RU

Adı rüşvətdə hallanan Avropa Parlamenti

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq təsisatların əksər hallarda haqqın yanında deyil, gücün yanında olduğu dəfələrlə isbat edilən reallıqdır. Bununla belə, özünü dünyaya haqq-ədalət qoruyucusu, ötürücüsü kimi təqdim edən bu qurumlar digər dövlətlərə qarşı təsiredici gücünü saxlamaq üçün çapalamaqdan əl çəkmir və ikilistandartlı yanaşmaları ilə birmənalı olmayan reaksiyalarla üzləşirlər. Bu fonda Avropa Birliyi dövlətlərinin Ermənistanın Azərbaycana qarşı işğalı dövründə sərgilədiyi mövqe ortadadır. Bütün bunlar azmış kimi, bu qurumun ayrı-ayrı təsisatlarının hansısa sifarişləri icra edərək istədikləri ölkəyə qarşı qərəzli qətnamələr qəbul etmələri, eləcə də əmrlərinə boyun əyməyən müstəqil dövlətləri qaralamaq üçün atdığı addımlar var. İçində olan rüşvət, korrupsiya halları Avropa Parlamentinin ikiüzlü, qərəzli siyasətinin mahiyyəyini bir daha ortaya qoyur. Azərbaycana qarşı qərəzli qərarlar qəbul edən Avropa Parlamentinin qərəzli və etibarsız qurum olduğunu hələ Ermənistanın işğalçılıq siyasətinə qarşı sərgilədiyi, yaxud susqun ədaları ilə müşahidə etmək çətin deyildi və bütün bunlar Avropa Birliyinin bu kimi strukturlarına qarşı birmənalı olmayan yanaşmaları formalaşdırır.

 Avropa Parlamentində korrupsiyanın, rüşvətin aşkar olunması faktı bu təsisatlarla bağlı hansı reallığı ortaya qoyur? Avropa Parlamentində baş verən rüşvət qalmaqalları onun başqa ölkələrə nə dərəcədə örnək ola biləcəyi məsələsini də gündəmə gətirir.

Millət vəkili Fazil Mustafa qeyd edir ki, Avropa Parlamentində ortaya çıxan rüşvət qalmaqalı birinci dəfə deyil. Onun sözlərinə görə, Avropa Parlamenti guya başqa ölkələrdə rüşvətxorluq ovuna çıxıb, amma özündəki bu problemləri tənzimləyə bilmir.

“Bu cür  hallar Avropa Parlamentinin mahiyyətinin nə qədər biabırçı vəziyyətdə olduğunu göstərir. Lobbiçilik alətinə çevrilmiş Avropa Birliyinin Parlament Assambleyasında təmsil olunan nümayəndələri haradan olursa olsun müəyyən vəsaitləri qamarlayıb ölkələrin, qrupların maraqlarına xidmət edən çıxışlar edir, qərarlar qəbul edirlər. Ona görə də Avropanın rüşvətin daha çox tüğyan etdiyi məkan kimi görünməsi səbəbsiz deyil”.  

F.Mustafa hesab edir ki, belə məsələlərin üzə çıxarılması, bu qurumların həm də əsas məziyyətlərdən uzaq olduğunu göstərən əsas amilllərdən biridir: “Avropa Parlamentinin, əslində, heç bir nümunəvi tərəfi yoxdur. Bu, Avropa məkanında bu cür təsisatlara nə dərəcədə adi baxıldığını da göstərir. Bu, onların bundan sonrakı dürüstlüyünü, korrupsiya, başqa mövzularda qəbul edəcəyi qərarları da şübhə altına salır”.

Milli Məclisin deputatı Kamilə Əliyeva bildirir ki, Avropa Parlamentində baş alıb gedən korrupsiyanın aşkar edilməsi, araşdırmaların aparılması bu təşkilatın nə qədər korrupsiyalaşmış, riyakar bir qurum olduğunu dəfələrlə sübuta yetirib. Onun sözlərinə görə, son olaylar ilk hadisə olmadığına görə təşkilatdakı parlamentarilərin simasızlığını ortaya çıxarır: “Azərbaycana qarşı vaxtaşırı qərəzli, saxta qətnamələrin qəbul edilməsinə səs verən avropalı diplomatlar erməni lobbisinin pullarının quluna çevriliblər. Özlərini demokratiyanın təəssübkeşləri adlandıran, digər dövlətlərə demokratiyadan dərs keçmək istəyən nə Avropa Parlamentində, nə də Avropa İttifaqının özündə demokratik dəyərlərdən əsər əlamətin olmadığını bir daha üzə çıxarmaqdadır.  Bu təşkilatın nizamnamə və əsasnamələrində Avropa İttifaqına üzv dövlətlərin hamısının eyni hüquqa malik olması qeyd edilsə də, bütün strukturlardakı rəhbər vəzifələr Fransa və bu dövlətə yaxın ölkənin əlində cəmləşib, digər dövlətlər isə uzaq tutulurlar. Bir sıra Avropa dövlətlərinin liderləri Avropa İttifaqının gələcəyi olmayan bir təşkilat olduğunu vurğulayırlar”.

K.Əliyeva son dövrlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına doğru addımların atıldığı bir məqamda Avropa Parlamentində, Fransa və Niderlandda ölkəmizə qarşı təxribatlar artdığını, cəfəng bəyanatlar səsləndirilməsini bu qurumun qərəzli simasının göstəricisi kimi qeyd edib.  O, eyni zamanda, Ermənistandakı revanşistlərin həmin qurumdakı maraqlı dövlətlərin əlində alətə çevrildiyini deyib..

“Məqsəd Cənubi Qafqazda yeni müharibə ocağının yaradılmasıdır və Avropa Parlamentində  bir çox parlamentarilərin ələ alınması həmin siyasətin tərkib hissəsidir.  Avropa Parlamentində qəbul olunan qərarların Avropanın özündə belə icra edilməməsi təşkilatın heç bir nüfuza malik olmamasından xəbər  verir. Azərbaycan üçün də bu qərar və qətnamələrin heç bir əsası yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi tək region üçün deyil, bütün dünyadan ötrü  əhəmiyyətli dövlətə, kifayət qədər gücə  və qüdrətə malik respublikaya çevirib. Azərbaycan kimliyindən asılı olmayaraq, bütün təxribatlara, bəyanatlara layiqli cavab verəcək”.

Politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Avropa Parlamentində yeni rüşvət qalmaqalı bu beynəlxalq təsisatın legitimliyini sıfıra endirib. Onun sözlərinə görə, Avropa Parlamentində korrupsiyanın olması faktı dəfələrlə ortaya çıxıb: “Avropa Parlamenti lobbiçilərin mərkəzidir və bunlar korrupsiya, rüşvətlə məşğuldur. Avropa Parlamenti məhz ermənilərin verdiyi rüşvət müqabilində anti-Azərbaycan qətnamələri qəbul edib”.

Politoloq hesab edir ki, Avropa Parlamentində oturanlar, əsasən, fransamənşəli deputatlardır və onlar digər ölkələrin sifarişlərini yerinə yetirib pul qazanırlar: “Avropa Parlamenti özünün legitimlik hüququnu itirb. Sadəcə olaraq bir qrup rüşvətxorun, lobbiçilərin mərkəzinə çevrilib. Ona görə də rüşvət qalmaqalı Avropa Parlamentinin fəaliyyətində həmişə olacaq”.

Избранный
159
50
hafta.az

10Источники