AZ

“5 ay hər gün onun yeməyinə zəhər qatdı və sonda...”-İbrətamiz gəlin-qayınana hekayəti...

“Zaman keçdikcə Aliyə çox aqressivləşdi və qayınanasına nifrət etməyə başladı. Bu minvalla o, qayınanasından necə qurtulacağı düşüncələrinə kökləndi...”
 
“Ata bir ağ tozu qızına gətirib dedi: “Hər gün nahar və ya şam yeməyi bişirəndə qayınananın yeməyinə bu tozdan bir çimdik əlavə et. Zəhərin miqdarı az olduğundan o tez ölməyəcək, yavaş-yavaş öləcək...”
 
Azərbaycan kimi milli ailə institutuna sadiq qalmağa çalışılan ölkələrdə qayınana-gəlin münasibətləri cəmiyyətin daim gündəmdə olan problemlərindəndir. Bu problemin həllini tapa bilməmək ucbatından neçə-neçə ailələr dağılır, övladlar ata-ana arasında çaş-baş qalaraq həyatlarının müsbət vektorunu itirirlər. Halbuki, hər kəsin bir azca səbir, təmkin, iradə və nəciblik nümayiş etdirməsi kifayətdir ki, hər şey öz yoluna düşsün və ailə öz xoşbəxt həyatını davam etdirsin...
 
Moderator.az aktuallığını nəzərə alaraq bu günlərdə “İslamtoday” nəşrində  Muhsin Nurulla adlı yazarın müəllifliyi ilə dərc olunmuş “Gəlin və qayınana: xoşbəxt sonluqla bitən dəhşətli hekayə” başlıqlı ibrətamiz hekayəti dəyərli oxucuların müzakirəsinə buraxır:
“Aliyə ailə qurub, ərinin ailəsi ilə yaşamağa başladı. Lakin bir neçə gündən sonra o, qayınanası ilə anlaşa bilməyəcəyini başa düşdü. Aliyənin qayınanası mühafizəkar əqidəli, Aliyə özü isə həyata müasir baxışlara sadiq idi. Tezliklə onların hər ikisi düşüncə və həyat tərzi fərqinə görə mübahisə etməyə başladılar...
 
Günlər, aylar keçdi, amma heç biri davranışını dəyişmək istəmirdi. Zaman keçdikcə Aliyə çox aqressivləşdi və qayınanasına nifrət etməyə başladı. Bu minvalla o, qayınanasından necə qurtulacağı düşüncələrinə kökləndi... 
 
Bir gün qayınanası ilə mübahisə edəndə əri də anasının tərəfini tutanda o əsəbiləşib atasının evinə getdi...
 
Aliyənin atası kimyaçı idi və qız ərinin evində baş verən hər şeyi ona danışdı. O, atasına yalvarmağa başladı ki, ona bir az zəhər versin ki, qayınanasından birdəfəlik xilas olmaq üçün onun yeyəcəklərinə qatsın. Atanın qızına yazığı gəldi, amma onun bu qərarına təəssüfləndiyini bildirərək dedi: “Bu, doğru deyil. Üstəlik, qayınananı zəhərləsən, sən də, mən də həbsxanaya düşəcəyik...” 
 
Ancaq Aliyə nə qulaq asmağa, nə də düşünməyə hazır idi. Nəhayət, atası təslim oldu və ona dedi: “Yaxşı, necə istəyirsən. Amma mən səni həbsdə görmək istəmirəm, sən dediyim kimi et”. Aliyə razılaşdı... 
 
Ata bir ağ tozu qızına gətirib dedi: “Hər gün nahar və ya şam yeməyi bişirəndə qayınananın yeməyinə bu tozdan bir çimdik əlavə et. Zəhərin miqdarı az olduğundan o tez ölməyəcək, yavaş-yavaş öləcək. Bir neçə aydan sonra öləndə isə insanlar onun təbii səbəblərdən öldüyünü düşünəcəklər...” 
 
Ata qızına həm də bu tövsiyəni etdi: “Madam ki, heç kimin səndən şübhələnməsini istəmirsən, bu gündən etibarən sən qayınanan ilə qətiyyən mübahisə etməyəcəksən, əksinə, ona qarşı çox qayğıkeş olacaqsan. Hətta o, sənə əsəbi bir şey desə, belə, sən ona qarşı kobudluq etməyəcək və nəzakətli olacaqsan..." 
Aliyə bir neçə aydan sonra qayınanası ilə dava-dalaşdan tam qurtulacağını düşünərək deyilənlərlə razılaşdı. O, atasının məsləhəti ilə hər gün zəhərli tozu qayınanasının yeməyinə qarışdırmağa başladı. Qayınanası nə vaxtsa nəsə deyəndə ona qarşı nəzakətli, qayğıkeş davranırdı. Zaman keçdikcə qayınananın xarakteri də dəyişdi. Aliyə çox qayğıkeş olduqca o da ona qarşı sevgi göstərməyə başladı... 
 
Aliyə tozu qayınanasının yemək-içməyinə qarışdırmağa başlayandan 5 ay keçsə də, evdə ab-hava dəyişmişdi. Aralarında dava-dalaş olmur, hər ikisi qonşularla söhbət edərkən bir-birini tərifləyirdi. Bu gedişlə onlar bir-birlərinə ana və qız kimi çox bağlanırdılar... 
Bu dəfə Aliyə narahat olmağa başladı, fikirləşdi ki, hər gün verdiyi zəhərli tozdan qaynanası tezliklə ölə bilər. O, atasının evinə qaçdı və ona dedi: “Ata! Xahiş edirəm, verdiyin o zəhərli tozun təsirinin qarşısını almaq üçün mənə onun antidotunu, panzəhərini ver! Qayınanamı itirmək istəmirəm, o, mənim üçün ana kimi olub və mən onu çox sevirəm”. 
 
Atası gülümsəyərək dedi: “Qızım, nə zəhər? Mən sənə sadəcə adi dadlandırıcı vermişdim!..” 
 
Hekayənin qayəsi: 
 
Hər bir insan fərqlidir. Bəzən bu, müxtəlif fikir ayrılıqlarına səbəb ola bilər. Bununla belə, biz bir-birimizi anlamağa cəhd göstərməli, bir-birimizlə sağlam münasibətlər qurmaq üçün ümumi dil tapmağa çalışmalıyıq. Ailədə fikir ayrılıqları yarandıqda isə yaxınların vəzifəsi dincliyin qorunmasına kömək etmək və dalaşanları doğru yola yönəltməkdir…”
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
moderator.az

10Mənbələr