AZ

“Qarabağ”ın pley-off HƏYƏCANI: “Komandamız səfərdən sərfəli nəticə ilə dönsə…”

“Dinamo”nun öz meydanında nisbətən açıq futbola üstünlük verəcəyini proqnozlaşdıraraq, “Qarabağ”ın əldə edəcəyi imkanlardan maksimum yararlanması vacibdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında qarşı-qarşıya gələcək “Dinamo”- “Qarabağ” oyununu dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, “Qarabağ” artıq Çempionlar Liqasının pley-off mərhələsindədir:

“Bu mərhələdə zəif rəqib olmur. Bu, aksiomadır. “Dinamo” isə olduqca təcrübəli, mütəmadi olaraq avrokubokların qrupunda oynayan çox ciddi rəqibdir. “Dinamo” Avropa nəhəngləri üçün sanballı “futbolçu mağazası”dır. Bu komanda perspektivli futbolçuları tanıdıb, sonra da nəhənglərə satır. Ona görə də, “Dinamo” ciddi qəbul edilməlidir. Şübhəsiz, onun heyətində səviyyəli futbolçular var. İlk oyunun səfərdə olması “Qarabağ” üçün üstünlükdür? Buna həm “hə”, həm də “yox” cavabı verə bilərik. Ona görə “hə” ki, böyük ehtimalla, “Dinamo” öz meydanında “avtobus” qurmayacaq, müdafiəyə qapanmayacaq. Deməli, “Qarabağ” üçün boş zonalar olacaq. Bundan mütləq yararlanmaq lazımdır. Ələ düşən imkanlardan maksimum istifadə etmək vacibdir”.

N.Muxtarlı qeyd edib ki, “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönsə, Bakıdakı oyun daha rahat olacaq:

““Qarabağ” Bakıda “Ludoqorets”ə ona görə məğlub oldu ki, imkanları sağa-sola xərclədi. Amma səfər oyununda hər şey qaydasına düşdü. Ümid edək ki, Zaqrebdə bu tendensiya davam edəcək. “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönsə, Bakıdakı oyun daha rahat olacaq. Yox, komanda orada məğlub olsa, onda Çempionlar Liqası arzusunun üstündən xətt çəkmək lazım gələcək. “Dinamo” öz meydanında qalib gəlsə, Bakıda qapalı oyuna üstünlük verəcək. Belə komandalarla oyunlarda “Qarabağ” həmişə çətinlik yaşayır. Ona görə də, “Dinamo”nun öz meydanında nisbətən açıq futbola üstünlük verəcəyini proqnozlaşdıraraq, “Qarabağ”ın əldə edəcəyi imkanlardan maksimum yararlanması vacibdir. Bu qarşıdurmada ilk oyunun əhəmiyyəti qat-qat böyükdür. Müdafiədə diqqətli, hücumda dişli olmaq vacibdir. Ümid edək ki, hazırda yaxşı fiziki formada olan “Qarabağ” səfərdən sərfəli nəticə ilə qayıda biləcək. Səfərdə sərfəli nəticə olsa, Bakıdakı qarşılaşma daha asan olacaq”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
9
yenicag.az

7Mənbələr