AZ

Luis Enrike “Barselona”ya mümkün təyinatı haqda danışdı

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın məşqçisi kimi mümkün çalışması ilə bağlı sualı cavablayıb.

Arena.az ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Barselona”dakı işim? Mən Xixondanam, hətta ləhcəm də məni uzaqlaşdırır. Amma indi mənim evim Parisdir. PSJ mənim evim və klubumdur, keçmiş və gələcək sayılmaz, əsas indikidir. Mənə güvənməyə qərar vermiş kluba hər şeyimi vermək istəyirəm”, deyə Enrike bildirib.

Luis Enrike ötən ilin iyul ayından PSJ-yə rəhbərlik edir. İspan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

53 yaşlı çalışdırıcı PSJ-yə qədər “Roma”, “Selta”, “Barselona” və həmçinin İspaniya yığmasını çalışdırıb. Enrike klub futbolda bütün qənimətləri qazanıb və buna “Barselona” ilə nail olub. Luis Enrike Kataloniya nəhəngi ilə İspaniya La Liqasının ikiqat (2014/2015, 2015/2016), İspaniya Kral Kubokunun üçqat (2014/2015, 2015/2016, 2016/2017), İspaniya Super Kubokunun (2016/2017), Çempionlar Liqasının (2014/2015), UEFA Super Kubokunun (2015/2016), FIFA Klub Dünya Kubokunun (2015/2016) qalibi olub. İspan mütəxəssis 2014/2015 mövsümü üçün dünyanın ən yaxşı klub məşqçisi seçilib.

Hazırda, Luis Enrikenin çalışdırıcılığı altında PSJ Fransa Liqa 1-in 28 turundan sonra 63 xalla yarış cədvəlinin vahid lideridir və ən yaxın təqibçisi “Brest”i (50 xal) 13 xal qabaqlayır.

Fransa Kubokunda isə PSJ yarışın finalına yüksəlib və mayın 25-də Lion “Olimpik”i ilə qarşılaşacaq.

Çempionlar Liqasına gəlincə, yarışın 1/4 final mərhələsində Fransa nəhəngini “Barselona” ilə iki oyun gözləyir. PSJ aprelin 10-da Parisdə, aprelin 16-da isə Barselonada Kataloniya nəhəngi ilə cütün taleyinə aydınlıq gətirməyə çalışacaq.

Üstəlik, Luis Enrikenin yetirmələri 2024-cü il Fransa Super Kubokunu da qazanıblar.

Seçilən
58
7
Mənbələr
Şərh ()
Bağla