AZ

Avropa Sülh Fondunun xətti ilə Ermənistanın silahlandırılması sülh prosesinə zərbə vurur - RƏY

Avropa İttifaqının Avropa Sülh Fondunun xətti ilə Ermənistanı silahlandırması sülh prosesinə zərbə vurur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım deyib ki, hazırda Cənubi Qafqazda sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır: “Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır”.

Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik edən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış edib: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra, Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin ötən ilin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Əslində, bununla Aİ özünün gerçək simasını ortaya qoymuş oldu. Antiterror tədbirlərinə qarşı çıxan Brüssel bununla da Qarabağdakı erməni separatçılarını dəstəkləmiş oldu. Ötən gün Avropa İttifaqı Şurasının Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul etməsi də təşkilatın ermənipərəst mövqeyinin daha bir göstəricisidir. Aİ-nin rəsmi məlumatına görə, məqsəd Ermənistan silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Burada açıq-aşkar məqsəd Ermənistanı silahlandırmaqdır ki, bu da regionda gərginliyin artmasına birbaşa xidmət edir. Nəzərə alaq ki, Ermənistana yerləşdirilmiş Aİ Müşahidə Missiyası artıq hərbi missiyaya çevrilməkdədir. Aİ tərəfindən rəsmi İrəvana hərbi yardımın göstərilməsi də bu prosesin davamıdır”.

Fatma Yıldırım qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib: “Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Məqsəd regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir. Lakin müəyyən beynəlxalq dairələrin Ermənistana havadarlıq etməsi və onu silahlandırması sülh prosesinə zərbə vurur. Fransanın Ermənistana silah tədarükünün ardınca belə bir qərarın verilməsi Avropa İttifaqının rəsmi Parisin təhriki ilə belə addım atdığını deməyə əsas verir. 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayarkən, Avropa İttifaqı ölkəmizə nəinki hərbi dəstək, hətta siyasi dəstək vermədi, İrəvanı işğalçı kimi tanımadı. Amma indiki mənzərə isə tamamilə qəbuledilməzdir. Bu “yardım” 30 ilə yaxın dövrdə işğalçı siyasət yürüdən və hazırda da ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Əgər Ermənistan bu yardımdan “ruhlanaraq” bölgədə hərbi gərginlik yaratmağa cəhd edərsə, bunun məsuliyyətini Avropa İttifaqı da daşıyacaq”.

YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu APA-ya açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistana hərbi yardım göstərməsi əslində bu ittifaqın sülhə və beynəlxalq hüquqa qarşı mövqeyi kimi qiymətləndirilməlidir: Ona görə ki, hər hansı bir ölkənin silahlandırılmasının yalnız bir məqsədi ola bilər. Bu da müharibədir. Deməli, Avropa İttifaqı və ya Avropa İttifaqının üzvü olan bəzi ölkələr bu təşkilatdakı nüfuzlarından sui-istifadə edərək həm Avropa İttifaqını hörmətdən salır, həm də onu müharibə tərəfdarı kimi göstərir. Şübhəsiz ki, bu cür təşəbbüslərin başında ilk növbədə Fransa və onun ətrafında formalaşan lokal blok dayanır. Təsadüfi deyil ki, Avropa İttifaqının qondarma “monitorinq missiyası”nın Ermənistan-Azərbaycan sərhədinə göndərilməsinin də ideya vericisi və təşəbbüskarı Fransa idi. Daha sonra Fransa Ermənistana hücum silahları satmağa başladı və Fransa tərəfindən Ermənistan “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları göndərildi. Hazırda isə 10 milyon maliyyə vəsaiti ayrılır. Şübhəsiz ki, biz bu ardıcıllıqda bir sistemli plan görürük. Yəni bütün bunlar təsadüfi deyil və konkret məqsədə xidmət edir. Əgər nəzərə alsaq ki, hələ dünənə qədər Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini zəbt edən işğalçı dövlət idi və bu gün də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, o zaman Avropa İttifaqının atdığı addımların nə qədər təhlükəli olduğunu bir daha görə bilərik. Şübhəsiz ki, Avropa İttifaqına bütün bunları çox yaxşı bilirlər. Çünki Avropa İttifaqının üzvü olan Fransa 30 ilə yaxın birbaşa bu problemlə məşğul olub və onun hər detalını çox yaxşı bilir. Ancaq bütün bunlara baxmayaraq “frankafoniya avantürası” Qafqazda yeni müharibə istəyirsə, onu alacaq. Azərbaycanın səbri sonsuz deyil. Rəsmi Bakı ən yüksək səviyyədə bildirib ki, bizim təhlükəsizliyimiz ciddi şəkildə təhdid edilərsə, dərhal buna cavab veriləcək. Yaxşı olar ki, Avropa İttifaqı bu mövqeyi də unutmasın. Əks təqdirdə Ermənistan Cənubi Qafqazın yeni Şərqi Avropasına çevrilə bilər. O zaman Avropa İttifaqı elə Şərqi Avropadakı “müttəfiqi”ni müdafiə edə bilmədiyi kimi Ermənistanı da xilas edə bilməz”.

Avropa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
apa.az

10Mənbələr