AZ

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesinə Zəngilan böyük töhfə verəcək



Bu gün ən yeni tariximizin şərəf səhifəsi olan 44 günlük Vətən müharibəsinin əlamətdar günlərindən birini qeyd edirik. Zəfər tariximizin həlledici hadisələrinin biri kimi tarixə düşən Zəngilanın təcavüzkar Ermənistanın işğalından azad edilməsindən 4 il ötür. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də mənfur erməni işğalından azad edilib. Həmin gün Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi də erməni qəsbindən azad olunub. Azad edilən ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.

44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Biz dörd il əvvəl bu gün Şanlı Ordumuzun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə ilk məlumatı dövlət başçımızın xalqa müraciətindən eşitmişdik. Belə ki, Prezident İlham Əliyev sözügedən müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndlərinin işğaldan azad edildiyini bildirməklə yanaşı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qazilərimizin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhərinin və eləcə də Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Zəngilanın işğaldan azad edilməsinin əsas strateji əhəmiyəti də ilk növbədə bununla bağlıdır. Ordumuzun sərhədə çıxması ilə 27 illik işğal dövründə rayonun zəngin təbii sərvətlərinin barbar ermənilər tərəfindən talanaraq Ermənistana və xarici ölkələrə daşınmasına son qoyulub. Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhədin bərpa edilməsi həyata keçirilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi sərhəd-istehkam, mühafizə işlərinin görülməsi təmin olunub.

Zəngilanın işğaldan azad edilməsi mənfur düşmənin cəzalandırılmasının növbəti uğur səhifəsi oldu. Prezident İlham Əliyev xalqımıza müraciətində bu məqama toxunaraq öz missiyamızı layiqincə yerinə yetirdiyimizi bildirmişdi: “Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.

İşğal illərində Azərbaycanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan zəngilanlılar və bütün xalqımız Zəngilan rayonunun işğaldan azad edilməsi xəbərini böyük coşqu ilə qarşıladı. Beləliklə, ağrı-acılı günlərin biri də tarixə çevrildi. 1993-cü ilin 29 oktyabr tarixinin Zəngilan rayonunun işğal günü kimi qeyd olunması geridə qaldı. Dünyanın böyük güclərinin Ermənistana açıq-aşkar havadarlığı nəticəsində Zəngilanın 27 il davam edən işğalına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Vətən müharibəsində son qoyulması ən yeni tariximizin qızıl səhifələrindən birinə çevrildi.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb. Cənab Prezidentin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq iki ildir ki, oktyabrın 20-si Zəngilan Şəhəri Günü olaraq qeyd olunur. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi kimi və ərazi bütövlüyümüzün təmin edilməsinin qan yaddaşımızda yer alması baxımından olduqca önəmlidir. Strateji əhəmiyyətli Zəngilan şəhərinin düşmən tapdağından azad edilməsi əsgərlərimizə yeni ruh verdi, düşmən üzərində psixoloji üstünlüyümüzü daha da artırdı və növbəti əməliyyatlar üçün böyük stimul oldu. Zəngilan uğrunda döyüşlər Silahlı Qüvvələrimizin əsl qəhrəmanlıq nümunəsi, şəhidlərimizin fədakarlıq mücəssəməsidir.

Əlamətdar haldır ki, Vətən müharibəsinin başa çatmasından sonra “Böyük Qayıdış” Proqramının icrasına da ilk olaraq məhz Zəngilandan, məşhur Ağalı kəndindən başlanıldı, birinci pilot layihə Ağalı kəndində icra olundu, 200 evdən ibarət müasir tipli (“ağıllı kənd”) yaşayış məntəqəsi salındı. Bu gün Zəngilanın müxtəlif istiqamətlərində böyük quruculuq-bərpa işləri gedir. Zəngilanda pilot yaşayış layihəsi ilə bərabər, həmçinin pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafında və turizm mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayacaq. Eləcə də Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesinə də Zəngilan böyük töhfə verəcək.

Biz inanırıq ki, hazırda erməni vandalizminin izlərindən sürətlə təmizlənməkdə və yenidən qurulmaqda olan Zəngilan yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun ən qabaqcıl inkişaf mərkəzlərindən birinə çevriləcək. Bütün Zəngilan sakinlərini 20 Oktyabr - Zəngilan Şəhəri Günü münasibətilə təbrik edirik. Doğma yurdlarınıza qayıdışınız mübarək olsun, əziz zəngilanlılar!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
15
50
newscenter.az

10Mənbələr