RU

Serjio Oliveyra “Qalatasaray”ı “Qarabağ”ın rəqibinə dəyişdi

Türkiyə çempionu “Qalatasaray”ın portuqaliyalı yarımmüdafiəçisi Serjio Oliveyra Yunanıstanın “Olimpiakos” komandasına keçib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biri olan “Olimpiakos” 32 yaşlı mərkəz yarımmüdafiəçisini azad agent kimi heyətinə qatıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.

Serjio Oliveyra “Portu”nun yetirməsidir. Karyerası ərzində “Beyra-Mar”, “Mexelen”, “Penafiel”, “Pasuş de Ferreyra”, “Nant”, PAOK, “Roma” kimi klublarda da oynamış yarımmüdafiəçi 2022-ci ildən “Qalatasaray”da çıxış edirdi. O, İstanbul klubunun heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə verib, Türkiyə çempionu olub.

Serjio Portuqaliyanın bütün yaş qrupları üzrə yığmalarında oynayıb. 2018-ci ilin sentyabrında əsas millidə debüt etmiş futbolçu 13 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Qalatasaray” İtaliyanın “Napoli” klubundan icarəyə götürdüyü Viktor Osimhenin keçidini də rəsmən açıqlayıb. İstanbul təmsilçisi nigeriyalı forvardla 1 illik icarə müqaviləsi imzalandığını bəyan edib. Klub oyunçuya bir mövsüm üçün 6 milyon avroluq maaş ödəyəcək. “Napoli”yə heç bir ödəniş edilməyəcək.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
6
arena.az

8Источники