənin Qərbdən təcrid olunduğu bir şəraitdə əhalinin məmnuniyyəti və “Gürcü Arzusu”na dəstəyi davam edəcəkmi?

Ş. Cəfərli vurğulayır ki, bu sualın cavabını oktyabr seçkilərində görəcəyik və xalqın seçimi Gürcüstanın taleyini müəyyənləşdirəcək, ümumən regionun da gələcəyinə təsir göstərəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
azpolitika.info

10Mənbələr