AZ

"Təhsil haqqını artırmaqla xarici universitetlərdən nümunə göstərirlər, ancaq eyni keyfiyyətli təhsili vermirlər"

Son günlər bəzi universitetlərdə təhsil haqqının artırılması ilə bağlı məlumatlar yayılıb. Aşağı bal toplayan, son çarə olaraq pullu universitetləri seçən kifayət qədər tələbə var. Bəs təhsil haqqının artırılması bu abituriyentlərin təhsil almasına mane ola bilərmi? Universitetlər hansı əsasla təhsil haqqını artırırlar? Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, universitetlərin təhsil haqlarının təxminən 200-300 manat artırılması ilə bağlı məlumatlar var. Bu qərarı dəstəkləmədiyini deyən İlqar Orucov hesab edir ki, universitetlər əslində təhsil haqlarının artırmaqda bu qədər maraqlı olmalı deyil, daha çox təhsilin keyfiyyətinin artırılmasında maraqlı olmalıdırlar. “Onların iddiası budur ki, “yaxşı təhsil verən universitetlərdə təhsil haqları yüksəkdir”. Nümunə kimi böyük Britaniya universitetlərini, Amerika Birləşmiş Ştatlarının universitetləri və digər universitetləri göstərirlər. Nəzərə almalıyıq ki, qeyd olunan ölkələrdəki universitetlər dünyada brenddirlər. Onlar həm də öz brendlərini satırlar. Bu, reallıqdır. Qeyd edilən ölkələrdəki bahalı universitetlərin tələbə yönümlü sosial istiqamətdə çox sayda işləri, lahiyələri var. Bu universitetlər dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, yüksək nəticəsi olan gənclər üçün qapılarını açırlar və onlara hətta ödənişsiz təhsillər təklif edirlər. Bu məqsədlə hansısa ölkədə uğurlu, gələcəyi parlaq olan bir gənci öz ölkəsi, öz universiteti üçün gələcək kadr kimi formalaşdırmağa çalışırlar. Səbəb nədir? Çünki düşünür ki, mənim universitetimi bitirən məzun, mənim universitetimdə təhsil alan məzun dünya olimpiadasının qalibidir. Yaxud onlar perspektiv vəd edən gənclər üçün qapılarını açır. Amma xeyli sayda nüfuzlu universitetlər saya bilərəm ki, məsəl üçün ilk yüzlükdə yer alırlar, amma onların təhsil haqqı azdır. Məsələn; Belçikada Katolik Leuven universiteti dünyada ilk yüzlükdə yer alır. Amma təhsil haqqı olaraq xarici tələbələr üçün 1250-1500 avro, yerli tələbələr və Avropa birliyindən olan tələbələr üçün 250-300 avro kimi şərti bir ödəniş var. Azərbaycanda da yaxşı universitetlər var. Tutaq ki, ADA, UNEC və s. Baxaq, görək digər universitetlər keyfiyyətli təhsil verə bilirmi? Sadəcə olaraq onlar fikirləşir ki, onsuz da tələbənin seçimi yoxdur. 200-250 bal yığan tələbə zatən ödənişli təhsil alacaq və o məcburdur, gəlib məndə təhsil alacaq. Yəni onlar bilir ki, tələbəliyə namizədin başqa seçimi yoxdur, axır-əvvəl gələcək. Ona görə də universitetlərimiz əslində “pulu yalnız ödənişli təhsildən qazanaq” düşüncəsindən çıxa bilmirlər. Təhsil haqqını 200-300 manat artırırsan, nəyin müqabilində? Hansı təhsili verirsən? Hansı keyfiyyətli təhsildən danışırsan? Təhsil haqqını nəyə əsasən artırırsan?”-deyə ekspert vurğulayıb ki, dövlətimiz tələbələrin sosial qayğılarını qarşılamaq üçün hər zaman addımlar atır. “Ödənişli təhsil alan tələbənin belə orta müvəffəqiyyət göstəricisi yüksəkdirsə, hətta təqaüd verir. Qazilərimizin, müharibə iştirakçılarının və şəhid ailələrinin təhsil haqları da qarşılanır. Mən buna çox müsbət yanaşıram və dövlətimizin bu addımını alqışlayıram. Amma dövlət ali təhsil almaqla bağlı bu cür sosial yönümlü siyasət aparırsa, universitetlər də eyni addımı atmalıdır. Bu insanların seçimi yoxdur. Təhsil haqqı 500 manat da qaldırılsa, yenə də gedəcəklər”-deyə İlqar Orucov əlavə edib. Təhsil haqqını artırmaq universitetlər plan yerini boş saxlaya bilərmi? Ekspert hesab edir ki, plan yerləri təbii ki, dolacaq. Çünki insanların başqa seçimi yoxdur. “Ukraynada, Gürcüstanda, Rusiyada və digər ölkələrdə sırf biznes məqsədi ilə yaradılmış universitetlər var ki, heç sənədləri qaydasında deyil. İnsanlar övladlarını orada “oxudurlar” və böyük pullar xərcləyirlər. Belə insanlar üçün 200-300 manat universitetin artım etməsi bir problem, bir sıxıntı yaratmır. Düşünmürəm ki, təhsil haqqı artımından sonra universitetlərdə yerlər boş qalacaq. Universitetlər bilsələr ki, onlar bu problemi yaşayacaqlar, yəni plan yerləri boş qalacaq, o zaman bu istiqamətdə addım atmaz. Aşağı bal yığan xeyli abituriyent var ki, onlar üçün təhsil haqqının 200-300 manat artımı hər hansı bir problem yaratmır. Onlar gəlib universitetin qapısından içəri girəcəklər”-deyə ekspert bildirib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
36
bizimyol.info

10Mənbələr