AZ

Azad Zəngilan – Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub. Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Deputatın sözlərinə görə, Zəngilan rayonu Ermənistan tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıblar. Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazıb. Ordumuz İkinci Qarabağ müharibəsi zamanı uğurlu hərbi əməliyyatlar nəticəsində 4 il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb.

“Qırx dörd günlük müharibə başa çatandan sonra isə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunun da yeni dövrü – bərpa və quruculuq dövrü başlayıb. Zəngilan rayonunda da bərpa layihələri bir neçə istiqamətdə aparılır. Əsas istiqamətlərdən biri zəruri infrastrukturun yaradılmasını əhatə edir. Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Zəngilana səfərə gələrək burada ayrı-ayrı layihələrin icrasına başlanılması mərasimlərində iştirak ediblər. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa məhz Zəngilan rayonunda start verilib. 2022-ci ildə rayonun Ağalı kəndində müasir yanaşmalar əsasında inşa olunan ilk “Ağıllı kənd”ə artıq bir neçə mərhələdə sakinlərin köçürülməsi təmin olunub. İyirmi yeddi il ərzində ağır məcburi köçkünlük həyatı yaşayan sakinlər yeni evlərdə hər cür şəraitlə təmin edilib. Eləcə də, strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.

Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz də yüksək qiymətləndirib. Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi qulluqçuları Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə medallarla təltif ediliblər. Xalqımız bizə zəfər sevinci yaşadan qəhrəman oğullarımızla hər zaman qürur duyur”, – deyə Fatma Yıldırım vurğulayıb.

Seçilən
1
2
xalq.az

10Mənbələr