AZ

“Zəngilan şəhəri böyük quruculuq meydanına çevrilib” - Vüqar Rəhimzadə

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti  sayəsində Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il keçir. Vətən müharibəsinin hər günündə Müzəffər Ali Baş Komandandan torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qələbə ünvanlı xəbərlər alan xalqımıza 2020-ci il oktyabrın 20-də  növbəti müjdə çatdırıldı.

Təbii ki, hər bir kəndin, hər bir qəsəbənin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan təmizlənməsi yüksək peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində məhz bu yüksək keyfiyyətləri nümayiş etdirdi. Ümumiyyətlə, 44 gündə 30 il davam edən işğala son qoymaq özündə bütün məqamları birləşdirir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib. vakansiyalar

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncamına əsasən,  20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Hər bir Şəhər Günü həm 30 illik işğal, həm  44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Belə bir  tələbi bir daha xatırladır ki, indiki və gələcək nəsillərə bu reallıqlar barədə dolğun məlumatlar verilməli, tariximizin hər bir səhifəsi daim  vərəqlənməlidir. Dövlət başçısı İlham Əliyevin  çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir.

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından da bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan  İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim belə bir əminliyi də ifadə edirdi ki, bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir.  Dövlətimizin başçısı xalqa 20 oktyabr 2020-ci il tarixli müraciətində qeyd etmişdi ki, biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.

Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici faktdır ki, bu gün artıq bu reallıqların şahidiyik. Bütün azad edilmiş ərazilərimiz yüksək səviyyədə bərpa edilir, bu torpaqlarda  yaşayacaq soydaşlarımız üçün hər cür imkan və şərait   yaradılır. Artıq doğma yurdlarına  qovuşmuş keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi bu günün əsas prioritetləri sırasındadır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə hər bir səfərlərində  açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin  say tərkibinə  diqqət yetirsək bu reallığı  aydın şəkildə görərik. Azad edilmiş hər bir bölgənin malik olduğu iqtisadi potensial yeni istehsal sahələrinin yaradılmasında əhəmiyyətli rol oynayır.

Milli Məclisin deputatı bildirib ki, bununla bağlı birinci pilot layihə Zəngilanın Ağalı kəndində  icra edildi. Burada 200 evdən ibarət müasir tələblərə cavab verən  kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Bu “ağıllı kənd”də məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın və Şərqi Zəngəzurun  yaşıl enerji zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq Zəngilan şəhərinin Baş planı  təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış məntəqələrinin salınması layihəsi icra edilməkdədir. 2025-ci ildə  Zəngilan şəhəri ilk sakinlərini qarşılayacaq.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, ötən il Zəngilan şəhərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Birinci tədbir Ağdam şəhərində keçirilmişdi. Hər iki tədbir işğaldan azad edilmiş ərazilərdə görülən işlərin şəhərsalmanın müasir təcrübəsi olduğunu dünyaya çatdırdı. Bütövlükdə atılan hər bir addım Zəfərimizin əbədiləşdirilməsinə, Böyük Qayıdış Proqramının tam tərkibdə uğurla başa çatmasına xidmət edir. Bu gün işğalçılardan təmizlənmiş  bütün torpaqlarımız, o cümlədən Zəngilan şəhəri böyük quruculuq meydanına çevrilib.


Telegram kanalımız
Seçilən
1
7
yenisabah.az

10Mənbələr