AZ

Ekoturistik məkanlarda təmizlik tələb etmək üçün müvafiq yerlərə zibil qutuları qoyulmalı, sanitar qovşaqları tikilməlidir

Ekspert Ceyhun Aşurov: “Ekoloji aləm, ətraf mühitin qorunması ilə bağlı məktəblərdə, cəmiyyət mütəmadi maarifləndirilməlidir. Ekoturistik məkanların zibillənməsi hallarının aradan qaldırılması üçün bələdiyyələr və müvafiq qurumlar ciddi şəkildə işləməlidir”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı aktual məsələlərdən olan ərazilərin təmiz saxlanması və zibillənməməsi ilə bağlı son günlərdə həyəcan təbili çalındı. Azad olunmuş torpaqlarımızda ekoturistik məkanların zibillənməsi ilə bağlı sosial və internet mediada videokadrlar və fotoların yayılması, ekspert fikirlərini təqdim edən materialların işıqlandırılması da bu aktuallığı göstərir. Bununla bağlı həmin ərazilərdə apardığımız monitorinq və müşahidələrdən də bir daha bu qənaətə gəlirik ki, həmin məkanların təmiz saxlanması üçün yerli icmalar, turistlər və müvafiq qurumlar diqqət və məsuliyyəti artırmalıdırlar.

Mövzu haqqında bizə fikirlərini bildirən turizm üzrə ekspert Ceyhun Aşurov da mediada işğal olunmuş ərazilərdə yol kənarlarına zibillərin atılması ilə bağlı görüntü və xəbərlərin cəmiyyətdə mənfi emossiyaya səbəb olduğunu bildirdi. Onun fikrincə, birinci növbədə ekoturistik məkanlarda təmizlik tələb etmək üçün müvafiq yerlərə zibil qutuları qoyulmalı, ayaqyolular tikilməlidir: “Təmizlik üçün sanitar qovşaqları olmalıdır. Orada zibil qutularının, müvafiq yazı və işarələrin olması mütləqdir. Regionların bir çoxunda bu kimi məsələlərə rast gəlinir. Göygöl xalqa açılandan sonra qısa müddətdə ora zibillənməyə başlamışdı. Zibil atılması düzgün deyil. Amma bundan əvvəl orada lazımi şərtləri yaratmalıyıq ki, müəyyən yerlərdə dayanacaq və yaxud da zibil qabları olsun. Müəyyən şərait yaradılsın ki, bundan sonra da təmizliyə əməl edilməsi tələb olunsun. Zibil qutularının, sanitar qovşaqların, yazı və işarələrin olması insanları təmizliyə riayət etməyə dəvət edəcəkdir və bu kimi halların qarşısını alacaqdır”.

Bir sıra yerlərdə zibil qutuları, sanitar qovşaqlarının olmasına baxmayaraq, insanlar tərəfindən təmizliyə təmizliyə riayət edilmir. Bu isə cəmiyyətdə bununla bağlı maariflənmə və hətta, bir sıra hallarda cərimələrin tətbiqi ilə bağlı fikirlərin əsaslı olduğunu göstərir. Bu nüansla bağlı olaraq ekspert belə bildirdi: “Bu zaman maariflənmə əvvəldən başlamalıdır. Yəni məktəblərdə, cəmiyyətdə, əhalidə ətraf mühit, ekoloji aləmlə bağlı maarifləndirmə aparılmalıdır. İkinci məsələ isə maarifləndirmədən başqa bəzən biz zibil qutuları olan yerləri görürük, amma orada zibillər aşıb-daşır,vaxtlı-vaxtında boşaldılmayan zibil qutuları ətraf mühitdə zibillənməyə yol açır. İnsanlar da boşaldılmayan zibilin ətrafına zibilləri atır və yaxud da zibil qutularının mövcudluğunun “mənasız” olduğunu görüb ətrafı zibilləmiş olurlar. Bu cür halların aradan qaldırılması üçün bələdiyyələr və müvafiq qurumlar ciddi şəkildə işləməlidir. Ümumiyyətlə, təmizliyin qorunması cəmiyyətin məsələsidir. Lakin müvafiq qurumlar vaxtlı-vaxtında zibil qutularının boşaldılması prosesini həyata keçirməlidir. “Ətrafın təmiz saxlanılmasına riayət edək” kimi yazıların olması, sosial şəbəkə və televiziyada müxtəlif videoçakrxların çəkilib yayımlanması müsbət halların yaranmasına gətirib çıxara bilər. Bu cür maarifləndirmə üsulları daha çox yayıldıqca, insanlar vəziyyətin fərqində olduqca ətraf mühitə daha həssas yanaşacaqlar”.

Əlbəttə, burada müvafiq qurumların üzərinə də iş düşür: “Məsələ yalnız maarifləndirmə ilə bitmir. Müvafiq qabların yerləşdirilməsi, vaxtlı-vaxtında zibillərin atılması, ətraf mühitin qorunmasıyla paralel olaraq ətrafı ciddi şəkildə kirlətməylə bağlı müvafiq cərimələrin tətbiq olunması işə yaraya bilər”.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
17
turkustan.az

10Mənbələr