AZ

Toyda da, yasda da zəhərlənirik: bəlkə yeməyək?..

Bununla razılaşmayan çox adam olacaq. Məsələn, ilkin olaraq restoran sahibləri, hansı ki, toylarda insanlara sırıdıqları təzəli-köhnəli yeməklərlə milyonlar qazanırlar. İkinci olaraq isə mollalar razılaşmayacaq. Çünki onlar yas mərasimlərində yeməyin ən gözəl hissəsini yeyir və evlərinə isə yas süfrəsində olan bütün naz-nemətlərlə dolu çanta isə gedirlər. Belə isə, nə üçün “bəlkə yeməyək?,- çağırışımıza razı olmalıdırlar ki?..

Bəs nə edək? Elə məsələ də budur. İnsanlar iştirak etdiyi toy və yas mərasimində nə üçün zəhərlənir? Toya kiminsə xoş gününü bölüşməyə gedirsən, yoxsa zəhərlənməyə? Bəs yasa, kiminsə kədərini bölüşməyə, acı günündə onun yanında olmağa gedirsən, yoxsa zəhərlənməyə? Deməli, yeməyə ehtiyac yoxdur. Bu barədə danışaq.

Toylarımız: israfçılığın ifrat zirvəsində

Biz toyları o vəziyyətə gətirib çıxarmışıq ki, artıq israfçılıq son həddə çatıb. Sanki “kimin süfrəsi daha zəngin olacaq” yarışına girmiş, bundan istifadə edib qiymətləri hər gün bir az da bahalaşdıran, yeri gələndə isə köhnə yeməkləri də menyulara əlavə edən restoran sahiblərinin toruna düşmüşük.

Belə olan yerdə gözəl ənənələr ilə zəngin olan ötən illərin toylarını xatırlamalı oluruq. Harada qaldı o toylar? Heyf o toylardan. Yeməklə deyil, ənənələrlə, adətlərlə zəngin olan toylar.

Ev şəraitində keçirilirdi o toylar. Lakin heç vaxt bir adam belə zəhərlənmirdi. Çünki toy üçün alınan bütün ərzaqlar yeni olurdu. Hamısı bir gün əvvəl bazardan alınırdı. Toy üçün aylar öncədən bəslənən heyvan kəsilir, ət soyudulur, toy evinin və qonşuların soyuducusuna yığılırdı. Beləliklə, toyda nə istifadə olunurdusa, hamısı təzə-tər olurdu. Yeməklər də ki, iki növdən atıq olmazdı. Buna görə də zəhərlənmək ehtimalı sıfır olurdu.

Lakin müasir toylarda süfrəyə o qədər nemət düşülür ki, insan da istər-istəməz onların hər birindən bir tikə yemək istəyir. Belə olan halda isə bəlkə də yemək və salatların hər biri təzə ola bilər, lakin üst-üstə yeyilənlərin bir-biri ilə reaksiyası zəhərlənmə yaratmaq gücünə malik ola bilir.

Bütün bunları illərlə görə-görə yenə də toy süfrələrini zənginləşdirə-zənginləşdirə gedirik. Bu isə toylarda israfçılığın ifrat dərəcəyə gəlib çıxmasına səbəb olub. Restoran sahiblərinə də bu, təbii ki, sərf edən bir məsələdir. Masa üzərində artıq qalanlar sabahkı toyda istifadə olunur. Udan restoran sahibləri, uduzan isə köhnə yeməklə qidalanıb zəhərlənən bizlər oluruq.

Avqust ayının ötən günlərində həm toy, həm də yas mərasimində zəhərlənmələrin olması onun göstəricisidir ki, masa üzərinə sağlam yemək qoyulmur. İnsanların kütləvi şəkildə zəhərlənməsi dediklərimizi təsdiqləyən faktdır.

Yasda da zəhərlənməyə başladıq

Dəfələrlə toylarda zəhərlənmə halları ilə qarşılaşmışıq. Dəfələrlə mətbuat bu barədə xəbər verib, aid qurumlar tərəfindən köhnə yeməkləri təqdim edən restoranlara cərimələr tətbiq olunub, sonra ağılları başlarına gəlsə də, görünən odur ki, belə hal yenə də baş verir. Çünki toylarda israfçılığa özümüz şərait yaradırıq. Əslində restoran sahiblərinin bu məsələdə günahı bizdən azdır.

Yas mərasimində isə zəhərlənmə halı çox nadir şəkildə qarşılaşdığımız bir haldır. Çünki ölüm qəflətən baş verir. Ani halda da hazırlıqlar başlanır, ehsan bişirilir. Burada köhnə ərzaq məsələsi bir qədər düşündürücü ola bilər. Lakin fakt odur ki, biz bu məsələdə də ətraflı məlumata sahib deyilmişik. Ötən həftələrdə yas mərasimlərindən birində kütləvi şəkildə zəhərlənmə baş verməsi, “halva ilə çay içmişik” deyənlərin mədəsində əslində bozbaşın müəyyən edilməsi onun göstəricisidir ki, biz özümüzü aldadırıq. Axı yediyimizi gizlətməklə həmin bozbaşın hansı şəraitdə bişirilməsini, təzəlik və köhnəlik dərəcəsinin necə olduğunu da gizlətmiş oluruq. Bununla kiminsə səhvini, acgözlüyünü ört-basdır etmiş oluruq. Və sabah həmin yemək hazırlayanların başqa yas mərasimlərində də köhnə ərzaqlardan istifadə etməsinə şərait yaradırıq.

Nə üçün çox yeyirik?..

Maraqlıdır, axı nə üçün biz çox yeyirik? Dünyanın bir çox ölkələrində istər toy, istərsə də yas mərasimi olsun, yemək verilmir. Toyda insanlar yığışıb xoş günü birlikdə qeyd edir, yasda isə hər kəs birlikdə mərhumun yaxınlarının yanında olmağa, onlara təsəlli verməyə çalışır.

Biz isə toylarımızda elə süfrələr açırıq ki, təsadüfən xarici ölkələrdən qonağımız olan insanların necə deyərlər, gözü kəlləsinə çıxır ki, bu qədər də israfçılıq olar. Lakin biz nə edirik, nəzər salsaq görərik ki, hər il toy süfrələrinin menyularını artıra-artıra gedirik. Bir-birimizlə bəhs edə-edə min arşın quyunun dibinə düşməli, banklara illərlə kredit ödəməli olsaq da, qonşudan geri qalmamaq prinsipindən vaz keçmirik.

Nə üçün biz çox yeyirik?.. Toyda da, hətta yasda da sanki yemədən məclisin yola verilməsinin mümkün olmadığını düşünürük. Həmişə toy və yas mərasimlərindəki israfçılıqdan söz düşəndə bəzi insanlar deyir ki, əşi, ehsansız yas olar? Toyun yaraşığı yeyib-içməkdir. Bax, nə qədər ki, bu təfəkkürə malik insanların təxəyyülündə hələ də bir dəyişiklik baş verməyib, toy və yas mərasimlərində israfçılıq gündən-günə artacaq, eyni zamanda da zəhərlənmələr.

Hərdən qonşu Türkiyədə toy mərasimlərinin nə qədər sadə keçirilməsi barədə söhbət düşür. Bu toylarda gəlin və bəyə verilən hədiyyələr yeni ailə quran gənclərin həyatında böyük rola malik olduğu halda, bizdə toy məclisində yığılan pul tamamilə restorandakı yemək süfrələrinə xərclənir. Toy sahibi məclisin sonunda yığılan pulları dəstələyib restoran sahibinə verib oradan əliboş evə yollanır. Danışanda da, əşi, Türkiyədəki toylardan toy çıxmaz, o toyda ki, yeyib-içmədin, məgər o, toydur, deyənlər olur.

Lakin görünən odur ki, Türkiyədə toylarda yığılan qızıl-pul gənc ailənin evində çatışmayan əşyalara sərf olunur, onların yaxşı, təminatlı yaşamasına yönəldilir, bizdə isə restoran sahiblərinin daha da yaxşı yaşamasına, işini daha da genişləndirməsinə.

Toy sahibi restorandan evə qayıdandan sonra səhəri gündən problemlər başlayır. Kreditlə alıb qızına verdiyi cehizin, gəlin üçün alınan zinət əşyalarının ödənişləri onu hər ay gözləyir. Toy bitir, nəvələr dünyaya gəlir, 2-3 yaşına çatırlar, lakin kredit hələ ki, bitmək bilmir. Bizim banklar da ki, bax, belə həriflər axtarır ki, öz tələsinə salsın. Kreditlərə elə bir faiz tətbiq olunur ki, ta sən olursan, bankın qulu, köləsi, illərlə bu faizin altından çıxa bilmirsən. Bir ağır yük kimi bu faizlər qəddini əyir, nəfəsini kəsir. Bu da olur çox yeməyin sonu...

Eləcə də yas mərasimlərimiz, nə üçün bu qədər israfçılıq edirik? Nə üçün bir stəkan çay, halva ilə kifayətlənmirik? Hökmən süfrədə min bir naz-nemətin olmasını arzulayırıq. Əvvəllər yas mərasimləri indikindən qat-qat sadə idi. O mənada ki, bir növ yemək olardı, bir də halva, çay. Lakin indi bunu hər kəs görür, məncə sadalamağa dəyməz. Tək onu deyim ki, yas mərasimlərində açılan süfrələri də eynilə toy süfrələrinə bənzətmişik. Görəsən çox yeyəndə nə olur ki?..

Nəticə heç də ürəkaçan deyil

Bizim toy və yas məclislərimizlə əlaqədar bir qənaətə gəlməyimiz vacibdir. Bunu inzibati şəkildə kimsə tətbiq etməyəcək ki, bizə. Özümüz ictimai şəkildə bu məsələlərə bir çözüm tapmalıyıq. Necə ki, əvvəllər el ağsaqqalları var idi, onların toy üçün də, yas üçün də tövsiyələri, göstərişləri var idi, heç kim də bu “qanunlardan” kənara çıxa bilmirdi, indi də ağsaqqallar, ağbirçəklər var. Hərçənd ki, indi böyük sözü dinləyən çox az adam qalır, lakin yenə də gec deyil. Onların məsləhəti ilə yas və toy mərasimlərini qaydaya salmağın vaxtı çatıb. Bu qədər israfçılıq, bu qədər dəbdəbə nəyə lazımdır? Qoy sadə şirniyyatlı süfrələr toylarımızın bəzəyi olsun. Qoy halva və çay yas mərasimlərində ehsan olsun. Toyda sevinək, deyək-gülək, rəqs edək, yeməyə çox vaxt ayırmayaq. Kişilər spirtli içki içib, camaatın qız-gəlininin gözü qarşısında hoqqabazlıq etməsin.

Yaslarda isə mərhumun adına bişirilən halva ilə bir stəkan çay içib, ev sahibinin könlünü xoş etmək olar. Lazımdır ki, əzizini itirən insanın yanında olasan, onunla acılarını bölüşəsən. Axı atalarımız yaxşı deyib ki, sevinci paylaşarsan, çoxalar, kədəri paylaşarsan, azalar. Belə isə, yemək istər toy, istərsə də yas mərasimlərimizdə önəmli rol oynamır.

Elə bütün bunlara görə də gəlin az yeyək. Az yeyək ki, israf etməyək. Az yeyək ki, kreditə girməli olmayaq. Az yeyək ki, yeni qurulan ailələrə dəstək ola bilək. Və ən əsası, az yeyək ki, zəhərlənməyək. Ən dəhşətlisi də budur, zəhərlənmə ölümlə də nəticələnə bilər. Bəs bu zaman həmin krediti kim ödəyəcək? Axı biz artıq tək toylarımız üçün deyil, qonşunun verdiyi ehsandan mütləq dədə-nənəmizə vermək üçün də kreditin altına çiynimizi veririk.

Nə isə, gəlin az yemək barədə düşünək... Ağsaqqal-ağbirçəklərin başımıza ağıl, toy və yas məclislərinə isə bir qayda qoyması vacibdir. Sabah gec ola bilər.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
12
sesqazeti.az

10Mənbələr