AZ

Mart bitməmiş “Qarabağ” bitirdi - REPORTAJ

İlk dəqiqələr “Kəpəz”in üstünlüyü şəraitində keçdi. Düşünmək olardı ki, gəncəlilər matça çox ciddi hazırlaşıb və liderə qarşı fərqli oyun göstərəcək. Hətta bu ərəfədə təhlükəli vəziyyətlər də qeydə alındı.

Əvvəlcə Elmir uzaqdan zərbəylə bəxtini sınasa da, Lunyov yerində idi. Növbəti cəhd Amildən gəldi ki, rusiyalı qolkiper bu dəfə də təslim olmadı. O, irəli atılıbhesabın açılmasına imkan vermədi. “Qarabağ”ın hücum cəhdlərinə 10-cu dəqiqədən sonra şahidlik etməyə başladıq. Fərqlənmək istəyən Zubir idi. Lakin Rodriges fransalı yarımmüdafiəçinin qarşını almaqda çətinlik çəkmədi. Hesab yetərincə tez açıldı. Leandronun sağ cinahda hərəkətlənən Abbası görməsi topun Zubirə çatmasıyla nəticələndi. Abdulla tələsmədən Romaoya ötürmə verdi və braziliyalı 21-ci dəqiqədə “çərçivə”ni dəqiq nişan aldı – 1:0.Həmin anda “Kəpəz”in müdafiə xəttinin çaşqın və çarəsiz davranışı da nəzərdə qaçmadı. Bir qədər sonra nominal meydan sahiblərinin qapıçısı Toralın fərqlənmək istəyini puç etdi. “Sarı-göylər”in növbəti təhlükəli epizodunu Martinsin təqdimatında izlədik. Braziliyalı yarımmüdafiəçi hücumu təkbaşına bitirmək niyyətində idi. O, sürəti hesabına rəqib futbolçuları qabaqlamaq istəsə də, Abbas özünü çatdırdı və komandasını xilas etdi. “Köhlən atlar”ın buna cavabı çox gecikmədi. Zubir Nərimanın ötürməsindən sonra topu tora qovuşdurdu. Lakin vurulan qol qeydə alınmadı. Daha dəqiqi, VAR-dan gələn xəbərdarlıqda Zubirin ofsaydda olduğu bildirildi. Hissənin sonuna qədər başqa qol olmadı.

İkinci hissə “Qarabağ”ın kəskin təzyiqiylə başladı. Rəqibi dinamik və sürətli oyuna məcbur edən ağdamlılar müdafiə xəttini yarmağı asanlaşdırdı. Leandro 52-ci dəqiqədə hər şey etdi, işi bitirməyi Juninyoya buraxdı. Braziliyali hücumçuya, sadəcə, topa son toxunuşu etmək qaldı. Juninyo cəmi 4 dəqiqə sonra növbəti dəfə fərqləndi. Və bu qolun da ötürməsini Leandro verdi. Bundan sonra “Kəpəz”in müqavimət ruhu qırıldı. Artıq “Qarabağ” rəqibin cərimə meydançasına qədər irəliləməkdə çətinlik çəkmirdi. Odu ki, növbəti qol sürpriz sayılmadı. Zubirin ötürməsini “çərçivə”yə göndərən Abbas hesabı 4:0 etdi. Bununla “sarı-göylər”in “yumşalan” müdafiə xətti konkret əridi. Nominal meydan sahibləri Toralın təkbaşına cərimə meydançasına daxil olub Elvinə ötürmə verməsinə də mane ola bilmədi. Nəticədə sonuncu dəqiq zərbəylə fərqi 5-ə çatdırdı. Cəfərquliyev burda qol müəllifi olsu da, komandasının altıncı qolunda məhsuldar ötürmə ilə yadda qaldı.
Yarımmüdafiəçinin qapı önünə paralel şəkildə göndərdiyi topu Cica tora qovuşdurdu. “Kəpəz”in yeganə qolunu sonradan meydana çıxan futbolçular təşkil etdi. Mahirin sol cinahdan qurduğu hücum qapı önünə ötürməsiylə davam etdi, Fal özünü topa çatdırıb zərbə endirməyi bacardı. Beləliklə, “Qarabağ” “Kəpəz”i darmadın etməklə tarixindəki 11-ci çempionluğu rəsmiləşdirdi. Mart bitməmiş çempionluq intriqası bitdi. Təbriklər, “Qarabağ”... Gəncəlilər isə uzaqbaşı “Qəbələ”nin də bu tur uduzmasıyla təsəlli tapa bilər...

Gözdən qaçmadı
* Matçdan öncə “Qarabağ”ın Minskdə çempion olan U-14 komandasına əsas kollektiv tərəfindən hədiyyələr verildi.
* Oyunun start fiti təxminən 10 dəqiqə gec çalındı.
* Stadionun qapıarxası tablolarında nasazlıq var idi.
* Əvəzedici heyətə göndərilən Adama Niane matçı tribunadan izləyirdi.
* “Qarabağ Ordu”, “İmarət Tayfa”, “Qarabağ Hooligans” və “Xəmsə” fanklubları tribunalarda idi.
* ⁠Oyundan sonra azarkeşlər “Qarabağ” futbolçularıyla “göy-ağ” şüarını səsləndirirdi. Azyaşlı tərəfdarlar Qurban Qurbanovun avtomobilini “mühasirəyə alıb”, stadionu tərk etməsinə icazə vermirdilər.

KƏNAN BAHADIR

Seçilən
157
50
Mənbələr
Şərh ()
Bağla