AZ

ABŞ-də 2 milyonluq təqaüd qazanan Gursel: "Alovun rəngi görünməyənə qədər yandığımı bilmədilər"

"ABŞ universitetlərində doktoranturaya qəbul olmaq çox çətin bir prosesdir. Mən bakalavr məzunu olaraq doktoranturaya qəbul almışam, yəni magistratura dərəcəm olmadan. Bu sistem yalnız ABŞ-də var ki, bakalavrdan sonra, əgər sən çox güclü bir tələbəsənsə, o zaman doktoranturaya üçillik deyil, beşillik götürürlər. Beş il ərzində həm magistr məzunu olursan, həm doktorantura".

Bunu Oxu.Az-a müsahibəsində ABŞ universitetlərinə ümumilikdə iki milyon dollar təqaüd qazanan Gursel Abbas deyib.

- Gursel, əvvəlcə əldə etdiyiniz bu uğur münasibətlə sizi təbrik edirəm. Gəlin tanış olaq. Gursel Abbas kimdir?

- Çox sağ olun. Mən 1999-cu il iyul ayının 7-də Bakıda anadan olmuşam. Atam Xocavənddən, anam isə Füzulidəndir. 2017-ci ildə Dəyanət Türk Liseyini bitirmişəm. Liseyi bitirdikdən sonra İspaniyada tam təqaüdlə kimya sənayesi mühəndisliyi üzrə oxumaq üçün qəbul almışam. 2017-ci ilin sentyabrında İspaniyanın Xaen şəhərində ispan dilində kimya mühəndisliyi oxumağa başlamışam.

- Çətin olmadımı birdən-birə ispan dilində oxumaq?

- Başlayanda çətin idi ispanca oxumaq. İspaniyaya bir ay yarım tez getmişdim ki, dili öyrənim. Otaq yoldaşlarım ispanlar idi. Bir ay ərzində heç bir kursa getmədən ispan dilini B1 səviyyəsində öyrəndim və başladım birbaşa fakültədə oxumağa. Fevral ayına qədər yaxşı oxudum. Dördüncü kursda "Yaşıl kimya" dərsimiz vardı, zeytun yağından enerji alınması ilə bağlı bir layihə üzərində işləyirdik. Bu layihəni davam etdirəndə mən laboratoriyada faciə yaşadım. 20 fevral 2018-ci ildə laboratoriya yoldaşım gəlməmişdi, mən işlədiyim zaman prosesdə qəza baş verdi və mən yandım.

- Siz həmin vaxt nə düzəldirdiniz laboratoriyada?

- Zeytun yağından biodizel alınması prosesi ilə məşğul idim. Restoranlarda istifadə olunan zeytun yağları yığılır, sonra ondan biodizel istehsal edilir. Həmçinin prosesdə qliserol da alınır. Onun üzərində tədqiqat aparırdım. Orada metanoldan dolayı yanğına səbəb olan reaksiya baş verdi və nəticədə bədənimin 67%-i həmin gün yandı.

Bu hadisədən sonra Seviliyada 21 gün komada olmuşam. Ümumilikdə dörd ay yarım xəstəxanada yatmışam. 16 əməliyyat keçirmişəm, 150 saata yaxın narkozda olmuşam. Ondan sonra 2018-ci il iyulun 4-də xəstəxanadan çıxdım, gəldim Azərbaycana.

- Gəlməyinizin səbəbi müalicə olunmaq idi?

- Fiziki olaraq oynaqətrafı dəridə, adətən, daralmalar olur, onu aradan qaldırmaq üçün də ən azı altı ay fizioterapiya ilə məşğul olmaq lazım idi. Ona görə bu prosesi keçmək üçün Azərbaycanda qalmalı oldum, universitetə qayıtmadım. Çünki əyri yeriyirdim, qollarım, oynaq ətraflarım heç açılmırdı. Bu üzdən reabilitasiyam da çox ağrılı oldu.

2019-cu ilin fevralında artıq yaxşı idim. Dostlarım sağ olsunlar, məni heç vaxt tək qoymadılar. Liseydə oxumaqla yanaşı, "İnterpol" yarışlarında çox çıxış etmişəm, liseydə oxuduğum dönəmdə respublika çempionu olmuşam. Sonra "Breyn Rinq" üzrə Bakı çempionu olmuşam, "Xəmsə" yarışında iştirak etmişəm. Yəni həmişə efirlərdə idik. Həmin uşaqlar da sağ olsunlar, hamısı yanımda oldular və cəmiyyət içinə çıxmama, bunu kompleks etməməyə dəstək oldular.

- Bəs necə oldu ki, bu qədər çox yandınız?

- Metanol görünməz alovdur. 1990-cı illərə qədər "Formula-1"də sürücülər yanırdı, amma yandıqlarını bilmirdilər. Çünki o, rəngsiz olduğu üçün görünməyən alovdur. Onu yalnız paltarı yandıran zaman rəng dəyişəndə görmək mümkündür. Məndə də elə oldu. Üçlitrlik şüşədə olan metanol dağıldı üstümə və başladım qaçmağa. Mən qaçıram, amma ətrafda heç kim görmür ki, yanıram. Düşünürlər ki, tələbədir də, qaçır. Artıq o ki paltarımı yandırıb alovun rəngi bilinəndə dəhlizdəki professorlar gördülər və arxadan məni tutmağa çalışdılar. Apardılar məni xəstəxanaya, oradan isə helikopterlə Sevilyaya. Sevilya da mənim olduğum Xaendən təxminən 200 km aralıdadır. Beləcə, dediyim kimi, dörd ay yarım xəstəxanada yatmalı oldum.

- Hadisədən valideynlərinizin xəbəri yox idi, yəqin ki.

- İlk üç gün xəbərləri olmayıb. Sonra səfirlik axtarıb tapıb məni.

- Ailədə neçə uşaqsınız?

- Dörd. Mən və üç bacım. Ən böyük uşaq mənəm. Bacılarımın biri Bakı Dövlət Universitetində ərəbcə tərcüməçiliyi bitirdi bu il, digəri Dillər Universitetində fransız dilində oxuyur, sonuncumuz isə bu il imtahan verib. Balı 600-ü keçir, deyəsən, o da hüquqşünas olmaq istəyir.

- Gursel, ABŞ-də iki milyon dollar təqaüd qazanmısınız. Bu barədə nə deyə bilərsiniz?

- Başlayım ondan ki, ABŞ universitetlərində doktoranturaya qəbul olmaq çox çətin bir prosesdir. Mən bakalavr məzunu olaraq doktoranturaya qəbul almışam, yəni magistratura dərəcəm olmadan. Bu sistem yalnız ABŞ-də var ki, bakalavrdan sonra, əgər sən çox güclü bir tələbəsənsə, o zaman doktoranturaya üçillik deyil, beşillik götürürlər. Beş il ərzində həm magistr məzunu olursan, həm doktorantura.

- Bu halda nə olur?

- Bu halda mən universitetdə magistr pilləsində təqaüdlə oxumuş oluram. Çünki ABŞ-də təqaüdlə magistr oxumaq çox çətindir.

- Təqaüd sizin bütün yaşayışınızı qarşılayır?

- Mən doqquz universitetin üçündən magistraturaya qəbul almışam. Onlar pulludur, sadəcə, qəbul almışam. Altısından isə doktoranturaya tam təqaüdlə qəbul olmuşam. Universitetdə illik təhsil haqqı 30-40 min dollardır və beşillik hamısını ödəyirlər. Elə 200 min dollar buradan gəlir. Bundan əlavə, illik 36 min dollar maaş verirlər. Çünki mən tədqiqatçıyam və həftənin 40 saatını laboratoriyada olmalıyam. Ya dərs verməliyəm, ya da elmi-tədqiqat aparmalıyam. Buna görə verilən maaş 36 min dollardır, bunu da beş ilə vuranda təxminən edir 180 min dollar. Bundan əlavə, ilə üç min dollara yaxın olan sığortamı qarşılayırlar. Altı universitetdən təqaüd almışam deyə bunların toplamı artıq iki milyon dollar edir. Yəni ABŞ universitetlərinin mənə təklifi budur.

- Bəs bu altı universitetin arasından sizin seçiminiz hansıdır?

- Viskonsin-Medison Universitetində (University of Wisconsin-Madison) kimya mühəndisliyi üzrə təhsil.

- Universiteti bitirəndən sonra siz kim olursunuz?

- Kimya mühəndisliyi üzrə fəlsəfə doktoru oluram. İstəsəm, akademiyada qalıb professorluğa doğru gedə bilərəm, yaxud da sənayedə işləyə bilərəm.

- Bəs ürəyinizdən keçən nədir?

- Açığı, birbaşa akademiyada qalmağın tərəfdarı deyiləm. Çünki mən ikinci kursda olanda gəldim buradakı şərab zavodlarının birində dörd ay təcrübə keçdim və həmin təcrübə müddətində gördüm ki, nəzəriyyədə öyrəndiyimizi tətbiq edəndə nə qədər xəta olur. Prosesi görəndə adamın ağlına o qədər optimizasiya gəlir ki. Mən həmin zavodun həm laboratoriyada, həm də istehsalatda iki optimizasiyasını düşündüm, yazıb verdim və nəticədə xeyli enerjiyə qənaət etdilər.

Demək istəyirəm ki, o problemləri görüb, gətirib akademiyada işləmək üçün sənayenin içində olmaq lazımdır. Professorlar da deyirlər ki, Gursel, bu, çox yaxşı fikirdir. Elə etsən, daha yaxşı olar. Ona görə istəyirəm ki, doktoranturadan məzun olandan sonra prestijli bir şirkətdə dörd-beş il işləyim, görüm sənayedə olan problemlər nədir. Əgər yerində həll edə bilirəmsə, edim, bilmirəmsə, akademiyaya qayıdım və elmi tədqiqatlarım onların üzərində olsun.

- Bir sual verim, amma səmimi cavab verin. Təhsili başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürsünüz, yoxsa xaricdə qalmağı?

- Azərbaycana qayıtmaq... Mən vətənə bağlı insanam. Düzdür, Azərbaycana ildə bir dəfə gəlirəm, yəni mənəvi bağım var, fiziki olaraq isə burada olmaq istəmirəm, açığı. Həmişə bizim cəmiyyətə xeyir vermək istəyirəm və bunu gənclərə kömək edərək gerçəkləşdirirəm - yəni məlumatlarımı, bilgilərimi paylaşıram, sənədləşmə prosesinə kömək edirəm.

- Bəs gələcəkdə vətənə çağırsalar, seçiminiz necə olar?

- Gələcəkdə çağırsalar ki, gəlim, məsələn, Qarabağ Universitetində dərs deyim, gəlib orada seminarlar verərəm, amma burada yaşamağım üçün gərək ABŞ-də verilən maaşın ən azından eynisi verilsin ki, gəlim buraya.

- ABŞ-də nə qədər maaş verilir ki?

- ABŞ-də məzun olanda minimum alacağım maaş ilə 130-140 min dollardır. Aya təxminən 12 min dollar. Yəni mənə aya 20 min manat maaş verilməlidir ki, mən qalım burada.

- Valideynləriniz nə işlə məşğul olurlar?

- Atam tarix müəllimidir, Füzuli rayonunda orta məktəbdə işləyir. Keçən ilin oktyabr ayında nazir Emin Əmrullayevdən təhsildə xüsusi xidmətlərinə görə döş nişanı alıb. Anam ixtisasca bağça müəllimidir, amma biz doğulandan sonra işləməyib, evdar qadındır.

- Gursel, qeyd etdiniz ki, Qarabağ Universitetində işləmək istəyərsiniz. Maraqlıdır, bəs istədiyiniz məbləğ olmasa, belə çıxır ki, imtina edərsiniz?

- Onda mən ildə iki-üç aylıq gələ bilərəm. Uşaqlara dərs demərəm, oranın laboratoriyasını quraram, müəllimlərinə seminarlar keçərəm, müəllimləri yetişdirməyə kömək edərəm. İldə iki-üç aylıq gəlmək olar, yəni bunun üçün böyük məbləğ verməsələr belə, sonucda uşaqların gələcəyi üçün gəlib-gedə bilərəm. Amma burada qalmağım üçün dediyim məbləği istəyərəm, yəqin ki.

- Sizin yanıqdan aldığınız xəsarətlərin tam sağalması üçün bir yol varmı?

- Deyim sizə. Keçən ilin mayında buradan uçurdum Türkiyəyə. Aeroportda iki nəfər yaxınlaşıb soruşdu ki, bu yanıq xəsarətləri haradandır sizdə? Adətən, belə suallara cavab vermirəm. Onlardan biri qayıtdı ki, bəs bağışlayın, mən həkiməm, yanımdakı isə AHMMD (Ala Hayat Minik Masumlar Derneği) ianə fondunun rəhbəridir, biz bilmək istərdik, bu yanığın səbəbi nədir? Razılaşdım. Oturduq, söhbət etdik və təklif etdilər ki, gəl sənin yanıqlarını düzəldək. Beləcə, bu ilin fevral ayından onlar məni martda bir, apreldə bir və iyun ayında daha bir dəfə əməliyyat etdilər. Bu əməliyyatların hamısı ümumilikdə haradasa 50-60 min dollarlıq əməliyyatlardır, amma sağ olsunlar, mənə pulsuz ediblər. Son olaraq dedilər ki, artıq bu il çox narkoz almısan, bir də gələn il əməliyyat oluna bilərsən.

- Bəs nə yaxşı pulsuz etdilər əməliyyatları?

- O fond bu işlərə baxır. Gedirlər, məsələn, Əfqanıstana, Suriyaya, Azərbaycana da gəliblər. Adətən, yanıqdan xəsarət alan uşaqları müalicə edirlər. Mənə də dedilər ki, biz həyatımızda belə uğurlu insan görməmişik. Biz istəyirik ki, sənə yaxşılıq edək. Həyat, qədər, qismət deyim buna. Beləcə, biz qarşılaşdıq və bu əməliyyatları keçirdim.

- Gursel, siz belə bir çətinlikdən sonra təhsilə qayıtmısınız və uğur qazanmısınız. Sizcə, yenidən ayaqlanıb elmin arxasınca belə inadla getməniz bir istəkdir, mübarizədir, yoxsa özünü cəmiyyətə sübut etməkdir?

- Ooo, çox qəşəng sual oldu... özünü sübut etmək... Mən məktəb dönəmindən kimyaçı olmaq arzusuna düşdüm. Sonra kimyaçıların ancaq laboratoriyada, mənim üçün sıxıcı görünən iş sahibi olduqlarını gördüm. Orada proseslərə çox da müdaxilə etmirlər. Prosesə müdaxilə məsələsinin kimya mühəndisliyində olduğunu kəşf etdim və gəldim. Amma bir məsələ var ki, mən həmişə deyirdim ki, kim oluramsa-olum, ən yaxşısı olacağam. Əgər kimya mühəndisi olmaq istəyirəmsə, ən yaxşı yerdə oxuyacağam və nəticədə ən yaxşı kimya mühəndisi mən olacağam. Bəs ən yaxşı necə ola bilərəm? Kəşflər edə bilərəm. Ortaya elə proseslər qoyaram ki, bütün dünya ondan danışar. Bəs bunun üçün nə etməliyəm? Elmi tədqiqatlar aparmalıyam, konfranslara çıxmalıyam, dünyanın ən yaxşı universitetlərinin birində magistratura oxumalıyam, doktorantura oxumalıyam. Mənim uğurlarım hamısı bu ideya ətrafından keçib gəlib.

- Bu gün ən kiçik uğursuzluqdan ruh düşkünlüyü yaşayan gənclərə nə tövsiyə edərdiniz?

- Gənclərə tövsiyəm odur ki, dərzi də olsanız, dülgər də olsanız, çalışın, ən yaxşısı olun. Onu hədəfləyəndə istər-istəməz pul özü gəlir. Mən, məsələn, heç vaxt düşünməmişəm ki, kimya mühəndisi olandan sonra o qədər qazanacağam, bu qədər qazanacağam. Tutaq ki, konfransa gedəcəyəm, pul məsələsini nə edim, necə edim? Mən ancaq nəticəyə köklənmişəm. Əvvəl o konfransa getməyi qazanım, gerisinə sonra baxarıq. Belə düşünmüşəm. İşimin keyfiyyətinə görə Gənclər və İdman Nazirliyi keçən il Las-Veqasa, bu il də Bostona gedib elmi konfranslarda iştirak etməyim üçün bütün xərclərimi qarşılayıb.

- Gursel, bəs ailənizin maddi təminatı sizin xərcləriniz üçün yetərli olubmu?

- Xeyr. Mən ailəmdən yalnız 2019-cu ildə, yəni oxumağa başladığım birinci ildə pul aldım. Koronavirus pandemiyası vaxtı gəldim buraya, sonra getdim Polşaya. Polşada həm mənə təqaüd verirdilər, həm də velosipedlə kuryerlik edirdim.

Sonra da Türyan Məmmədova - azərbaycanlı biznesmendir Çikaqoda. Onunla biz 2016-cı ildən intellektual yarışlardan tanışıq, dedim ki, əgər orada Azərbaycandan imkanı olan kimsə varsa ki, tələbəyə kömək etməyə hazırdır, borca aya 300-400 dollar versin, yaşam xərclərimi qarşılayım, sonra geri qaytararam. O da sağ olsun, məndən hesab nömrəmi istədi və məzun olana qədər mənim bütün xərclərimi qarşıladı. Yenə də ailədən asılılığım yoxdur. Keçən yay isə ABŞ Dövlət Departamentinin təqaüdünü qazandım.

- Hazırda hansı dilləri bilirsiniz?

- İspan, ingilis, türkcəni akademik səviyyədə bilirəm, bir də Azərbaycan dilini. Polyak dilini az-çox bilirəm. Portuqal, italyanca isə mənimlə danışan olanda başa düşürəm, amma ispanca cavab verirəm.

- Son sualımı verim. Gurselin özü üçün cızdığı ən ali zirvənin ünvanı haradır?

- O ünvan, bəlkə də, kimlər üçünsə komik səslənər, amma düşünürəm ki, elm sahəsində Azərbaycanın indi Lev Landausu yoxdur. Niyə də o mən olmayım ki? (gülür) Məqsədim, hədəfim həmişə böyükdür.

- Uğur arzulayıram!

- Təşəkkür edirəm!

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
oxu.az

10Mənbələr