AZ

Göyün 7-ci qatında… yürüşə davam

“Qarabağ”ın uğurunun sirri birliyindədir. “Ludoqorets”ə Bakıdakı məğlubiyyətdən sonra futbolçusu, məşqçisi, prezidenti – hamı eyni sözü dedi, səfərdə revanş alacaqlarını söylədi.

7:2 sıradan nəticə deyil. Onu bir Avropa ölkəsində qazanmaq xüsusilə əhəmiyyətlidir. “Ludoqorets” kimi möhkəm komandanı sıradan çıxarıb Zaqreb “Dinamo”su ilə matça vəsiqə əldə etmək adi hadisə deyil. Başqaları ev məğlubiyyətindən sonra səfərdə taktikanı darmadağın olmamaq üçün seçərdi. Qurban Qurbanov isə üslubuna sadiq qaldı, cəsarətli oldu, eyni heyətə hücum futbolu oynatdı və mükafatını aldı.

Əslində, dünənki matçda sıralanan uğursuzluqlar məğlubiyyət üçün yaxşı bəhanə olardı. 3 futbolçunun məcburiyyətdən əvəzlənməsi əlavə problem yaratmalıydı. Lakin Qurbanovun sonradan meydana saldığı bütün futbolçular ya qol vurdu, ya da məhsuldar ötürmə verdi. Bu, əla rəqabət mühitinin yaradıldığı komandada qalib ruhunun göstəricisi idi. Hamı ümumi uğurda pay sahibi oldu.

Bolqarıstan təmsilçisinə 2 oyuna 8 qol vurmaq heç əksər Avropa klublarının bacaracağı iş deyil. “Qarabağ” futbolu ilə həm zövq verdi, həm qürur hissi yaşatdı, azarkeşlər göyün 7(:2)-ci qatındadır. Avropa Liqasının qrup mərhələsi təmin edilib, Bakıda növbəti dəfə Çempionlar Liqasının himni səslənəcək. Ən mötəbər klub turnirinin pley-offunda oynamaqla ağdamlılar azarkeşlərə də sevinc yaşadır.

Matçın əvvəli heç də belə parlaq qələbədən xəbər vermirdi. Juninyonun rəqibi səhvə məcbur edib hesabı açmasının sevincini çox az yaşadıq. Kevin Medina və Fabiyan Buntiç qısa zamanda bolqarların önə keçməsi üçün hər şey etdilər. Yeri gəlmişkən, bu qapıçı ilə uzağa getmək olmaz, mütləq daha səviyyəli biri transfer edilməlidir. Lakin “Qarabağ” dayanmadı, təslim olmadı. Fasiləyədək qələbə təmin edildi, ikinci hissədə hesab qorundu, əlavə vaxtda isə öldürücü zərbə vuruldu.

Qurbanov hər cür tərifə layiqdir. Onun oyunu oxuma bacarığı, zamanında etdiyi müdaxilələr böyük məşqçilərə xas xüsusiyyətdir. Əldəki materiala, mövcud imkanlara görə mümkün olanın ən yaxşısını edir. Əcnəbi məşqçilərin xəyal belə etmədiyi uğurları qazanan bu məşqçi klub rəhbərliyinin dəstəyini lazımınca dəyərləndirir.

“Qarabağ” xarabalığa çevrilmiş ölkə futbolunun ortasında açmış çiçəkdir. Təbiət qanunlarının əksinə olaraq varlığını qoruyur, çirkaba bulaşmır, təravətini saxlayır. Peşəkar idarəçilik, çəkilən zəhmətin halallıqla qiymətləndirilməsi, dürüstlük klubu daim zirvədə saxlayır. Başqaları dövlətin futbola ayırdığı maliyyəni oğurlarkən, “Qarabağ” oyunu ilə haqq etdiyi milyonları Avropadan qazanır, ölkəyə nüfuz, imic, reytinq xalları gətirir, nümunə olur.

Ölkədə indi hamı “Qarabağ”a görə futboldan danışır. Evdəki 1:2 hesablı məğlubiyyətdən sonra komandadan üz döndərənlər də 7:2-yə biganə qala bilmir. Sıradan qələbə deyil, Çempionlar Liqasında təsnifat mərhələsinə damğa vuran nəticədir.

“Qarabağ” zəfər yürüşünə davam edir. Hədəf Çempionlar Liqasının qrupudur. Zaqreb “Dinamo”su ilə oyunlar asan olmayacaq. Pley-off Azərbaycan klubunun maksimumudur, amma heyətini qoruyan, daha da güclənən “Qarabağ” xorvatları da keçə bilər. Alınsa, fantastik nəticə olacaq, alınmasa da Avropa Liqasının qrupunda bizi əla matçlar gözləyir.

“Qarabağ” bu ölkə üçün bir nemətdir. Qədrini bilək, hər büdrəmədə üstünü torpaqlamağa çalışmayaq, digər klublarımızın, ümumi ölkə futbolunun da o səviyyəyə çatması üçün səfərbər olaq. Uğuru qazananı baltalamayaq, kölgədə yatanları oyadıb onlardan da eynisini tələb edək. Bu rəqabət mühiti yaratmaq üçün lazımdır. O zaman “Qarabağ” da daha güclü olacaq.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
9
futbolinfo.az

7Mənbələr