AZ

Allah ədalətlidirsə, niyə bə’zən bütöv xalqlara və ya ayrı-ayrı fərdlərə dəhşətli bəlalar göndərir?..-SUAL-CAVAB

“Başınıza gələn hər müsibəti öz əlinizlə qazanmısınız...”- Qurani-Kərim
 
"Tarixdən mə’lumdur ki, bə’zi qatı cinayətkarlar özlərini təmizə çıxarmaq üçün iradə azadlığını danmışlar. İmam Hüseynin (ə) qətlinə fərman verib üstünə qoşun göndərmiş Yezid belələrindən idi..."
 
İNSAN İRADƏ AZADLIĞINA MALİKDİRMİ?..
 
Allah-Təalanın ədaləti barədə danışarkən insanın iradə azadlığı məsələsini xatırlatmamaq olmaz. İslam aləmində bu məsələ barəsində çoxlu mübahisələr baş vermişdir. İslam aləmində iki fəlsəfi cərəyan bu məsələdə tamamilə bir-birinə zidd olan ifrat nöqtələrdə durmuşlar. Bu fəlsəfi cərəyanların biri “qədərilik”, digəri isə “cəbrilik”dir. Qədərilərin əqidəsi bu idi ki, Allah-Təala dünyanı yaratdıqdan sonra özbaşına buraxmışdır. Allah təbiətdə baş verən heç bir hadisəyə müdaxilə etmir, onu sürətləndirmir, yaxud qarşısını almır. İnsana qeyri-məhdud iradə azadlığı verilmişdir. Hər kəsin hərəkəti yalnız və yalnız öz istəyindən asılıdır. Cəbrilər isə tamamilə bu dünyagörüşünün əleyhinə çıxaraq iddia edirdilər ki, hər bir yaxşı və pis işin səbəbkarı Allahdır. Cəbrilər qəti surətdə insanın iradə azadlığını rədd edirdilər. Onların fikrincə, insanı hər bir hərəkətə Allah məcbur edir...
 
Sadə və insaflı araşdırma yolu ilə hər iki tərəfin ciddi səhvə yol verdiyi aşkara çıxır. Qədərilər insanın iradə azadlığı məsələsində ifrata yol vermişlər. Düzdür, insan yaxşı və ya pis yolu seçməkdə, bu və ya digər hərəkəti törətməkdə ixtiyar sahibidir. Bununla belə, danmaq olmaz ki, hər şey qüdrətli Allahın iradə və nəzarəti altındadır. Allah istədiyi zaman istədiyi hadisəni dəyişdirib başqa axara salmağa qadirdir. Amma cəbrilər kimi insanı şüursuz, iradəsiz robot səviyyəsinə endirmək də səhvdir. Onların sözündən belə çıxır ki, bir kəs vurub başqasını öldürsə, öldürənin günahı yoxdur; əsil qatil Allahdır. Həmçinin, bir kəs başqasına yaxşılıq edərsə, ona savab düşmür; çünki səbəbkar Allahdır. Gülünc deyilmi?!
 
Həm cəbrilərin, həm də qədərilərin dünyagörüşü İslam dininin tam ziddinədir. Çünki Allah dəfələrlə Qurani-Kərimdə buyurub ki, insanlar öz əməllərinə görə qiyamət günündə cavab verəcəklər. Əgər insanı yaxşı, ya pis əməllərə məcbur edən Allahdırsa, qiyamətdə insana hansı əsasla mükafat və cəza veriləcək? Əslində günahı olmayan şəxsi cəzalandırmaq, savabı olmayan şəxsə mükafat vermək zülm deyilmi?! Həmçinin, əgər Allah insana mütləq mənada iradə azadlığı vermişsə və bu dünyada onun pis hərəkətlərinin qarşısını almağa qadir deyilsə, qiyamətdə onu necə özünə tabe edib, məhkəmə qarşısında saxlamağa gücü çatacaq?!
 
Tarixdən mə’lumdur ki, bə’zi qatı cinayətkarlar özlərini təmizə çıxarmaq üçün iradə azadlığını danmışlar. İmam Hüseynin (ə) qətlinə fərman verib üstünə qoşun göndərmiş Yezid belələrindən idi. İmam Hüseyn (ə) və tərəfdarları Kərbəlada faciəli şəkildə öldürüldükdən sonra onların sağ qalmış ailə üzvlərini Yezidin sarayına gətirirlər. Bu zaman Yezid: “Hüseyni (ə) Allah öldürdü” – sözləri ilə öz cinayətini ört-basdır etməyə çalışır. Lakin İmam Hüseynin (ə) oğlu İmam Zeynülabidin (ə) öz alovlu nitqi ilə Yezidin əsil simasını ifşa edib bütün sə’ylərini puça çıxarır...
 
İradə azadlığı məsələsində həm ifrata, həm də təfritə yol vermək insan mənəviyyatına mənfi tə’sir göstərir. Allahın dünya işlərinə nüfuz edə bilmədiyinə inanmaqla insan ümidsizliyə qapılır, özünü tənha və köməksiz sanır. Əksinə, hər işin səbəbini özündən uzaqlaşdıraraq bilavasitə Allahla bağlamaq insanı məsuliyyət hissindən uzaq edir, onda özbaşınalıq və laqeydlik duyğusu yaradır...
 
İslam müqəddəsləri iradə azadlığı məsələsində nə qədərilərin, nə də cəbrilərin fikrini tamamilə qəbul etməmiş, orta mövqedə durmağın düzgün yol olduğunu söyləmişlər. Düzgün əqidə bundan ibarətdir: İnsan iradə azadlığına malikdir və hər bir hərəkətinə görə özü məsuliyyət daşıyır. Müəyyən bir hərəkəti etmək və etməmək insanın özündən asılıdır. Bəzilərinin düşündüyünün əksinə olaraq, insanın alnına heç nə yazılmayıb. Bununla belə, Allah-Təala hər bir prosesə nəzarət edir. O, istədiyi zaman istədiyi məsələyə müdaxilə etməyə qadirdir. İmam Sadiq (ə) buyurmuşdur: “Nə cəbr əqidəsi düzdür, nə də qədərilik. Bunların arasında orta bir yol vardır; haqq odur” (“Usul’i-kafi”)...
 
Haqsız iradlara cavab Allah-Təalanın insanlara qarşı ədalətli olduğuna şübhə edənlərin irəli sürdükləri əsas iradlar bundan ibarətdir:
 
Birinci sual:
 
Əgər Allah adildirsə, ədalətlidirsə, niyə bə’zən bütöv xalqlara, bə’zən də ayrı-ayrı fərdlərə dəhşətli bəlalar göndərir?
 
Cavab:
 
Allah-Təala tərəfindən insanlara bəla göndərilməsinin səbəbi adətən insanların öz günah və səhvləri ucbatından olur. Məsələn, Nuh peyğəmbərin (ə) zamanında insanlar Allahdan üz çevirib bütlərə sitayiş etməyə başladılar. Həzrəti Nuh (ə) illərcə camaata moizə və nəsihət etsə də, faydası olmadı. Bu zaman Allah-Təala yer üzündə dəhşətli tufan yaradaraq, bütün kafirləri və Allaha şərik qoşanları məhv etdi. Bunu gündəlik həyatımızda rast gəldiyimiz belə bir misalla da müqayisə etmək olar: Məsələn, insan düzgün qidalanmadığından, yaxud gigiyenik göstərişlərə əməl etmədiyindən xəstələnir. Vaxtı keçmiş, köhnə qida məhsulunu yeyib xəstələnən şəxs Allahı deyil, özünü günahkar bilməlidir. O, qidalanarkən səhv etmiş, sonra da bu səhvin ağrı-acısını çəkmişdir. Quranda buyurulur:
 
Başınıza gələn hər müsibəti öz əlinizlə qazanmısınız” (Şura, 30).
 
“Allah insanlara heç zülm etməz, amma insanlar özlərinə zülm edirlər” (Yunus, 44).
 
(Davamı var)
 
Mənbə: //islam.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
45
moderator.az

10Mənbələr