AZ

Argentina millisi Olimpiya Oyunlarına Lionel Messisiz yollanacaq

Futbol üzrə Argentina millisi bu il Fransada keçiriləcək Yay Olimpiya Oyunları (Paris-2024) üçün heyətini açıqlayıb.

Arena.az məlumat verir ki, ən diqqətçəkən məqam, “albiseleste”nin heyətində 37 yaşlı ulduz hücumçu Lionel Messinin yoxluğudur.

Xatırladaq ki, 23 yaşa qədər futbolçualrdan ibarət Olimpiya yığmalarının heyətinə yaşı 23-dən yuxarı olan 3 futbolçunun daxil edilməsinə icazə var. Messi bu seçimlərdən biri kimi nəzərdən keçirilsə də, bir müddət əvvəl müsahibəsində Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirmişdi. Gözlənildiyi kimi, “Leo” qərarını dəyişməyib. Ulduz futbolçu hazırda ABŞ-da keçirilən 2024-cü il Amerika Kubokunda iştirak edir və yaşı, həmçinin son vaxtlar yorğunluq səbəbilə aldığı zədələri əsas gətirərək, Olimpiya Oyunlarından imtina edib.

Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunlarında futbol yarışı iyulun 24-dən avqustun 10-dək Parisdə və Fransanın digər altı şəhərində keçiriləcək.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 184 oyun keçirib, 108 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

“Transfermarkt” internet-portalı 37 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
arena.az

10Mənbələr