AZ

“Ermənistan Konstitusiyası dəyişmədən də cərçivə sazişini imzalamaq olar”

Rasim Musabəyov: “Əgər sənədə Ermənistan Konstitusiya Məhkəməsi ikibaşlı rəy verəcəksə, heç kim Azərbaycanı məcbur edə bilməz ki, bu sənədi ratifikasiya etsin”
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hazırda mane olan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalardır. Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi tələbi gündəmdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan da, digər erməni rəsmiləri də bir neçə ay əvvəl konstitusiyalarında dəyişiklik zərurəti olduğunu bəyan ediblər. Paşinyan bunun Azərbaycanın tələbi olduğu iddialarını təkzib etsə də, erməni müxalifəti Baş naziri “Bakıdan gələn təlimat əsasında Ermənistan Konstitusiyasını dəyişdirmək” istəyində ittiham edir.
Görünür, Paşinyan bu ittihamlardan yayınmaq üçün son dövrlər bəyanatlarında korrektələr edib. Məsələn, Baş nazir yenə də konstutusiya dəyişikliyinin zərurətini dilə gətirsə də, ana qanunda dəyişiklik olmadan da sülh sazişinin imzalana biləcəyi mesajını verir.
Azərbaycanlı ekspertlərin əksəriyyətinin fikri isə bundan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, mənfur “miatsum” ideyası ləğv edilmədən imzalanacaq sülh dayanıqlı olmayacaq.

Milli Məclisin deputatı Rasim Musabəyov isə bir qədər fərqli düşünür. Millət vəkili AYNA-nın suallarını cavablandırarkən bildirib ki, Paşinyanın bu gün bir, sabah başqa bəyanat verməsi, ziddiyyətli açıqlamaları yeni deyil:
- Biz bu bəyanatlara artıq öyrəşmişik. Baxın, bu ilin yanvarında Paşinyan özü, Azərbaycanın təkidi olmadan dedi ki, Ermənistan Konstitusiyasında bir çox dəyişikliyə ehtiyac var. Bunu Baş nazir Azərbaycanın tələbi kimi deməmişdi, bildirmişdi ki, hələ 2018-ci idə, hakimiyyətə gəldikdən dərhal sonra yeni konstitusiya qəbulu barədə komissiya yaradıblar. Fevral ayında Paşinyan təkrar dedi ki, Ermənistan Konstitusiyası ilə bağlı problemlər mövcuddur, çünki orada Qarabağın Ermənistana “birləşdirilməsi” məsələsi var ki, bu, sülh sazişinə mane olacaq. Və bəyan etdi ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana “birləşdirilməsi” barədə müddəa çıxarılmasa sülh olmayacaq, yeni müharibə olacaq və s. Yəni demək istəyirəm ki, bunu Paşinyan özü deyirdi. İndi isə başqa cür danışır, Azərbaycana mesaj verir ki, Ermənistan Konstitusiyasına əhəmiyyət verilməsin.
Bilirsiniz, Paşinyan bu gün təzyiq altındadır. Konstitusiyanı dəyişmək üçün gərək referendum keçirsin. Referendumda da gərək seçicilərin ən azı yarısım iştirak etsin. Paşinyan anlayır ki, erməni müxalifəti bundan istifadə edəcək, qarışıqlıq böyüyəcək və referendum pozulacaq. Bundan sonra isə Paşinyanın istefası məsələsi gündəmə gələcək. Ona görə də Baş nazir ziddiyyətli bəyanatlar verir. Bir növ, Paşinyan indi çırpınır. Altı il əvvəl deyirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”, müharibə oldu, “Qarabağ Azərbaycandır və nida!” bəyanatı yerinə yetirildi və Praqada Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdi. Yəni Ermənistan rəhbəri çox rahatlıqla sözünü dəyişə bilir.
- Amma bu ziddiyyətli mövqe sülh sazişini yubadır...
- İndi demir ki, ana qanuna dəyişiklik olmadan da sülh sazişi imzalana bilər? Zəhmət çəksin bu məsələni, sülhü əngəlləyən problemi aradan qaldırsın. Konstitusiyanın dəyişdirilməsi problemi Paşinyanın, ümumilikdə Ermənistan hakimiyyətinin problemidir. Sazişi Ermənistan rəhbərliyi imzalayacaq, sonra müxalifətin tələbi ilə sənədi Konstitusiya Məhkəməsinə göndərəcək. Paşinyan Konstitusiya Məhkəməsinin elə bir qərar verməsinə nail olmalıdır ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünün Qarabağ daxil tanınması şərhi qeyd edilsin. Getsin Konstitusiya Məhkəməsinin bu qərarı çıxarmasına müvəffəq olsun.
Əslində dərindən baxsaq, Azərbaycan üçün Ermənistan Konstitusiyasında nəyin yazılmasının  əhəmiyyəti yoxdur. Azərbaycanın ərazi bütövlüyünü Ermənistanla imzalanan kağız parçası yox, Azərbaycan Ordusunun, xalqının və Ali Baş Komandan, lider İlham Əliyevin iradəsi təmin edir.
- Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən imzalanan sülh sazişi nə qədər etibarlı ola bilər?
- Məsələyə bir qədər real baxmalıyıq. Elə təsəvvür olmamalıdır ki, sabah Ermənistan Konstitusiyası dəyişdi, yaxud mövcud Ermənistan Konstitusiyasında məhkəmə Azərbaycana qarşı ərazi iddiası barədə maddəni ləğv etdi, hər şey bununla bitdi. Yox, elə deyil. Buna arxayın olmaq mümkün deyil. Məsələn, Rusiya Budapeşt sənədinə imza atdı ki, nüvə silahları təhvil verilsə, Ukraynaya heç vaxt hücum etməyəcək. Gözümüzün qarşısında bu gün Rusiya Ukraynanı dağıdır. Yaxud da, Moskva bir neçə müqaviləyə əsasən Krımı Ukrayna ərazisi kimi tanımışdı, amma Krımla yanaşı, Ukraynanın 5 vilayətini işğal etdi. Demək istədiyim odur ki, Ermənistanın imzaladığı hansısa sənədə tam etibar etmək olmaz. Bir neçə ildən sonra Ermənistanda revanşitlərin hakimiyyətə gəlməyəcəyini, yenidən təcavüzkar siyasətə başlamayacağına kimsə zəmanət verə bilməz. Bu səbəbdən də hər zaman ordumuz güclü olmalıdır, özümüz də ayıq-sayıq olmalıyıq.
Məsələ burasındadır ki, Ermənistan Konstitusiyası dəyişmədən sülh sazişini imzalamamağımız ölkəmizə qarşı beynəlxalq təzyiqlərə səbəb olur. Azərbaycan elə görünür ki, guya qeyri-konstruktivlik nümayiş etdirir, sülhdən yayınan tərəfdir və s. Azərbaycana qarşı təzyiqlər isə Ermənistana sərf edir. Paşinyan da “konstitusiya sülhə mane olmur” deməklə həm zaman qazanır, həm də Bakını “sülhdən yayınan tərəf” kimi göstərmək istəyir. Bu mənada, hesab edirəm ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən də, hazırlanan sülh sazişi mətni Azərbaycanı qane edirsə, bunu imzalamaq olar. Dövlət başçısı səviyyəsində yox, xarici işlər nazirləri səviyyəsində çərçivə sənədi imzalanması mümkündür. Necə ki, Türkiyə ilə Ermənistan arasında Sürix protokolları imzalanmışdı. Sonra isə bu sənədin ratifikasiyası olmalıdır. Sabah sazişin imzalanması o demək deyil ki, bununla da hər şey bitdi, yox, bu, hər iki tərəfin parlamentində ratifikasiyadan keçməlidir. Çərçivə sənədi imzalanandan sonra Paşinyan hökuməti zəhmət çəksin, imzaladığı sənədi öz konstitusiyaları ilə uyğunlaşdırsın.  Əgər sənədə Ermənistan Konstitusiya Məhkəməsi ikibaşlı rəy verəcəksə, heç kim Azərbaycanı məcbur edə bilməz ki, bu sənədi ratifikasiya etsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
ayna.az

10Mənbələr