AZ

İngiltərə AÇ-də ilk, İspaniya isə 4-cü titulunu qazanmağa çalışacaq -YENİLƏNİR

Böyük gün gəlib çatdı: futbol üzrə 17-ci Avropa çempionatı tarixin yaddaşına qovuşmaq üzrədi.

Bütün dünyada böyük maraqla izlənilən turnirə sabah yekun vurulacaq. Berlində yerləşən Avropanın ən gözəl stadionlardan biri – “Olimpiaştadion”da İspaniya ilə İngiltərə üz-üzə gələcək. Adı çəkilən komandalar əvvəlcədən turnirin favoritləri sırasında göstərilirdi. Ona görə də bunu sürpriz final adlandırmaq olmaz. Böyük maraq doğuran oyunla bağlı bütün detallara toxunmağa çalışacağıq.

final
14 iyul
İspaniya – İngiltərə

Hakim: Fransua Letesye (Fransa)
Cəzalı: yoxdu
Stadion: “Olimpiaştadion” (Berlin)
Əvvəlki oyunlarının balansı: +10=4-13

İspaniya favoritdi
Gəlin, etiraf edək ki, 1/8 finalçılar və komandaların keçəcəkləri yol bəlli olan kimi İspaniya – İngiltərə finalı proqnozlaşdırılan finallardan biri idi. Çünki bir tərəfdə İngiltərə, digər tərəfdə isə İspaniya rəqiblərindən üstün görünürdü. Bəlkə də ingilislər digər yolla irəliləsəydilər, yəni Portuqaliya və ya Fransaya rəqib olsaydılar, finala yüksələ bilməzdilər. Amma bu artıq yersiz müzakirədi. Finalçılar bəllidi və bu reallığı artıq heç kim və heç nə dəyişməyəcək.
İspaniya finalda bukmekerlər və futbolsevərlər tərəfindən aşkar olmasa da, favorit sayılır. Burda həm oyun keyfiyyəti, həm də keçilən rəqiblər nəzərə alınır. İspaniya son çempion statusunda olan İtaliyanı, eləcə də Xorvatiya, Almaniya, Fransa kimi komandaları gözəl oyunla məğlub etdiyi halda, İngiltərə həm qrupdan sürünə-sürünə çıxdı, həm də səviyyəcə özündən zəif olan Slovakiya, İsveçrə, Niderland kimi komandaları çətinliklə keçdi. Təsadüfi deyil ki, “üç şir” finala gedən yolda hər üç pley-off oyununda hesabda geri düşmüşdü. İngiltərənin bu turnirdəki çıxışı, ümumiyyətlə, tamayrı söhbətin mövzusudu. Futbolun yaradıcıları AÇ-2024-ün qalibi olsalar, bu, bir daha sübut edəcək ki, futbolda ən önəmli şey nəticə qazanmağı bacarmaqdı. Çünki necə oyun sərgiləməsindən asılı olmayaraq, qalib həmişə haqlıdı. Qaret Sautqeyt hazırda futbol dünyasında bəlkə də ən çox müzakirə olunan məşqçidi. İngiltərənin bəzi azarkeşləri zəif oyuna görə hətta komanda çempion olacağı təqdirdə də bu məşqçinin istefasını istəyir. Bununla yanaşı, Sautqeytlə müqavilənin yenilənməsini və çempionluq təqdirində ona “ser” titulunun verilməsini istəyənlər var. Futbol da həyat kimi təzadlarla doludu...

Keynin titulsuzluq sindromu davam edəcəkmi?
Bir qədər komandaların heyətlərindən danışaq. Heç bir düşərgədə zədə və cəza ilə bağlı problem yoxdu. Yalnız ispanlarda Pedrinin durumu qeyri-müəyyəndi. Almaniyaya qarşı 1/4 final matçında Kroosla toqquşandan sonra erkən əvəzlənən “Barselona”nın ulduzu hələ də zədəsini tam sağaltmayıb. Amma etiraf edək ki, Pedrinin yoxluğu çox da bilinmir. Çünki Olmo onu uğurla əvəzləyir. Həm almanların, həm də fransızların qapısına yol tapan Olmo bir andaca bu turnirdə ispanların ən diqqəçəkən futbolçularından birinə çevrildi. Fransa ilə prinsipial yarımfinal matçını cəza üzündən buraxmalı olan Le Normanla Karvaxal bu dəfə İspaniyanın baş məşqçisi De la Fuentenin ixtiyarında olacaq. Hər iki futbolçunun start heyətində meydana çıxacağı gözlənilir. Kapitan Moratanın aldığı kuryoz zədə barədə də dəqiq məlumat yoxdu. Fransa ilə oyunun final fitindən sonra üzərində Türkiyənin forması olan azarkeşlərdən biri meydana çıxaraq ispaniyalı futbolçulara tərəf qaçmağa başladı. Yığmanın təhlükəsizlik xidmətinin işçisi isə həmin azarkeşin qarşısını kəsmək istəyərkən ayağı sürüşdü və istəmədən Moratanı zədələdi. Ertəsi gün “Marka” nəşri Moratanın finalı buraxa biləcəyini iddia etdi. Amma təcrübəli forvard final ərəfəsində komanda ilə birlikdə məşqlərdə yer alıb. Yeri gəlmişkən, bu turnirin ən çox müzakirə edilən futbolçularından olan və Pelenin 60 illik rekordunu yeniləyərək nəhəng turnirlərdə qol vuran ən gənc futbolçuya çevrilən Yamal artıq 16 yaşda meydana çıxa bilməyəcək. Belə ki, bu gün onun 17 yaşı tamam olur. İngiltərəyə gəlincə, turnirin gedişində gözlənilmədən 4-2-3-1-dən imtina edərək 3 mərkəz müdafiəçili sistemə keçən Sautqeytin finalda da komandasını bu taktiki sxemlə meydana çıxaracağı gözlənilir. Bu məşqçinin Niderlandla oyundakı “11-liy”i bu dəfə də meydana buraxacağını düşünənlər az deyil. Dəyişikliyin mümkün göründüyü yeganə mövqe müdafiənin sol cinahıdı. Şou zədəsini sağaldandan bəri son iki matçda sonradan meydana çıxaraq yaxşı təsir bağışlayıb. Ona görə də Trippyenin yerinə məhz onun oynaması sürpriz olmayacaq. Bəzi fanatlar isə kapitan Keynin ehtiyatda qalmasını tələb edir. Onların fikrincə, Niderlandla oyunun qəhrəmanı Uotkins start heyətində oynamağa daha çox layiqdi. Baxmayaraq ki, Keyn hazırda 3 qolla bombardirlər yarışına başçılıq edən 6 futbolçudan biridi. Yeri gəlmişkən, finala prinsipiallıq qatan məqamlardan biri də Keynin karyerasının ilk titulunu qazanmaq astanasında olmasıdı. İndiyə qədər heç bir titul qazanmayan futbolçunun birdən-birə İngiltərənin kapitanı qismində Avropa çempionatının kubokunu başı üzərinə qaldırması mühüm hadisə olacaq. Amma Keyn qalib gəlməsindən və ya məğlub olmasından asılı omayaraq, istənilən halda finaldan sonra ən çox müzakirə edilən futbolçulardan olacaq. Yəqin ki, növbəti dəfə titula həsrət qalacağı təqdirdə buna aid “memlər” və zarafatlar sosial şəbəkələrin bəzəyinə çevriləcək.

İspaniya 74 ildi nəhəng turnirlərdə İngiltərəni yenə bilmir
Bir qədər də rəqəmlərdən danışaq. İspaniyanın finallarla bağlı göstəriciləri heç də pis deyil. Komanda indiyə qədər DÇ və AÇ-lərdə 5 dəfə finalda oynayıb və bunların 4-dən qələbə ilə ayrılıb. Yeganə uğursuzluq AÇ-1984-də Fransa ilə görüşdə yaşanıb. İspaniya həm də qalib gələcəyi təqdirdə 4-cü Avropa çempionluğunu qazanacaq və Almaniyanı geridə qoyaraq bu göstəricidə vahid liderə çevriləcək. Digər tərəfdən İngiltərə tarixinin ilk Avropa çempionluyğunu qazanmaq üçün gözəl fürsət əldə edib. Nə qədər qəribə səslənsə də, Danimarka və hətta Yunanıstanın AÇ-də zəfəri olduğu halda, futbolun yaradıcılarının belə uğuru yoxdu. İngiltərəni ardıcıl ikinci dəfə qitə turnirinin finalına yüksəldən Sautqeyt ya tarix yazaraq qəhrəman olacaq, ya da AÇ-nin iki finalında uduzan ilk məşqçi və antirekordçu kimi tarixə düşəcək. Bu baş versə, İngiltərə də müvafiq olaraq ardıcıl iki finalda uduzan ilk komanda olacaq. Xatırladaq ki, ötən AÇ-də ingilislər “Uembli”dəki həlledici oyunda penalti seriyasında İtaliyaya boyun əymişdilər. Ardıcıl olmasa da, AÇ-də iki finalda oynayıb məğlub olan komanda mövcuddu. Bu Yuqoslaviyadı (1960, 1968). Şəxsi oyunlarda qələbə sayında İngiltərənin üstünlüyü diqqəti çəkir (13:10). Son illərdə bu komandaların yolları o qədər də tez-tez kəsişmir. Son duel 2018-də Millətlər Liqasında baş tutub. Maraqlıdı ki, həmin vaxt səfərdə oynayanlar qələbəyə sevimişdi. İngiltərə Sevilyada 3:2, İspaniya isə “Uembli”də 2:1 üstün olmuşdu. Ümumiyyətlə, son 5 görüşə nəzər salsaq, qüvvələr nisbətinin bərabər olduğunu görərik. Bu müddətdə komandalar hərəyə 2 qələbə qazanıbsa, daha bir oyunda bərabərlik qeydə alınıb. Nəhəng turnirlərdə İngiltərə ilə İspaniya sonuncu dəfə AÇ-1996-nın 1/4 finalına qarşılaşıb. Həmin vaxt əsas və əlavə vaxtı qolsuz başa çatan dueldə meydan sahibi ingilislər penalti seriyasında üstün olmuşdular. DÇ-1982-nin ikinci qrup mərhələsindəki dueldə bu dəfə İspaniya meydan sahibi idi. “Santyaqo Bernabeu”dakı oyun da qolsuz başa çatmışdı. Bundan başqa, İngiltərə həm AÇ-1980-in qrup mərhələsində (2:1), həm də AÇ-1968-in seçmə mərhələsinin hər iki pley-off oyununda (evdə 1:0, səfərdə 2:1) qalib gəlib. Sonuncu oyunlar qeyri-formal şəkildə həm də AÇ-1968-nin 1/4 finalı sayılır. Yəni nəhəng turnirlərə nəzər salsaq, ingilislərin üstünlüyü gözə çarpır. İspaniya İngiltərə üzərində nəhəng turnirlərdə ilk və hələ ki yeganə qələbəsini 74 il öncə - DÇ-1950-nin qrup mərhələsində əldə edib (1:0).

Maraqlıdı...
İspaniya AÇ-2024-də 6 qələbə qazanıb və artıq indidən adını tarixə yazdırıb. Belə ki, indiyə qədər heç bir komanda bir AÇ-nin gedişində bu qədər qələbə qazanmamışdı. İngiltərə isə qitə turnirini qazanan 11-ci komanda kimi tarixə düşə bilər. İndiyə qədər 10 komanda – Almaniya, İspaniya, İtaliya, Fransa, SSRİ, Portuqaliya, Çexoslovakiya, Niderland, Danimarka və Yunanıstan AÇ-nin qalibi olub.

Letesye tarixə düşəcək
UEFA Şimon Marçinyak, Daniele Orsato və Fransua Letesye arasında seçim edərək sonuncuya üstünlük verdi. Marçinyak bu turniri o qədər də yüksək səviyyədə keçirmədi. Əslində finala karyerasını başa vurmağa hazırlaşan Orsato təyinat almalıydı. Amma 47 yaşlı italiyalı hakim 1/4 finalda idarə etdiyi İngiltərə - İsveçrə oyununda omba sümüyündən zədə aldı. Bu üzdən Letesye ön plana çıxdı. 35 yaşlı fransalı referi karyerasının ən mühüm oyununa çıxacaq. O, həm də mühüm bir göstəriciyə imza ataraq AÇ-nin finalını idarə edən ən gənc hakim kimi tarixə düşəcək! İndiyə qədər UEFA bayrağı altında 65 oyun idarə edən Letesye geridə qoyduğumuz mövsüm avrokuboklarda 10 oyuna təyinat almışdı. ÇL-in finalında isə o, 4-cü hakim funksiyasını icra etmişdi. Ötən il “Mançester Siti” ilə “Sevilya” arasında baş tutan superkubok oyununda fit sahibi olan bu ədalət təmsilçisi Liqa-1-in oyunlarına 2016-dan, yəni 27 yaşından təyinat almağa başlayıb. O, Fransa elitasında oyun idarə etmiş ən gənc hakimdi. Bundan cəmi 1 il sonra isə FİFA hakimi statusunu qazanıb. Bu turnirdə Letesye artıq qrup mərhələsində Danimarka – Serbiya və Xorvatiya – Albaniya, eləcə də 1/8 finalda İspaniya - Gürcüstan oyunlarını idarə edib.

Oyundan əvvəl
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:
“İngiltərənin heyətində yüksək səviyyəli futbolçular toplaşıb. Onların gülcü komandası var. Biz bilirdik ki, qalib olmaq istəyiriksə, dahi komandaları keçməliyik. Axı bu, Avropa çempionatıdı. Başqa cür ola da bilməz. Bizi çox çətin oyun gözləyir. İngiltərənin heyətindəki ulduzların adlarını sadalamağın indi heç bir mənası yoxdu. Oyunumuzu və səviyyəmizi bir qədər də yaxşılaşdırmaq istəyirik. İspaniya Avropa çempionu olmaq istəyirsə, bazar günü özünün meydanda ən yaxşı versiyasını nümayiş etdirməlidi”.

Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi:
“Bu işin qulpundan yapışmağımın yeganə səbəbi İngiltərəyə bir millət olaraq uğur qazandırmaq, yığma komandanı gücləndirmək və nəhəng turnirlərin finalına daşımaq arzusu idi. Bunu bacardığım üçün özümlə fəxr edirəm. Həlledici görüşdə bu turnirin ən yaxşı komandası ilə qarşılaşacağıq. Üstəlik hazırlıq üçün bizim onlarla müqayisədə vaxtımız daha az olacaq. Yəni işimizin asan olmayacağını bilirik. Amma bura qələbə üçün gəlmişik və hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Mən artıq təcrübəli məşqçiyəm. Yığmanın başında 100-dən çox oyun keçirmişəm. Bu müddətdə çox şey öyrənmişəm. Ötən AÇ-nin finalı istədiyimiz kimi keçməmişdi. Amma o qarşılaşma həm mənim, həm də komandam üçün ilk final idi. Bu dəfə eyni səhvləri təkrarlamamağa çalışacağıq”.

Ceff Herst, İngiltərə yığması ilə DÇ-1966-nın qalibi olan və həyatda qalan yeganə futbolçu:
“DÇ-ni qazanmış heyətdən sonuncu sağ qalan futbolçu kimi deyə bilərəm ki, İngiltərənin nəhəng turniri qazanmasını, futbolçuların kuboku başları üzərinə qaldırmasını görməyi lap çox istəyirəm. Hətta bunu nə qədər çox istədiyimi sözlə ifadə etmək çətindi. Söhbət təkcə futbolçulardan və məşqçilər korpusundan getmir. Bu, bütün dünyada olan ingiltərəli futbolsevərlər üçün böyük bir hadisə olardı”.

Dani Karvaxal, İspaniya yığmasının müdafiəçisi:
“Oyundan öncə Bellingemə mütləq mesaj göndərəcəm. Ona uğurlar arzulayacam. Çünki ona çox böyük hörmətim var və meydanda etdiklərinə heyranam. Düzdü, “Qızıl top”u onun əlindən almaq istəmirəm. Amma Avropa çempionluğunu ondan oğurlamağa dəyər”.

Koul Palmer, İngiltərə yığmasının kapitanı:
“Bu oyun bizim və ailələrimizin həyatını dəyişməlidi. Elə etməliyik ki, hər kəs, bütün ölkə bizimlə fəxr etsin. Finala çıxmısansa, işi sona çatdırmalısan! Amma digər tərəfdən, belə anlardan zövq almağı bacarmaq lazımdı. Çünki həyatda belə anlar o qədər də çox olmur. Hər iki komanda titulu qazanmaq üçün mübarizə aparacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
football-plus.az

10Mənbələr