AZ

Azərbaycanda yoxa çıxan beş min eşşək müəmması

Eyyub Hüseynov: “Eşşək və atların azalmasının səbəbi onların ətinin əhaliyə satılması ilə bağlıdır”

Azərbaycanda son 1 il ərzində eşşəklərin və atların sayında ciddi azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur.  Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”. Ümumiyyətlə, son 20 ildə Azərbaycanda eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda, 2024-cü ilin məlumatlarına görə, bu rəqəm 14.9 min olub. 

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur. Statistikaya görə, Bakı şəhərində cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir. İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş), işğaldan azad edilən bölgələrə gəlincə,  Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var. 

Azərbaycanda atların sayı azalıb, dəvələrin sayında isə artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2023-cü ildə ölkəmizdə 53076 baş at mövcud olub. Bu rəqəm 2022-ci illə müqayisədə təxminən 6% azdır. Belə ki, həmin il ölkədə 56576 baş at olub. 

Ölkədə atların sayının ən çox olduğu rayon Zaqataladır. Paytaxt Bakı şəhərində isə cəmi 50 at var. Atların sayının daha çox olduğu rayonlar arasında Quba (2528), Cəlilabad (2000), Sabirabad (1799) da var. Eşşəklərin və atların azalması fonunda dəvələrin artmasına səbəb nədir?  

Oxu.az

Zaman-zaman bu məsələ gündəmə gəldikdə aidiyyəti qurumların mütəxəssisləri bildiriblər ki, eşşəklərin sayının azalması tələbatla bağlıdır.  Qeyd edilir ki, ölkəmizdə eşşəkdən yalnız yük heyvanı kimi istifadə edilib, indi isə bu heyvana tələbat yoxdur. Güman ki, təbiətə ötürülən eşşəklər ölüb, qurda-quşa yem olub. O da vurğulanır ki, eşşəyin saxlanılması kəndliyə sərf etmir, çünki atdan fərqli olaraq eşşək daim qayğı tələb edir, soyuğa davamlı deyil, üstəlik, vəhşi heyvanlardan özünü qoruya bilmir. Kəndliyə motosiklet almaq eşşək saxlamaqdan daha asan və ucuz başa gəlir. Eşşəyin satışı da kəndlilər üçün sərfəli deyil.

Bəzi ekspertlərsə hesab edir ki, dünyada qlobal dəyişmələr gedir. Qlobal istiləşmə, yaxud da soyuqlaşma ilə əlaqədar bitkilər, heyvanlar arasında say azalması baş verir. 

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov isə fərqli fikirdədir. O, mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, eşşək və atların azalmasının səbəbi onların ətinin əhaliyə satılması ilə bağlıdır: “Bu sahədə ən mükəmməl iş görən Daxili İşlər Nazirliyinin baş mütəşəkkil cinayətlərə qarşı mübarizə idarəsidir, onlar at ətinin, eşşək ətinin, murdar olmuş heyvan ətlərinin regionlardan daşınmasını ifşa edir. Digər təşkilatlardan fərqli olaraq onlar ekspertiza keçirir, adamları həbs edir, cinayət işi qaldırır. Lakin əhəmiyyətli dövlət orqanının gördüyü işin nəticəsini məhkəmələr alt-üst edir. Çox qısa zamanda həmin insanlar azadlığa buraxılır. Ölkədə at, eşşək, it ətinin satılmasına heç bir qadağa yoxdur. 1963-cü ildə SSRİ dövründə hazırlanmış bir sənəd vardı. SSRİ respublikaları arasında yalnız Azərbaycanda eşşək ətinin yeyilməsi, qiyməti və sairə göstərilirdi. Sonradan öyrəndik ki, bunu ermənilər edib, Azərbaycan xalqını eşşək əti yeyən xalq kimi göstərmək istəyiblər. Azərbaycanda at, eşşək ətinin yeyilməsi ənənəvi deyil. Çox təəssüflər olsun ki, dövlətin bunu qadağan edən heç bir qərarı yoxdur. Dövlət orqanlarına çağırış edirik ki, ənənəvi olmayan ətlərin satışına qadağa qoyulması barədə qərar versinlər. İstisna olunmur ki, at, eşşək əti həm də heyvanxanalara verilir. Lakin Azərbaycanda heyvanxanaların şəbəkəsi də çox genişləndirilməyib. Mən istisna etmirəm ki, dönərxanalarda, bəlkə də prestijli restoranlarda, marketlərdə ətlərə qarışdırılıb, istehlakçılara yedizdirilir. Ona görə də buna dövlət orqanları münasibət bildirməlidir və konkret faktlar deyilməlidir. Bu, insanların sağlamlığında öz mənfi izlərini qoyur. Bu, ifşa olunmalıdır. Məsələ bələdiyyələrin gözü önündə baş verir, kənd axundlarının, müəllimlərin, rayonlarda polis nümayəndələrinin gözü qarşısında baş verir. Bu işdə gözüaçıq olmalıdırlar”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”


Seçilən
170
50
Mənbələr
Şərh ()
Bağla