AZ

Azərbaycan universitetləri təhsil haqqını ARTIRIR - "Bu məbləğin yarısına Avropanın nüfuzlu universitetlərində təhsil almaq mümkündür"

Məşhur dövlət universitetlərindən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) təhsil haqqlarını artıracaqlarını bildirib.


Belə ki, adı çəkilən universitetlərdə bu ilə qədər iki semest üçün nəzərdə tutulan illik ödəniş haqqı təxminən 1500-3000 manat arasında dəyişirdi. Məlumatlar əsasən, artımın hər ixtisas üzrə 200-500 manat məbləğində olması gözlənilir. 


Belə olan halda ölkədə fəaliyyət göstərən digər universitetlərin də belə bir qərar alması istisna olunmur.


Azərbaycanda təhsil haqqı səviyyəsi nə yerdədir? Ödənilən təhsil haqları təhsil səviyyəsinə uyğundurmu?


Bu mövzu ilə bağlı Referans.az" target="_blank">Referans.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi danışıb.




“Nəzərinizə çatdırım ki, bəzi universitetlərdə bu il illik təhsil haqqlarında artım var. Təbii ki, bununla bağlı daha rəsmi məlumatı Dövlət İmtahan Mərkəzinin 4 sayılı “Abituriyent” jurnalında görə bilərcəyik. Amma hazırda artıq bəzi universitetlər artımla bağlı özləri açıqlama verib. Qeyd edim ki, təhsil haqqı artırılsa, burada təhsilin keyfiyyətində də artım olmalıdır, o cümlədən, universitetin infrastrukturu, tələbələr üçün komfort yaxşılaşdırılmalıdır. Əgər bunlar olmursa, sadəcə təhsil haqqı artırılırsa, bu, gələcəkdə fəsadlar yarada bilər. Bu fəsadlara tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırmaq məcburiyyətində qalması da daxildir. Halbuki dövlət başçısı konkret olaraq dəfələrnə bildirir ki, hər bir tələbə üçün təhsilin əlçatanlığı təmin olunmalıdır”.


Ekspert bildirib ki, tələbələrin təhsilə əlçatanlığını prioritet olaraq götürdüyümüz zaman biz bu yolda imzalanmış digər fərmanla qarşılaşırıq. Bu Tələbə Təhsil Kredit Fondunun yaradılmasıdır.


“Bu tələbələrin təhsillərini rahat formada davam etdirmələri üçün yaradılmış bir fonddur. Oradan sosial və standart kredit olmaqla müəyyən qədər kredit götürə bilirlər və təhsillərini davam etdirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, təhsil haqqının artırılması ilə maraqlı olan universitet rəhbərləri, o cümlədən universitetlərin pedoqoji şuraları da ailələrin büdcələrini və gəlirlərini nəzərə aldıqdan sonra qərar verməlidirlər”.


Elçin Əfəndi düşünür ki, Azərbaycanda bəzi universitetlərin illik təhsil haqqları müəyyən qədər mübaliğəlidir. Ekspertin fikrincə, Avropa və qardaş Türkiyənin bəzi nüfuzlu universitetlərinin təhsil haqlarını belə Azərbaycan universitetlərindən daha münasib hesab etmək olar.


“Düşünürəm ki, bu ödənişləri tənzimləyən mexanizm olmalıdır, xüsusi qurumun yaradılmasına ehtiyac var. Hər universitet istədiyi kimi qiymət qoyduqda pərakəndəlik yaranır. Düzdür, Nazirlər Kabinetinin təhsil haqları ilə bağlı qərarı mövcuddur, lakin orada da bu məsələnin hansı qurum tərəfindən idarə edilməsi ilə bağlı konkret müddəa yoxdur”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
36
referans.az

10Mənbələr