AZ

Sən saydığını say, gör "Qarabağ" nə sayır

Azərbaycan Premyer Liqasının başa çatmasına 8 tur qalmış ölkə çempionunun adına aydınlıq gəldi. Bu titula son illərin dəyişməz çempionu "Qarabağ" yiyələndi. Bəli, nə qədər qəribə səslənsə də, sona 8 tur qalmış...

Gəncə şəhər stadionuda aparılan təmir işləri ilə əlaqədar doğma stadionda qonaq komanda kimi çıxış edən Ağdam təmsilçisi yenə də rəbini əzici üstünlüklə məğlub etdi. Premyer Liqanın 12-ci turunda "Tofiq Bəhramov"da keçirilən oyunda Qurban Qurbanovun yetirmələri Gəncə təmsilçisini 7:1 hesabı ilə məğlub etmişdi. "Qarabağ"ın matça fəal başlayacağı bəlii idi. Çünki komanda məğlub olmayacağı halda ölkə çempionluğunu təmin edəcəkdi. "Kəpəz" "atlılar"ın təzyiqi qarşısında 21 dəqiqə dözə bildi. Romao baxımlı qolla hesabı açdı. Oyunda Olavio Juninyo, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Redon Cica isə hərəyə bir dəfə fərqlənməyi bacardı. Adil Şükürovun kollektivinin təsəlli qolunu isə Latir Fal vurdu. Qeyd olunduğu kimi, "Qarabağ" ardıcıl 3-cü, ümunilikdə isə 11-ci dəfə ölkə çempionluğunu rəsmiləşdirdi. Sona 8 tur qalmış...

Mövsümün əvvvəlində "Qarabağ"la ikinci pillədə olan komanda - "Neftçi" arasında 26 xal fərqinin yaranacağını kimsə gözləməzdi. Bir çox azarkeş ən azı "Neftçi" və "Sabah"ın "Qarabağ"la başabaş mübarizə aparacağını düşünür, hətta "bu mövsüm sürpriz yaşana bilər" kimi fikirlər səslənirdi. Sən saydığını say, gör "Qarabağ" nə sayır.

Turnir cədvəlində belə mənzərənin yaranması "Qarabağ"ın gücündən xəbər verdiyi kimi, həmçinin klublar arasında səviyyənin göstəricisidir. Qurban Qurbanovun yaratdığı sistem illərdir öz effektini verir. Rəqabət mühiti olmayan çempionatın komandası "Bayer"lə başabaş oynayır, "Nant" və onlarla "Qarabağ"dan üstün komandanı məğlub edir, amma digər klublar... Mövsüm ərzində baş məşqçi dəyişməklə məşğuldur. "Qarabağ"ın uğurlu olma səbəblərindən biri də budur, məşqçiyə inanıb, ona vaxt vermək.

Xülasə, "Qarabağ"ın uğurlarının səbəbləri çox olduğu qədər digər klublar da problemdən boldur. İnanırıq ki, Ağdam təmsilçisi növbəti il ölkəmizi avrokuboklarda uğurla təmsil edəcək və Azərbaycan futbolunun üzünü ağ etməyi bacaracaq.

Sonda isə bir anlıq düşünün: "Qarabağ" olmasaydı, Azərbaycan futbolu hansı vəziyyətdə olardı?

Məlik Məlikov
Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla