AZ

Avropa Sülh Fondu sülhə qarşı...

Ermənistana hərbi yardımın ayrılması regionda gərginliyin artmasına xidmət edir 

Nardar BAYRAMLI

Hazırda Cənubi Qafqazda sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik edən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Təşkilatın prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra, Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin ötən ilin  sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Əslində, bununla Aİ özünün gerçək simasını ortaya qoydu. Antiterror tədbirlərinə qarşı çıxan Brüssel bununla da Qarabağdakı erməni separatçılarını dəstəkləmiş oldu.

Ortaq dəyərlərə əsaslanan” 10 milyon avro... 

İyulun 22-də Avropa İttifaqı Şurasının Avropa Sülh Fondu  çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul etməsi də təşkilatın ermənipərəst mövqeyinin daha bir göstəricisidir. Aİ-nin rəsmi məlumatına görə, məqsəd Ermənistan silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bildirilir ki, dəstək həmçinin “Ermənistanın dayanıqlığını artırmaq və ölkənin Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır”. “Bu dəstək Aİ-nin Ermənistanla ortaq dəyərlərə əsaslanan və Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahı təşviq etmək məqsədi daşıyan tərəfdaşlığı çərçivəsində veriləcək. Brüssel Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi əsasında Ermənistanla hərtərəfli siyasi və iqtisadi tərəfdaşlığını gücləndirməyə və əlaqələrimizi bütün ölçülərdə daha da gücləndirməyə sadiqdir. Bu, xarici siyasət və təhlükəsizlik siyasəti, o cümlədən ümumi təhlükəsizlik və müdafiə siyasəti (CSDP) sahəsində dialoqun və əməkdaşlığın intensivləşdirilməsini əhatə edir”, - deyə məlumatda qeyd olunub.

Borrelin və Papikyanın “məmnunluğu”

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə Ermənistana ayrılan hərbi yardımı belə şərh edib: “Təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərimizin getdikcə daha vacib elementinə çevrilir. Avropa Sülh Fondunun bu tədbiri ölkənin dayanıqlığına daha da töhfə verəcək. Xarici işlər və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirməkdə, eləcə də Ermənistanın gələcəkdə Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirakında qarşılıqlı marağımız var”.

Rəsmi İrəvan Aİ-nin bu hərbi yardımından “məmnun” görünür. Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyan özünün “X” səhifəsində Ermənistana dəstək vermək qərarına görə Avropa İttifaqı və onun üzv dövlətlərinə təşəkkür edib: “Ermənistan və Aİ arasında qarşılıqlı etimada və ümumi maraqlara əsaslanan bu əməkdaşlıq Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Əminəm ki, bu, Aİ üzvü olan tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlığa yeni təkan verəcək”. 

Ümumiyyətlə, burada açıq-aşkar məqsəd Ermənistanı silahlandırmaqdır ki, bu da regionda gərginliyin artmasına xidmət edir. Nəzərə alaq ki, Ermənistana yerləşdirilmiş Aİ Müşahidə Missiyası artıq hərbi missiyaya çevrilməkdədir. Aİ tərəfindən rəsmi İrəvana hərbi yardımın göstərilməsi də bu prosesin davamıdır.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Məqsəd regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir. Lakin müəyyən beynəlxalq dairələrin Ermənistana havadarlıq etməsi və onu silahlandırması sülh prosesinə zərbə vurur. Fransanın Ermənistana silah tədarükünün ardınca belə bir qərarın verilməsi Aİ-nin rəsmi Parisin təhriki ilə belə addım atdığını deməyə əsas verir.

XİN: Ermənistanla yanaşı, Avropa İttifaqı da məsuliyyəti bölüşəcək

30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayarkən, Avropa İttifaqı ölkəmizə nəinki hərbi dəstək, hətta siyasi dəstək vermədi, İrəvanı işğalçı kimi tanımadı. Belə olan halda Brüssel Ermənistanı silahlandırmaqla hansı mesajları vermək istəyir? Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi də reaksiya verib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır, regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür.

XİN-in mətbuat katibi qeyd edib ki, Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına dair çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Azərbaycan Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyir. “Aİ bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”,-deyə A.Hacızadə vurğulayıb.  

Beləliklə, əgər Ermənistan Aİ-nin yardımından “ruhlanaraq” bölgədə hərbi gərginlik yaratmağa cəhd edərsə, bunun məsuliyyətini Avropa İttifaqı da daşıyacaq. Rəsmi Bakı bir daha prinsipial mövqeyini nümayiş etdirmiş oldu. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
yeniazerbaycan.com

10Mənbələr