AZ

Luis Enrike Premyer Liqada çalışmaq istəyir

Fransa nəhəngi PSJ-nin baş məşqçisi Luis Enrike bir gün İngiltərə Premyer Liqasında çalışmaq istədiyini dilə gətirib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İngiltərə Premyer Liqası? Mən bunu istərdim. PSJ-yə keçməzdən əvvəl iki klubla danışıqlar aparmışam. Amma indi bütün diqqətimi “Pari Sen-Jermen”ə vermişəm. Mən fransız dilini öyrənirəm və bu mənim həvəslərimdən biridir. Onların dilini öyrənmək, onların mədəniyyətinə qərq olmaq deməkdir”, deyə Luis Enrike bildirib.

Luis Enrike PSJ-ni ötən ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

53 yaşlı çalışdırıcı PSJ-yə qədər “Roma”, “Selta”, “Barselona” və həmçinin İspaniya yığmasını çalışdırıb. Enrike klub futbolda bütün qənimətləri qazanıb və buna “Barselona” ilə nail olub. Luis Enrike Kataloniya nəhəngi ilə İspaniya La Liqasının ikiqat (2014/2015, 2015/2016), İspaniya Kral Kubokunun üçqat (2014/2015, 2015/2016, 2016/2017), İspaniya Super Kubokunun (2016/2017), Çempionlar Liqasının (2014/2015), UEFA Super Kubokunun (2015/2016), FIFA Klub Dünya Kubokunun (2015/2016) qalibi olub. İspan mütəxəssis 2014/2015 mövsümü üçün dünyanın ən yaxşı klub məşqçisi seçilib.

Hazırda, Luis Enrikenin çalışdırıcılığı altında PSJ Fransa Liqa 1-in 26 turundan sonra 59 xalla yarış cədvəlinin vahid lideridir və ən yaxın təqibçisi “Brest”i (47 xal) 12 xal qabaqlayır.

Fransa Kubokunda isə PSJ yarışın yarımfinal mərhələsinə yüksəlib və aprelin 3-də “Renn”lə qarşılaşacaq.

Çempionlar Liqasına gəlincə, yarışın 1/4 final mərhələsində Fransa nəhəngini “Barselona” ilə iki oyun gözləyir. PSJ aprelin 10-da Parisdə, aprelin 16-da isə Barselonada Kataloniya nəhəngi ilə cütün taleyinə aydınlıq gətirməyə çalışacaq.

Üstəlik, Luis Enrikenin yetirmələri 2024-cü il Fransa Super Kubokunu da qazanıblar.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla