AZ

“Polis hətta cani ilə də qanun çərçivəsində davranmalı, fəqət ehtiyatı əldən verməməlidir...”

“Cəmiyyətdə polis-vətəndaş münasibətlərini normallaşdırmaq üçün yeganə yol, qanunvericiliyin tələbləri ilə insani duyğuları heç birinə xələl gətirmədən, heç birini tapdalamadan tarazlaşdırmaqdadır... Çünki biz hər şeydən əvvəl insanıq, Azərbaycan vətəndaşıyıq, Allah bəndəsiyik...”
 
“Bu günlərdə, demək olar ki, ardıcıl şəkildə gənc həmkarlarım olan 4 polis əməkdaşının əməliyyat zamanı qətlə yetirilməsi məni ürəkdən sarsıtdı... Özümün cavan yaşlarımda bir polis kimi fəaliyyətimin müəyyən ibrətamiz məqamlarını xatırladım... 
 
Yadımdadır ki, keçmiş sovet dövründə SSRİ Daxili İşlər Nazirliyinin “Sovetskaya militsiya” adlı jurnalında dərc olunmuş “Ağıl riskdən üstündür” adlı məqalədə sovet respublikalarında polis qətlləri ətraflı şərh olunur və bu cür halların qarşısının alınması yolları göstərilirdi... 
 
...1993-cü il idi... 38 yaşım var idi.  Xidmətimi Sabunçu Rayon Polis idarəsində davam etdirirdim.  Bir gün əməliyyat növbətçisi idim...  Ağır ölüm hadisəsi törətmiş bir qatili otağıma gətirmək barədə  növbətçi köməkçisinə tapşırıq verdim. Gecə yarıdan xeyli keçmişdi. Dustağı təhvil verən  köməkçiyə getməyi əmr etdim. Polis əməkdaşı tərəddüdlə üzümə baxa-baxa otağı tərk etdi. İkimiz qaldıq: qatil və mən... Xidməti tabel silahım yanımda olsa da, xeyli sonradan anladım ki, bu, sırf bir polis əməkdaşı kimi tərəfimdən böyük bir ehtiyatsızlıq oldu. Hətta stolun üstündə karandaşın ucunu yonmaq üçün kiçik bıçaq da var idi. Bir sözlə, bu söhbət gözlənilmədən ağır faciə ilə nəticələnə bilərdi… 
 
Ancaq hər şeyə rəğmən dustaqla söhbətimiz çox səmimi keçirdi. Siqaret təklif etməyim, mərhəmətli davranışım onu ürəkləndirirdi...
 
“Rəis, qətlə yetirdiyim adam  rəhmətlik qardaşımı öldürmüşdü, -deyə qatil sözə başladı, - Onlar yaxın dost idilər. Hadisə Rusiyada baş vermişdi. Qardaşımın günahının bilinməməsi və qatilin azadlıqda gəzməsi ürəyimə od salır, heysiyyatıma toxunurdu. Qürurum sınmışdı. Qoca ata-anam isə dönə-dönə mənə artıq-əskik hərəkət etməməyi, qardaşımı öldürən şəxsi Allaha tapşırmağımı təkid edirdilər. Lakin yenə də bir yerdə qərar tuta bilmirdim. Bir gün eşitdim ki, qardaşımın qatili Bakıya gəlib və özünə toy edir. Gecə qəbirdə olan qardaşım yuxuma girdi… Dəli kimi olmuşdum.”Parabellum” tapancam vardı, amma cəmi 2 gülləsi qalmışdı...
 
Toy axşamı tapancamı götürüb hasardan aşıb toyxanaya girdim. Heç kəs məndən şüphələnmədi. Yavaş-yavaş bəylə gəlinin masasına yaxınlaşdım. Arzum bu idi ki, gülləm boşa çıxmasın və gəlinə dəyməsin. Bir-iki addımlıqdan atəş açıb bəyin düz alnından vurdum. O biri gülləni də havaya atıb hasara doğru yüyürdüm. İkinci atəşdən də çaşğınlıq yarandığından heç kəs arxamca gəlməyə cəsarət etmədi. Hasarı atlayıb qəbiristanlığa gəldim. Qardaşımın məzarını qucaqlayıb doyunca ağladım. “Allah hər ikimizə rəhmət eləsin”, -dedim...”
 
Qatil həmsöhbətim qətl gecəsi Rusiyaya qaçmış və bir müddət sonra Bakıya gələrkən polis əməkdaşları tərəfindən yaxalanmışdı...
 
Bu hekayəti dinlədikdən sonra cani olsa da, qəlbimdə ona qarşı bir mərhəmət hissi baş qaldırdı. Ancaq bütün hallarda o, insan öldürmüşdü və onun haqda son hökmü məhkəmə verməli idi... 
 
Bu ibrətamiz olayla bağlı yazım o vaxtın məşhur mətbu orqanlarından biri olan, Babək Hüseynoğlunun baş redaktorluq etdiyi “Aydınlıq”qəzetində dərc olundu və oxucular tərəfindən maraqla qarşılandı... 
 
Bir gün  bəhs etdiymiz qatilin yaşadığı ərazidə xidmət edən sahə inspektoru polis idarəsinə gəlib dedi ki, qarşı tərəf onun ata-anasından intiqam almaq niyyətində imiş, lakin bu yazını oxuduqdan və valideynlərin “Onu Allaha tapşır, işin olmasın” söyləməsini bildikdən sonra qətlə yetirilmiş gəncin qohumları qan tökmək fikrindən daşınıblar...
 
Nəql etdiyim bu olay və  son günlər cinayətdə şübhəli bilinən və ya axtarışda olan şəxsə qarşı əməliyyat zamanı cavan polis əməkdaşlarının qətlə yetirilməsi hadisələrini yan-yana qoyub təhlil edəndə yaranan ilk sual bu olur: 
 
“Bəs əslində polis qatillə, residivistlə, yaxud cinayətdə şübhəli bilinən şəxslə necə davranmalıdır?”
 
Mənim təsvir etdiyim nümunədə başqa bir insanı qətlə yetirmiş bir şəxslə insani, səmimi bir davranış, onun öz dərdini bölüşməsinə rahat şərait yaratmaq, amma eyni zamanda, öncə dediyim kimi, bir polis əməkdaşı olaraq ehtiyatsızlıq elementləri üzə çıxır... Polislərin qətli ilə bağlı olaylarda isə artıq ehtiyatsızlıq və ya digər səbəblərdən polis əməkdaşlarının öldürülməsi faktları  var... Özü də etiraf etmək lazımdır ki, son hadisələrə Azərbaycan cəmiyyətində heç də tam birmənalı reaksiya olmadı. Bəzi  vərəndaşlar hətta polislərin qətlinə haqq qazandırdı... Və kimlərsə bundan yararlanaraq ya sadəcə öz düşüncəsi ilə, ya da hansısa qüvvələrin təsiri altında məqsədyönlü şəkildə, ümumiyyətlə, Azərbaycan polisini tam qara rəngdə təqdim etməyə, cəmiyyətlə polis arasında dərin bir qarşıdurma yaratmağa çalışır. Belə olan halda dərindən düşünməliyik: bəzi insanlarımızda polislərimizə qarşı belə aqressivlik haradan qaynaqlanır? Bu sual bizi “Əslində polis qatillə, yaxud cinayətdə şübhəli bilinən şəxslə, residivistlə və s. necə davranmalıdır?” sualına tərəfsiz, balanslaşdırılmış bir cavab hazırlamağa vadar edir.  Əlbəttə, bəhs edilən hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi bütün əməkdaşlara adi vətəndaşlarla, cinayətdə şübhəli bilinənlərlə, axtarışda olanlarla, residivistlərlə və s. mövcud qanunlar çərçivəsində davranmaqla yanaşı, ehtiyatlı olmaq, müvafiq təlimatlara ciddi əməl etmək barədə göstəriş və tövsiyələrini verib. Lakin biz də bir cəmiyyət olaraq özümüz son olaylardan ciddi nəticə çıxarmalı və həm polisin vətəndaşa, həm də vətəndaşın polisə qarşı münasibətlərinin necə olması haqda düşünməliyik...
Bəzi depuatatlar da təklif edir ki, polisə qarşı silah tətbiq edənlərə qarşı cəzalar daha da sərtləşdirilməlidir. Lakin yalnız bununla məsələ bitirmi? Burada qanunvericiliklə paralel polis-vətəndaş, vətəndaş-polis, polis-qatil və s. münasibətlərində insani aspektləri də nəzərə almaq lazımdır...
Cavan polis zabiti Mehman Mehmanovun timsalında gördük ki, hətta qatillə də, qanun çərçivəsində, həm də insan kimi davranmaq olar. Ancaq həmin qatildə insanlıq duyğuları tamamilə ölmüş ola bilərdi... Odur ki, polis əməkdaşı belə halda ehtiyatı əldən verməməli, ən azı qatillə təkbaşına söhbət etməməli idi... Bir sözlə belə nəticəyə gəlirik ki, polis hətta cinayətkarla da, qatillə də qanun çərçivəsində davranmalı, fəqət heç vaxt ehtiyatı əldən verməməlidir...
 
Bəs polisin küçədə, yaxud şəxsi mənzilində qanuni şəkildə, müvafiq sanksiyalar olmaqla keçirdiyi hər hansı əməliyyatla üz-üzə gələn vətəndaş necə davranmalıdır? Təbii ki, vətəndaş da polisin qanuni tələblərinə tabe olmalı, əməliyyat şəraitinə uyğun göstərişləri səbirlə yerinə  yetirməlidir... Bir sözlə, cəmiyyətdə polis-vətəndaş münasibətlərini normallaşdırmaq üçün yeganə yol, qanunvericiliyin tələbləri ilə  insani duyğuları heç birinə xələl gətirmədən, heç birini tapdalamadan tarazlaşdırmaqdadır... Çünki biz hər şeydən əvvəl insanıq, Azərbaycan vətəndaşıyıq, Allah bəndəsiyik... Allah xalqımızı, müstəqil dövlətimizi, dövlətçiliyimizi qorusun!..
 
Mehman Mehmanov, Daxili İşlər Nazirliyinin  Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, istefada olan polkovnik. 
 
Moderator.az üçün
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
moderator.az

10Mənbələr