AZ

Ayxan Abbasov: “Qarabağ”ın səviyyəsinə çatmaq üçün…”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazana bilsəydik, bir pillə irəliləyəcəkdik. Məğlub olsaydıq, rəqib böyük üstünlük qazanacaqdı. Oyun baxımından futbolçularımdan razı qaldım. Gözləmədiyimiz halda müdafiədə səhv etdik və rəqib bundan istifadə etdi. Bundan sonra hücumda olsaq da, bir neçə epizodda rəqibin qapıçısı yaxşı oynadı. İkinci qolu vurmaq üçün hücumları məntiqli sonluqla başa vurmağı bacarmadıq. Bundan sonrakı oyunlar da çətin keçəcək. Qələbələr qazanmaq üçün daha da artırmalıyıq.

Bu gün zədəli oyunçularımız var idi. Ən çox da orta xətdə çıxış edən futbolçular zədədən əziyyət çəkirlər. Ayxan Hüseynov, Denis Marandiç, Luis Paçu da zədədən qayıtmışdılar. Təəssüf ki, Ayxanın yenə eyni ayağı burxuldu. Hətta əvəzləmək istəyirdim. Dedi ki, oynamaq istəyirəm. Zədələr komandaya təsir edir”.

Ayxan Abbasov “Qarabağ”ın sona 8 tur qalmış çempionluğu təmin etməsinə də münasibət bildirib:

“Çempionat maraqlıdır. “Qarabağ” tam başqa səviyyədədir. İtaliyada turnir cədvəli necədir? “İnter” 14 xal öndədir. Bu, o demək deyil ki, digər komandalar zəifdir. “Qarabağ” Avropada Portuqaliya, Almaniya klubları ilə bərabər səviyyədə oynayır. Nə edək? Oynamayaq? “Qarabağ”ın səviyyəsinə çatmaq üçün digər klublar çox çalışmalıdır. Bu il digər komandalar öz aralarındakı oyunlarda çox xallar itirdilər. “Neftçi” ilə “Sabah”ın geri qalması “Qarabağ”ın çempionluğunu 4-5 tur tezləşdirdi.

Futbolda narazılıq heç vaxt bitməyəcək. Hərənin öz baxışı var. Potensialımızı və problemlərimizi qəbul edib işə başlamalıyıq. Bu gün böyük problemimiz odur ki, məşq meydançalarımız yoxdur. Futbolçu oyun meydançasında yetişmir. Hər klubun təlim-məşq bazası tikilməlidir. Bundan başlamasaq, qalan şeylər müvəqqəti olacaq”.

Şahin Diniyev nəticəni ədalətli hesab edir

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə heç-heçəyə belə şərh verib:

“Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda həm məğlub ola, həm də qələbə qazana bilərdi. “Turan Tovuz” inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu. Oyun dinamik keçdi. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatımın sonunda bizə kömək edəcək”.

Seçilən
170
50
Mənbələr
Şərh ()
Bağla