AZ

Kilian Mbappe: “PSJ-dən intiqam almaq istəmirəm”

“Real”ın fransalı hücumçusu Kilian Mbappe ötən yay azad agent qismində ayrıldığı Fransa nəhəngi PSJ-yə münasibətindən söhbət açıb.

Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, Paris klubunun fransalı ulduza 50 milyon avro məbləğində maaş borcu olduğu haqda məlumat yayılmışdı.

“Bəlkə bu, yaş məsələsidir, amma başa düşürəm ki, intiqam olmamalıdır. Ötən il baş vermiş hadisələr keçmişdə qaldı. Məndə yalnız yaxşı xatirələrim qalıb. Bu klub mənə hər şeyi verdi. Orada yeddi gözəl il keçirmişəm. Həqiqət budur ki, mən ona ən yaxşısını arzulayıram”, – AS dərgisi Mbappedən sitat gətirir.

Bundan əvvəl mətbuatda, PSJ-nin 2024-cü ilin aprelindən Mbappenin maaşını və müxtəlif mükafatlarını ödəmədiyi barədə məlumat yayılmışdı. Mbappe tərəfinin PSJ-yə borcun ödənilməsi tələbi ilə rəsmi bildiriş göndərdiyi vurğulanıb.

Yeri gəlmişkən, Mbappe PSJ-nin fransalı vingeri Bredli Barkolanın çıxışını şərh edib. Fransalı ulduzun bu barədə fikrini təqdim edirik:

“Barkola üçün şadam, o, əla oğlandır. Ümidvaram ki, qol vura bilmədiyi oyunlardan sonra ona münasibətdə çox sərt davranmayacaqsınız. Bradlinin böyük potensialı var. Gördüyü iş də əladır, amma gələcəkdə daha da yaxşısını edə bilər. Sonuncudan başqa bütün oyunlarını görmüşəm”.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
32
arena.az

10Mənbələr