AZ

Qubada ZİBİL BÖHRANI – FOTOFAKT

Avqustun 10-11-də Quba rayonunun Qəçrəş yaşayış məntəqəsində ev kirayələyib bir günlük istirahətdə olduq. İstirahətin sonunda ev sahibindən məişət tullantılarını atmaq üçün bələdiyyə tərəfindən zibil qabı qoyulan ünvanı soruşduq. Kənd sakininin cavabı bizi təəccübləndirdi. Laqeyd şəkildə dedi ki, zibilləri kənd arasında yol qırağına bir yerə tullayın. Təbii ki, bunu etmədik. Zibili maşına qoyduq, kənd arası ilə hərəkət etdikcə rastımıza çıxan adamlardan məişət tullantılarının atıldığı yeri soruşduq. Elə onlar da qonaq qaldığımız evin sahibi kimi bizə cavab verdilər. Zibili kol-kos dibinə, arxın içinə, uyğun bir yerdəki çala-çökəyə tullamağı məsləhət görənlər oldu.

Naəlac qalıb tullantıları Qəçrəşdə yol qırağında fəaliyyət göstərən iaşə obyektlərinin zibil qutularından birinə atmaq istədik. Lakin hansı zibil qabına yaxınlaşdıqsa obyekt sahibi buna icazə vermədi. Misal üçün, “Olimp” Restoranının nəzarətçisi kobud şəkildə bildirdi ki, zibil qabı sahibkar tərəfindən qoyulub və yalnız iaşə obyektinin tullantılarını yığmaq üçündür. Acıqlı-acıqlı söylədi ki, buna görə özləri pul ödəyirlər, bələdiyyə tərəfindən onlara hər hansı pulsuz xidmət göstərilmir. Dövlət qurumu, bələdiyyə tərəfindən yaxınlıqda hansısa ünvanda zibil qabının qoyulub-qoyulmadığını da soruşduq. Yerli sakinlər, eləcə də obyekt sahibləri bildirdilər ki, məişət tullantıları üçün belə bir yer, yaxud zibil qutusu yoxdur. Məcburən zibili maşında özümüzlə gəzdirdik, Sumqayıt şəhərinin yaxınlığında – yol qırağındakı zibil yeşiyinə atdıq.

Məişət tullantıları üçün zibil yeşiklərinin olmaması Quba rayonunun Qımılqazma kəndi ərazisində – insanların piknik üçün toplaşdığı açıq sahədə, yaşıllıq ərazidə də müşahidə olunur. Belə ki, məişət tullantılarını atmaq üçün zibil qutuları olmadığından müxtəlif içkilərin, qidaların şüşə və plastik qabları açıq əraziyə tullanır. Beləcə yamyaşıl çəmənlik tullantılarla çirkləndirilir. Yaşıl düzənlik ərazidən bir qədər aralanıb Qımıl kəndi istiqamətinə doğru irəliləyəndə görünən mənzərə isə lap acınacaqlıdır. Buraya istirahət üçün gələn bəzi insanlar zibilləri sellofan torbalara doldurub ağacların, kolların dibinə tullayırlar. Özü də bu “mənzərə” Qımılqazma kəndi ərazisindəki prezident iqamətgahının düz qarşısında “canlanır”. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edəcəyi ərəfədə turizm bölgələrində belə “mənzərələrin” olması xüsusilə narahatlıq doğurur.

Düzdür, bu natəmizlikdə aidiyyəti qurumlardan öncə ekologiyaya, ictimai dəyərlərə biganə yanaşan insanların xüsusi payı var. Amma açıq-aşkar görünür ki, bu ərazidə istirahət edən insanlar üçün hər hansı maarifləndirmə tədbirləri nəzərdə tutulmayıb. Ərazidə ekologiyanı qorumağa, ətrafı təmiz saxlamağa dair hər hansı bildiriş, məlumat lövhəsi yoxdur. İnsanların istirahət üçün toplaşdığı bu ərazidə kimsə belə məsələlərə nəzarət etmir. Nəzərə alınmalıdır ki, bu əraziyə gələn insanlar qidalanacaq, su içəcək və bunun nəticəsində də bəzi tullantılar meydana gələcək. Bu tullantıların ağacların, kolların dibinə, yaşıl çəmənliyə deyil, zibil yeşiklərinə atılması üçün qabaqcadan hər hansı tədbir görülməli, vətəndaşlar buna yönləndirilməlidir. Təəssüf ki, sözügedən ünvanda məişət tullantılarının toplanması üçün hər hansı vasitə və şərait yoxdur.

Mövzu ilə bağlı ilk öncə Quba Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək istədik. Dövlət qurumunun quba-ih.gov.az saytından İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abbasovanın əlaqə telefon nömrəsini əldə etdik. İnsafən zəngimizə dərhal cavab verdi. Lakin bizi dinləyib problemlə tanış olduqdan sonra bildirdi ki, Qubada məişət tullantılarının daşınması ilə bağlı hər hansı problem yoxdur. Qeyd etdi ki, rayonda aidiyyəti qurumlarla paralel olaraq, gənclərdən ibarət könüllülər də əhali arasında həm maarifləndirmə işində aktivlik nümayiş etdirirlər, həm də istirahət üçün nəzərdə tutulan meşəlik, yaşıllıq zonalarda tez-tez təmizlik işləri aparırlar. Səidə xanımın diqqətinə çatdırdıq ki, əlimizdə Qımılqazma kəndindəki natəmizliyi sübut edəcək fotolar var. Bu zaman başçının müavini tövsiyə etdi ki, problemi təsvir edərək icra hakimiyyətinin email adresinə fotolarla birlikdə sorğu yollayaq. Səidə xanımın dediyi kimi etdik. Amma indiyə qədər ötən vaxt ərzində icra hakimiyyətindən hər hansı cavab almadıq.

Mövzuya dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) də mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, sadəcə Qubada deyil, ümumən Azərbaycanın bütün rayonlarında yerli icra orqanları, bələdiyyələrlə mütəmadi görüşlər təşkil olunur, tullantıların idarə olunması sahəsində pozuntularla bağlı məcburi göstərişlər verilir, həmçinin nazirliyin müvafiq qurumlarının nəzarəti altında zibil qalaqlanan ərazilər təmizlətdirilir. Məlumata görə, indiyə qədər hətta bir çox bələdiyyələr məişət tullantılarını düzgün idarə edə bilmədiklərinə görə cərimələniblər. Qeyd olundu ki, bütün bunlara rəğmən, hələ də bəzi bölgələrdə, xüsusən də  turistik ərazilərdə xoşagəlməz hallara rast gəlinir və bu, təəssüf doğurur.

Nazirlikdən onu da əlavə etdilər ki, Qubanın Qımılqazma kəndində, eləcə də Qəçrəşdə məişət tullantılarının düzgün idarə olunmaması halı ilə bağlı məsələ araşdırılması, tullantıların qalaqlandığı ərazinin tez bir zamanda təmizlənməsi məqsədilə yerli icra qurumuna məcburi göstəriş verilib: “Tullantıların hara gəldi atılmasının qarşısının alınması və aidiyyəti qurumların tullantıları düzgün idarə etməsi üçün nazirlik artıq bir neçə ildir ki, təşviqedici təmizlik aksiyaları keçirir. Bu il də həftədə iki dəfə ümumrespublika təmizlik marafonu çərçivəsində bütün ölkə üzrə təmizlik aksiyaları təşkil edilib. Belə aksiyalar indi də davam etdirilir. Məqsədimiz budur ki, həm əhali qrupu, həm də tullantıların idarə olunmasına cavabdeh qurumlar belə təmizlik aksiyalarını örnək edib, maariflənsinlər, ölkəmizin bütün guşələrinin təmiz saxlanılmasını təmin etsinlər”.

Yazı sayta yerləşdirildiyi ərəfədə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən redaksiyamızla əlaqə saxlanıldı. Bildirildi ki, əraziyə cavabdehlik daşıyan Qımılqazma Bələdiyyəsinin əməkdaşları yaşıllıq sahəsini məişət tullantılarından tamamən təmizləyiblər.

Ərtürk İSMAYIL

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
17
medianews.az

10Mənbələr