AZ

Tələblər, proqramlar və imkanlar: Xaricdə təhsil almaq üçün nə etməliyik

Xaricdə təhsil tələbələrə xarici ölkələrdə akademik və mədəni təcrübələr qazandıraraq, onların şəxsi və peşəkar inkişaflarına böyük töhfə verir. Xaricdə təhsil proqramları müxtəlif səviyyələrdə təklif olunur - bakalavr, magistratura, doktorantura və qısamüddətli dil kursları kimi. Bu təhsil növü tələbələrə yeni bilik və bacarıqlar öyrənməklə yanaşı, fərqli mədəniyyətlər və yaşam tərzləri ilə tanış olmaq imkanı da yaradır.

Bəs xaricdə təhsil almaq istəyən şəxslər hansı addımları atmalıdırlar? Oxu.Az bu mövzunu araşdırıb.

İlk olaraq başlayaq abituriyentlərdən. Onlar bakalavr təhsilini xaricdə almaq üçün nə etməlidirlər?

Beynəlxalq təhsil üzrə ekspert Mirzə Məmmədli Oxu.Az-a bildirib ki, şagirdlər ilk növbədə hansı ölkədə və hansı universitetdə təhsil almaq istədiklərini müəyyənləşdirməlidirlər. Bu prosesdə universitetlərin təklif etdiyi proqramlar, qəbul tələbləri və təhsil haqları kimi məlumatlar öyrənilməlidir. Onun sözlərinə görə, qəbul şərtləri universitetlərə görə dəyişir. Bu araşdırmanı abituriyentlər özləri də edə bilərlər, nüfuzlu və tanınmış xaricdə təhsil şirkətlərinə də müraciət edə bilərlər:

"İlk olaraq universitetin saytına girib, anketi doldururlar. Universitet onlara bir müddətdən sonra qəbul olub-olmadıqları barədə cavab verir. Qeyd edim ki, bu proses çox vaxt aparır. Əgər abituriyent vaxtını buna sərf etmək istəmirsə, rəsmi, güvənli xaricdə təhsil şirkətinə müraciət etməlidir. Bu şirkət onun əvəzinə istədiyi universitetlərə sənədləri göndərir, endirim ala bilir və s.

Müəyyən ölkələrdə ali məktəblərə tək attestatla qəbul olmaq mümkündür, bu daha çox Türkiyə üçün spesifikdir. Bundan başqa, Ukrayna və Rusiyada da bu cür təhsil forması var, ancaq diplomları tanınmır. Attestatla qəbul olmaq istəyənlər üçün heç bir imtahan tələb olunmur".

Təhsil eksperti deyir ki, xaricdə təhsil almaq üçün tələb olunan dil bilikləri çox vacibdir. Əksər hallarda tələbələrdən TOEFL (Test of English as a Foreign Language), IELTS (International English Language Testing System) kimi beynəlxalq dil sertifikatları tələb olunur. Nüfuzlu universitetlərə qəbul olmaq istəyənlər isə SAT (Scholastic Assessment Test) imtahanı verməlidirlər:

"Avropada və ABŞ-də təhsil almaq istəyən abituriyentin 11 il ərzində attestatının ortalama qiymətləri və IELTS, TOEFL, SAT nəticəsi tələb olunur.

Hər bir universitetin özünün spesifik tələbləri var. Bunlar vahid qaydada deyil. Siz müraciət etdiyiniz zaman həmin universitetin qaydaları ilə tanış olursunuz. Bunun üçün xüsusi bir vaxt yoxdur. Ayda bir dəfə, yaxud da iki aydan bir imtahanlar var. Şagird nə vaxt özünü hazır hiss etsə, o vaxt imtahan verə bilər. Avropada oxumaq üçün minimum 6.5 IELTS balı tələb olunur. ABŞ-də oxumaq istəyirsə, TOFEL -100, IELTS - 6.5, 7, SAT-da minimum 1200 balı keçməlidir. Reytinqi yuxarı olan bəzi universitetlərə SAT imtahanı da tələb olunur. Abituriyentlər yuxarı nəticələr yığa bilirlərsə, həmin universitetlərə qəbul olurlar. SAT - ABŞ-də və digər ölkələrdə universitetlərə qəbul üçün istifadə olunan standartlaşdırılmış bir imtahandır. O, həm dil biliyi (Reading and Writing), həm də ingilis dilində riyaziyyat (Math) bölmələrindən ibarətdir. SAT imtahanı daha çox Oksford və Kembric kimi nüfuzlu universitetlərə qəbul olmaq üçün lazımdır".

Bundan başqa, ölkəmizdə xaricdə təhsil üçün müxtəlif dövlət proqramları mövcuddur. Bunlar tələbələrin xarici universitetlərdə təhsil almaları üçün maliyyə dəstəyini təmin edir.

Elm və Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir:

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı" Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Dövlət Proqramının icrası Dövlət Neft Fondunda bu məqsədlə nəzərdə tutulan vəsait hesabına həyata keçirilir".

Bildirilib ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramına Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət sənəd qəbuluna start verildikdən sonra portal.edu.az şəxsi kabineti üzərindən həyata keçirilir.

Dövlət proqramına müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərə dair məlumatı //dp.edu.az/ portalından almaq mümkündür. Müraciət zamanı yaş həddi meyarı tətbiq edilmir.

Müvafiq qaydalara əsasən, namizədin təhsil alacağı və ya aldığı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALP, DUOLİNGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması vacibdir. Əgər namizəd beynəlxalq təhsil proqramları (IB Diploma Programme, Advanced Level of General Certificate of Education, Advanced Placement) üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında nəticəyə malikdirlərsə, dil biliyi sertifikatı tələbindən azad olunurlar".

Qeyd edilib ki, "2022-26-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2022-ci ildə 371, 2023-cü ildə isə 381 nəfər təqaüd qazanıb. Müvafiq qaydalara əsasən, proqrama müraciət sənəd qəbuluna start verildikdən sonra portal.edu.az şəxsi kabineti üzərindən həyata keçirilir.

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində isə Azərbaycan vətəndaşlarının xaricdə təhsili digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdığı və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Xaricdə bakalavriat, magistratura və doktorantura təhsili almaq istəyən Azərbaycan Respublikası vətəndaşları bu proqrama müraciət edə bilərlər. Hazırda HTP çərçivəsində təhsil 10 ölkə üzrə həyata keçirilir: Çin Xalq Respublikası, Macarıstan, Latviya, Rumıniya, Rusiya (MGİMO ali təhsil müəssisəsi üzrə), Slovakiya, Türkiyə (YTB ilə əməkdaşlıq çərçivəsində doktorantura), Tacikistan, Qırğız Respublikası və Qazaxıstan. Bildirilib ki, sözügedən ölkələrə müraciət şərtləri, tələb olunan sənədlər və seçim meyarları təqaüd ölkəsindən asılı olaraq dəyişə bilir. Ümumi olaraq, seçim prosesində namizədlərin yüksək akademik göstəriciləri, əvvəlki təhsilini təsdiq edən sənədlər (diplom və əlavəsi), IELTS, Duolingo, DİM, SAT və digər beynəlxalq səviyyəli imtahan nəticələri, xarici dil biliyi səviyyəsi və s. faktorlar nəzərə alınır.

HTP ölkələrinin bəzilərində müraciət üçün qarşı tərəfin tətbiq etdiyi yaş məhdudiyyəti var. Məsələn, Macarıstan HTP-yə cari il üzrə 31 avqust tarixinə qədər 18 yaşı tamam olmayan şəxslərin müraciət etməsi mümkün deyildir. Yaş məhdudiyyəti və digər meyarlarla bağlı elan mətnlərində ətraflı məlumat verilir. Xarici dil tələbləri HTP ölkəsindən asılı olaraq dəyişə bilir, eyni zamanda, hər tədris ili HTP-yə müraciət sayı və rəqabətlilik səviyyəsi nəzərə alınaraq bu tələbdə dəyişikliklərin olması istisna edilmir. Namizədlər portal.edu.az platforması üzərindən HTP-yə müraciət edə bilirlər.

Qeyd edək ki, sözügedən platforma üzrə "Xaricdə Təhsil Üzrə Dövlət Proqramları və ya Hökumətlərarası Təqaüd Proqramları" xidməti seçilərək sənəd qəbulu aktiv olan HTP-yə müraciət etmək mümkündür. Müraciət proseduru barədə elan mətnlərində ətraflı məlumat verilir. HTP barədə daha ətraflı məlumatı //htp.edu.az/az/index internet səhifəsindən əldə etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
36
valyuta.az

10Mənbələr