AZ

Kilian Mbappe “Santyaqo Bernabeu”da debütünü şərh etdi

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın heyətində “Santyaqo Bernabeu” stadionunda debüt oyununu şərh edib.

Arena.az xatırladır ki, fransalı ulduz İspaniya La Liqasının 2-ci turu çərçivəsində “Valyadolid”ə qarşı keçirilmiş oyunda (3:0) “Santyaqo Bernabeu”da “Real”ın futbolçusu kimi ilk oyununa çıxıb.

Vurğulayaq ki, Mbappe məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib, həmçinin fürsətləri boşa verməsi ilə əlamətdar olub və nəticədə azarkeşlər tərəfindən “tənqid xonçası”na qonaq edilib.

“Bu, əla məqamdır, “Santyaqo Bernabeu”da debütümə çox şadam, çünki qələbə ilə başlaya bildim. Əla gecə idi! Tribunalarda dəstək də böyük idi. Bu məqam üçün, komandaya və şəxsən mənə verdiyi dəstəyə görə hamınıza təşəkkür edirəm.

İlk ev oyununda qələbə qazanmaq istəyirdik. İndi biz çox xoşbəxtik və daha çoxunu istəyirik. Belə bir stadionda oynamaq xəyaldır! Cümə axşamı daha bir oyunumuz var və biz yenə də qalib gəlmək istəyirik”, – “Real”ın mətbuat xidməti Mbappedən sitat gətirir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Cari mövsümdə Mbappe “Real” heyətində bütün yarışlarda 3 oyun keçirib və 1 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
32
arena.az

10Mənbələr