AZ

“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”

“Ona görə də Pezeşkiyanın prezident olacağı tədqirdə belə, onun istər İrandakı soydaşlarımızın problemlərinin həllinə, istərsə də Azərbaycan-İran münasibətlərinə yeni müsbət bir nəfəs gətirəcəyi inandırıcı görünmür...”
 
“Tamamilə doğru qeyd edirsiz ki, “Azərbaycan türkü olduğu deyilən” Pezeşkiyan... O əslində etnik qarışıq ailədəndir. İran mənbələrindən yayılan məlumatlarda bildirilir ki, onun atası Azərbaycan türkü, anası isə kürddür. Və hətta bəzi tanınmış İran mühacirləri qeyd edirlər ki, Pezeşkiyan kürd dilində də səlist danışır. Halbuki İran azərbaycanlıları adətən kürd dili danışmırlar. Yəni bu da bir iddiadır”.
 
Bunu Moderator.az əməkdaşının “Azərbaycan türkü olduğu deyilən Məsud Pezeşkiyanın II turda lazımi səs toplayıb prezident seçiləcəyi halda İran rejiminin oradakı soydaşlarımıza, eyni zamanda quzeydəki Azərbaycan Respublikasına qarşı siyasəti az da olsa, müsbətə doğru dəyişilə bilərmi?” sualına cavab verərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
 
“Prinsip etibarilə hesab edirəm ki, hətta seçiləcək prezident təmiz azərbaycanlı olsa belə, onun Azərbaycan-İran əlaqələrinə hər hansı bir təsiri olmayacaqdır. Əvvəla, ona görə ki, İran siyasətində olan hər bir insan İran dövlətinin maraq müstəvisindən çıxış edir və həmin dövlətin maraqlarına xidmət edir. İkincisi, ona görə ki, İranda prezident elə də böyük səlahiyyət sahibi deyil. Yəni ölkənin istər daxili, istərsə də xarici siyasəti ali dini rəhbər və onun rəhbərlik etdiyi ali dini şura tərəfindən müəyyən olunur. Ona görə də Pezeşkiyanın prezident olacağı tədqirdə belə, onun istər İrandakı soydaşlarımızın problemlərinin həllinə, istərsə də Azərbaycan-İran münasibətlərinə yeni müsbət bir nəfəs gətirəcəyi inandırıcı görünmür”, -deyə davamında ekspert diqqətə çatdırıb. 
 
“Azərbaycan-İran münasibətləri daim enişli-yoxuşlu olubdur.  Və belə də davam edəcək. Xüsusilə də indiki geo-siyasi durumda, Cənubi Qafqaz uğrunda böyük mübarizənin getdiyi bir vaxtda inanmıram ki, Azərbaycan-İran münasibətləri hamar yolla gedəcək. Hətta Pezeşkiyan prezident seçilərsə belə, mən bunu gözləmirəm. Ən azı ona görə ki, Qafqaz uğrunda mübarizə aparan böyük güclərdir. Yəni orada bir tərəfdə ABŞ başda olmaqla Qərb, NATO-dur, digər tərəfdə isə Rusiya və onun tərəfdaşlarıdır. Əlbəttə, İran-Rusiya tandemi var. Lakin hər hansı bir maraq müstəvisinə gəldikdə hər tərəf öz maraqlarına xidmət edir. Müştərək maraqlar tapmaq bir sıra hallarda çətinliklər yaradır. Və mən düşünmürəm ki, Rusiya İranın Azərbaycandakı təsirinin güclənməsində maraqlıdır. Heç ona da inanmıram ki, İran da bu istiqamətdə, yəni Azərbaycanı öz təsir dairəsinə salmaq cəhdlərindən imtina etsin. Və Azərbaycanın da bu şəraitdə ABŞ-ı bir tərəfdən, Rusiyanı digər tərəfdən kənara qoyaraq İranı üstün tutacağı mümkün deyil. Hələ ortada Azərbaycanın strateji müttəfiqi sayılan Türkiyənin də olduğunu unutmayaq. Və bunlar da onu deməyə əsas verir ki, Azərbaycan-İran münasibətləri bundan sonra da hamar davam etməyəcək.  Yəni yenə də İran tərəfindən müxtəlif təhdidlər olacaq, müxtəlif təsirlərə cəhdlər olacaqdır.  Azərbaycan tərəfindən də adekvat addımlar  atılacaqdır. Bax belə... Qaldı, ümumiyyətlə, Azərbaycanda çox geniş yayılmış bir mülahizəyə əsasən guya Azərbaycan türkünün prezident olmasının İran-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcəyinə, mən buna inanmıram. Ona qalsa, elə İranda ən böyük səlahiyyət sahibi olan Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir və o artıq neçə illərdir İrana rəhbərlik edir. Nəsə dəyişibmi? Heç nə dəyişməyib. Həmin “SEPAH” generallarının arasında da xeyli azərbaycanlılar var. İndiyədək nəsə dəyişibmi? Heç nə də dəyişməyibdir.  Və heç nə də dəyişməyəcək. Mən belə düşünürəm”- deyə analitik yekunlaşdırıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
moderator.az

10Mənbələr