RU

İran və Ermənistanla həmsərhəd olan Zəngilan mühüm strateji əhəmiyyət daşıyırŞƏRH

İran

Bakı, 20 oktyabr, AZƏRTAC

20 Oktyabr - Zəngilan Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz zəfər yürüşünü davam etdirən rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də Zəngilanı 27 illik düşmən işğalından azad etdi. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Vətən müharibəsinin 24-cü günü Ali Baş Komandanın “Zəngilan bizimdir! Qarabağ bizimdir!” xəbərini verməsi bütün Azərbaycan xalqını bir daha sevindirdi və qürurlandırdı, Ordumuzun qüdrətini dünyaya nümayiş etdirdi.

Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Zəngilan rayonunun qədim Azərbaycan torpağı olan Zəngəzurun mühüm və strateji əhəmiyyətə malik bölgəsi adlandıran deputat əlavə edib: “Erməni işğalçıları hələ 1918-1920-ci illərdə Zəngəzurun işğalına cəhd göstərsələr də, istəklərinə nail ola bilmədilər. Azərbaycan 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra erməni millətçiləri bolşeviklərin köməyi ilə öz mənfur niyyətlərini həyata keçirməyə nail oldular. Belə ki, bolşeviklərin təkidi ilə qədim Azərbaycan torpağı olan Zəngəzur qəzası iki hissəyə bölünərək onun yuxarı hissəsi Ermənistana verildi. XX əsrin sonlarında Azərbaycan torpaqlarını ələ keçirmək üçün yeni fürsət əldə edən Ermənistan Şərqi Zəngəzura – Laçın, Qubadlı və Zəngilan rayonlarına hərbi təcavüz etdi. Tam mühasirə şəraitində 67 gün ölüm-dirim mübarizəsinə qalxan zəngilanlılar son ana qədər düşmən qüvvələri ilə vuruşdu, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçib, İran ərazisi vasitəsilə xilas ola bildilər. Beləliklə, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da havadarlarının dəstəklədiyi Ermənistan tərəfindən işğal olundu.

Böyük tarixi keçmişə, mədəni irsə və zəngin təbii sərvətlərə malik olan Zəngilan rayonu 27 illik düşmən işğalı nəticəsində tamamilə dağıdıldı və xarabazara çevrildi. Azərbaycanın mədəni irsinə və təbiətinə qarşı qənim kəsilmiş erməni işğalçıları rayonda olan tarixi-memarlıq abidələrini, qəbiristanlıqları vəhşicəsinə dağıdıb, ekologiyaya ciddi zərər vurdular. Rayonun ərazisində mövcud olmuş 6 tarixi-dini abidə, 19 ziyarətgah, 17 tarixi memarlıq abidəsi erməni vandalizminin qurbanı olub. Zəngilanın qəsəbə və kəndlərini tamamilə dağıdan düşmən, rayonun təbiətinə də divan tutaraq onun təbii sərvətlərini amansız şəkildə talan edib”.

Vasif Qafarov qeyd edib ki, Zəngilan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildikdən sonra rayon ərazisi geniş tikinti-quruculuq meydanına çevrilib. İllərlə düşmənin rayona vurduğu yaralar Azərbaycan dövlətinin, eyni zamanda, Heydər Əliyev Fondunun yaxından dəstəyi ilə tədricən sağalır, Zəngilan yenidən öz keçmiş əzəmətini və şöhrətini geri qaytarmağa başlayır. Bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi Zəngilanda icra edilən ilk pilot layihəyə əsasən rayonun Ağalı kəndində 200 evdən ibarət müasir “ağıllı kənd” inşa edilib, 2022-ci ilin may ayında ilk sakinlər doğma torpaqlarında məskunlaşıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni, 871 nəfərin məskunlaşması təmin olunub. Əhali üçün bütün infrastruktur şərait təmin edilib.

Qısa müddət ərzində rayonda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyətə başlayıb. Zəngilan şəhərinin Baş planı təsdiq edilib və yaşayış binalarının tikilməsinə başlanılıb. 2025-ci ildə şəhərə ilk sakinlərin köçürülməsi planlaşdırılır. Milli-mənəvi irsimizin qorunmasına və inkişaf etdirilməsinə daima qayğı ilə yanaşan Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi bərpa olunub.

Zəngilan rayonunda yaşayış layihələri ilə yanaşı, həm də paralel olaraq pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” layihəsi əhalinin məşğulluğunun təmin edilməsi, habelə Azərbaycanın qida təhlükəsizliyinə mühüm töhfə verəcək.

“Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun mühüm strateji əhəmiyyətini xüsusi vurğulayaraq burada aparılan tikinti-quruculuq işlərini bilavasitə diqqət mərkəzində saxlayır. Müzəffər Ali Baş Komandan 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra keçən dövr ərzində dəfələrlə rayon ərazisinə səfər edib, aparılan işlərlə yaxından tanış olub. Prezident İlham Əliyev 2021-ci ildə 4 dəfə, 2022-ci ildə 2 dəfə, 2023-cü ildə 3 dəfə, 2024-cü ildə isə 2 dəfə Zəngilan rayonuna səfər edib, mühüm infrastruktur, yaşayış, mədəni, aqrar, biznes və sair layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

Zəngilanın işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi də işğaldan azad edilib və tam bərpa olunub, Azərbaycan sərhədçiləri bu sərhəd xəttində də keşik çəkir. Bu, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində çox mühüm addım kimi qiymətləndirilməlidir.

İran və Ermənistanla həmsərhəd olan Zəngilan həm də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun üzərində yerləşdiyinə görə mühüm strateji əhəmiyyət daşıyır. Rayonda həyata keçirilən logistik layihələrdən biri olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu sərnişinlərin və yüklərin daşınması, Naxçıvanın ölkəmizin qərb rayonları ilə birləşdirilməsi baxımından böyük strateji əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizləri üzərində yerləşən Zəngilanda Beynəlxalq Hava Limanının inşası da həyata keçirilən işlərin mühüm bir qismini təşkil edir.

Mühüm nəqliyyat qovşağı olan Zəngilanın Zəngəzur dəhlizi üzərində yerləşməsi onun strateji əhəmiyyətini daha da artırmaqdadır. Zəngilanı Naxçıvanla ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin açılması Naxçıvanı illərlə yaşadığı blokada şəraitindən çıxaracaq, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngəzur dəhlizinin açılması, eyni zamanda, bütün region ölkələri üçün yeni iqtisadi perspektivlər yaradacaq. İnanırıq ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq”, - deyə deputat vurğulayıb.

 

Избранный
17
1
azertag.az

10Источники