RU

"Balıqçı" xüsusi əməliyyatı: rusiyalı matros raket gəmisini yandıraraq Ukrayna tərəfinə keçib

"Mən özgə ölkədə döyüşən orduda xidmət edə bilməzdim, hazırda Ukraynadayam, təlim keçib əlimdə silah Putin rejiminə qarşı döyüşəcəyəm..."
 
Rusiyanın Baltik Donanmasının kiçik "Serpuxov" raket gəmisi aprel ayında Ukrayna tərəfinə keçən rusiyalı dənizçi tərəfindən sıradan çıxarılıb. Bu, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) "Balıqçı" xüsusi əməliyyatı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Rusiyaya azadlıq" legionu və "Yaşamaq istəyirəm" layihəsinin birgə mətbuat konfransında rusuyalının özü danışıb. Məlumatı "kurs.com.ua" nəşri yayıb.
 
2023-cü ildən şərti adı "Qoqa" olan rusiyalı matros gizli surətdə Putinin cinayətkar rejiminə qarşı müqavimət göstərmək üçün "Rusiyaya azadlıq" legionuna qoşulub.
 
11 il donanmada xidmət edən və Rusiyanın dövlət sirlərinə çıxışı olan bu rusiyalı uzun müddət ərzində öz həyatını riskə ataraq, Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələri üçün vacib olan məlumatları ötürüb. 
 
Bundan sonra gəmidə olmaq və Kremlə müqavimətin maraqları naminə işləmək təhlükə törətdiyi üçün "Serpuxov" gəmisinin daxilində fəal hərəkətlər planlaşdırılıb və gerçəkləşdirilib", - bunu BKİ-nin mətbuat xidməti məlumat verib və mətbuat konfransından fotolar dərc edib.
 
Hərbi kəşfiyyatçılar danışıb ki, "Balıqçı" xüsusi əməliyyatının nəticəsi olaraq diversiya həyata keçirilib, nəticədə Rusiyanın raket gəmisi daxildən xeyli dağıdılıb, onun rabitə və avtomatlaşdırma vasitələri tamamilə məhv edilib.
 
"Aldığı zədələrdən Rusiya gəmisinin uzunmüddətli və bahalı təmirə ehtiyacı var. Onun döyüş növbəsindən çıxarılması Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələri üçün son dərəcə vacib amildir.
 
"Balıqçı" xüsusi əməliyyatın aktiv fazasından sonra matros "Yaşamaq istəyirəm" layihəsinin mütəxəssisləri tərəfindən Rusiya ərazisindən çıxarılıb. O, özü ilə o cümlədən Rusiyanın hərbi-sənaye kompleksinin vəziyyəti barədə materialları götürüb.
 
"Bu, bizim Baltik Donanmasında ilk əməliyyatımızdır. Düşmən üçün bu, əsl şok və gözlənilməzlik olub. Bu əməliyyatdan sonra Baltik Donanması daxilində yerdəyişmələr, tədqiqatlar və cəzalandırmalar baş verib. Aydındır ki, orada bəzi şəxslərin başı çox ağrıyıb", - BKİ nümayəndəsi Andrey Yusov qeyd edib.
 
"Qoqa" danışıb ki, hal-hazırda o, "Rusiyaya azadlıq" könüllülər legionunun tərkibində döyüşür.
 
"2022-ci ildə tammiqyaslı müharibə başlananda mən şok keçirdim. Xidmət etdiyim gəmidə müharibəyə dəstək verməyən yeganə adam olmuşam. Mən ekipaja bunun doğru olmadığını izah etməyə cəhd göstərmişəm. Cavabında "Krım-2", "Ukraynanın faşistlərdən azad edilməsi" barədə fikirlər eşitmişəm.
 
Mən bununla qətiyyən razı deyildim, özümü Rusiya ordusunda görmək istəmirdim. Ona görə də tərxis olmağa cəhd etdim, özgə ölkədə döyüşən orduda xidmət edə bilməyəcəyim barədə raport yazdım, komandir şokda idi.
 
Mən məhkəmə yolu ilə tərxis olunmaq istədim, amma alınmadı. Mən məyusluq içində oldum.
 
İndi Ukraynadayam, təlim keçib əlimdə silah Putin rejiminə qarşı döyüşməyə başlayacağam", - sabiq rusiyalı matros Kiyevdə mətbuat konfransında deyib.
 
"Serpuxov" "Buyan-M" 21631 layihə seriyasından olan raket gəmisidir. 2015-ci ildə istismara verilib, seriyanın beşinci gəmisidir.
 
2023-cü ilin dekabrına olan məlumata görə, Rusiyada bu layihədən olan 11 gəmi təhvil verilib. Daha bir gəmi inşa edilməkdədir.
 
21631 layihədən olan hər bir gəmi səkkiz "Oniks" qanadlı raket üçün şaquli buraxılış qurğusu ilə təchiz edilib. 
 
Perspektivdə 1500, bəzi mənbələrə görə 2000 km-dək məsafədə yerüstü hədəflərə zərbələr endirməyə imkan verən "Sirkon" və "Kalibr" raketlərinin tətbiqi gözlənilir. Gəmiəleyhinə "Kalibr" raketləri 500 km məsafədə dəniz hədəflərini məhv edə bilir.
 
Əvvəlcə "Serpuxov" Rusiyanın Sevastopoldakı Qara dəniz Donanmasına aid edilib, sonradan Baltik donanmasına verilib.
Избранный
95
47
moderator.az

10Источники