AZ

Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabının Yazıçılar Birliyində təqdimatı

(Təəssüratlarım silsiləsindən)

Xuraman  xanım  Muradova təkcə şair, yazıçı, publisist  yox,  həm də  Müasir Azərbaycan səhiyyəsinin  aparıcı səhiyyə ocaqlarından olan “Vip Milan” Hospitalının təsisçi direktorudur. O, uzun illərdir, səhiyyə sahəsində çox böyük fədakarlıqla xalqımıza, Azərbaycanımıza  yüksək səviyyədə xidmət etməkdədir. Məhz  səhiyyə və sahibkarlıq  sahəsindəki xidmətlərinə görə də çoxlu mükafatlara layiq görülüb.

Bax, bütün bu işgüzar fəaliyyəti ilə bərabər Xuraman xanım həm də uzun illərdir ki, bədii yaradıcılıqla da  məşğul olur. O,  Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür. Türk Dünyası Beynəlxalq Elmlər  Akademiyasının fəxri professoru və  Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur.  II  Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında “Türk dünyası Onur” medalına, 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Humay Milli Mükafatı”na layiq görülüb. Xuraman xanım 2023-cü ilin oktyabr ayında Türkiyənin Elağız  şəhərində keçirilən Beynəlxalq “Xəzər şeir axşamları” şeir festivalında Azərbaycanı təmsil edərək Türk Ədəbiyyatı Vəqfinin “Türk ədəbiyyatına üstün hizmət”  beratına layiq görülüb. Eləcə də İraq Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Hizmət ödülü”,  Kərkük Kültür Dərnəyinin “Türk şeirinə hizmət” ödülü və Türkiyə Elmlər Akademiyasının “Altun yıldız madalyası” ilə təltif olunub.

O, uzun illər şeirlər, hekayələr, esselər, publisist yazılar  yazsa da, amma mətbuatda çap etdirmək istəməyib. Artıq beş ildir ki, onun şeirləri, hekayələri, publisist yazıları mətbuatda mütəmadi çap olunur. Elə ilk şeirlərilə böyük oxucu marağına səbəb olub. Onun  2021-ci ildə “Sənə məktub yazacam” ilk şeirlər kitabı çap olunub və çox maraqla qarşılanıb. Bundan sevinən və bədii yaradıcılığa marağı  daha çox artan Xuraman xanım, 2023-cü ildə Türkiyənin Ankara şəhərində türk dilində “Ay Laçın, can Laçın” adlı ikinci kitabını çap etdirib və bu kitab  türk oxucularının böyük marağına səbəb olub. Artıq onun “Özbəkistanım mənim! Sən də ana Vətənim!”  adlı kitabı Özbəkistanda,  “Salam olsun Qarabağdan Tanrıdağa” kitabı isə Qırğızıstanda çap olunub.  “Əsrə bərabər 20 il” kitabı Xuraman xanım Muradovanın beşinci kitabıdır. Azərbaycan Yazıçılar Birliyində də məhz bu kitabın təqdimatı oldu.

Bir həqiqəti deyim ki, belə siyasi mövzulu əsərlər çox çətin oxunur. Əksər müəlliflər  çox vaxt sənədli fikirləri bir-birinə calaşdırıb yazırlar. Çox  vaxt da  rəhbərin həyatında baş verən və gördüyü işləri, tarixi hadisələri, qəzetlərdə yazılan məqalələri, oçerkləri,  politoloqların, siyasi şərhçilərin dediyi fikirlərin “qolunu-qanadını” sındırıb, öz fikirləri kimi oxuculara “sırıyırlar”. Məhz ona görə də bu səpkili  kitablar yazıldığı vaxtdan cəmi dörd-beş ay keçməmiş unudulur və tarixinn arxivinə  atılırlar.

Amma bu kitabın yüksək məziyyətləri haqqında, kitabın redaktoru, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, PEN Klubun prezidenti, dünya şöhrətli yazıçı və həmin tədbirin aparıcısı Çingiz Abdullayev öz çıxışında belə maraqlı fikirlər dedi:

-Xuraman xanımın Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbulunu Xalq yazıçımız Natiq Rəsulzadə təqdim etmişdi və biz də onun kitabı, yazdığı şeirləri və hekayələri oxuyub, üzvülüyə qəbul etdik. Sevinirəm ki, biz yanılmamışıq. Artıq az bir zamanda Xuraman xanımın kitabları təkcə respublikamızda yox, qardaş Türkiyə Cürhuriyyətində, Özbəkistan və Qırğızıstan respublikalardında da çap olunub. Mən Azərbaycan yazıçılarının kitablarının xarici dillərdə çap olunmasına çox sevinirəm. Çünki həmin  yazıçılar Azərbaycanımızı dünyada tanıdırlar. Bu, çox müqəddəs missiyadır. Xuraman xanımın da kitablarının xarici ölkələrdə çap olunmasına çox  şadam. Bu yüksək yaradıcılıq fəaliyyətinə görə bu il “Humay Milli” mükafatına da layiq görülüb. Bu gün də bura yığışmağımızın məramı məlumdur. Əslində bu gün cənab İlham Əliyevdən nə qədər yazılsa da çox azdır. Çünki onuun president kimi iyirmi illik fəaliyyəti və son dörd ildə gördüyü əfsanəvi işlər haqqında  yazıçılarımız, jurnalistlərimiz çox yazmalı, silsilə tamaşalar hazırlanmalı və kinofilmlər çəkilməlidir. Mən kitabın redaktorlarından biri kimi bu kitabı oxumuşam və bu tədbirə toplaşanların da çoxu oxuyub. Bu kitab özünün peşəkarlığı, bədii fikirlərdən ustalıqla istifadə olunmasında və publisistikanın axarlı, oxunaqlı olmasında çox maraqlıdır. Yəqin ki, çıxış edənlər də öz ürək sözlərini deyəcəklər. Amma ilk öncə sözü Xuraman xanımın özünə verirəm. O, bu kitabın ərsəyə gəlməsi və məziyyətləri  haqqında danışsın.

Xuraman xanım Muradova tədbirə toplaşanları salamladı və yeni yazdığı kitab haqqında belə dedi:

-Bu  kitabı yazmaq mənim bu millətin övladı kimi vəfa borcumdur. Mən çox şadam ki, bu kitabın redaktoru, Xalq yazıçısı Çingiz Abdullayev və məsləhətçisi, Xalq yazıçısı Natiq Rəsulzadədir. Kitab doqquz bölümdən, doqquz essedən ibarətdir. Belə ki, birinci bölümdə Azərbaycan dövlətinin 1969-cu ildən  başçısı olmuş, Sovetlərin vaxtında Azərbaycanı SSRİ-nin on beş respublikası arasında ən ön sıralara   çıxarmış, SSRİ-nin on beş dəfə  Keçici Qırmızı Bayrağını almış, məmləkətimizin sənayesini, kənd təsərrüfatını, maldarlığını yüksək səviyyədə dirçəltmiş, Azərbaycan kəndlisinin yüksək səviyyədə rifah halını yaxşılaşdırmış dahi Heydər Əliyevin birinci hakimiyyəti dövründən başlayaraq və onun ikinci hakimiyyəti illərində müstəqil Azərbaycanın ideya müəllifi, memarı, qurucusu  olmuş  Ulu Öndərin keçdiyi çox keçməkeşli illərini bir yazıçı kimi  maraqlı cümlələrlə, məzmunlu və bədii formalı fikirlərlə qələmə almışam və hətta bu vaxta qədər yazılmamış  çoxlu  maraqlı faktları ortaya çıxartmışam. Yəqin kitabı oxuyanlar həmin yeni faktları da oxuyublar.

İkinci bölümdə-essedə bu maraqlı fikirləri ümummilli lider Heydər Əliyevin müstəqillik ilərində on ildə təməl daşını, bünövrəsini  çox möhkəm səviyyədə qoyduğu Azərbaycan dövlətinin iyirmi ildə cənab prezidentimiz  İlham Əliyev tərəfindən necə pillə-pillə tikildiyini bədii cümlələrlə, tarixi sənədlərlə, faktlarla işləmişəm ki, oxucular bu kitabı oxuyanda yorulmasın. Buradan bu vaxta qədər bilmədiyi fikirləri, mənbələri öyrənsinlər.

 “Əsrə bərabər 20 il” kitabımda üçüncü  bölüm-esse 2003-cü ildən cənab İlham Əliyevin  Azərbaycanın inkişafı, iqtisadi, sənaye, kənd təsərrüfatı potensialının yüksəlişi, insanlarımızın rifah halının yaxşılaşdırılması, sahibkarlara lazım olan bütün şəraitlərin yaxşılaşdırılması  üçün  gördüyü işləri ən kiçik detallarına, faktlarına kimi  bir salnamə formasında, oxunaqlı dildə qələmə almışam. Həm də bu kitabda təkcə Azərbaycan dövlətinə, dövlətçiliyinə, cənab prezident, Ali Baş Komandan İlham Əliyevə və Qarabağ müharibəsinə həsr etdiyim şeirlərlə birlikdə, kitabdakı hər fəsildə cənab Ali Baş Komandanın sitatlarından və artıq aforizmə çevrilmiş cümlələrindən, beynəlxalq səviyyəli fikirlərindən  də lazım olan səviyyədə istifadə eləmişəm.

Bu kitabda dördüncü bölümdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan  Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın  respublikamız üçün gördüyü işləri tutarlı fikirlərlə, faktlarla esse formasında qələmə almışam. Bu kitabı və əsasən də bu bölümü oxuyanlar xalqımızın iftixarı, böyük sərkərdəmiz, dahi şairimiz Şah İsmayıl Xətai və onun xanımı Taclı bəyim XV əsrdə Azərbaycan dövlətini necə qurmalarını qələmə almaqla,Taclı bəyim  bütün döyüşlərində Şah İsmayılın yanında olub və döyüşlərdə də vuruşmasını həvəslə yazmışam. Və öz cümlələrimlə təsdiq etmişəm ki, keçmiş tarix təkrarlandı. Mehriban xanım Əliyeva da Qarabağ döyüşlərində həmişə cənab İlham Əliyevin yanında oldu. Cənab Prezidentimizlə birlikdə Birinci vitse –prezident kimi əsgərlərimizi  döyüşlərə ruhlandırdı və yeri gələndə hətta xarici jurnalistlərə də cənab prezidentimiz İlham Əliyev kimi tutarlı cavablar verib, onları susmağa məcbur elədi. Dünyanın sülhsevər ölkələrini bizi dəstəkləməyə çağırdı və buna, bu çətin işə də nail oldu. Bu gün də Qarabağda gedən quruculuq işlərində Mehriban xanım  cənab prezidentimiz İlham Əliyevin yaındadır.

Mən bu essedə  həqiqətən də İlham Əliyevi və Mehriban xanım Əliyevanı  qüdrətli, məğrur Qartalın qoşa qanadına bəzətmişəm.  Məhz həmin qoşa qanadlı bu Qartal Azərbaycanı həm göydən, həm də yerdən qoruyur. Bu iki böyük şəxsiyyətin uzaqgörən siyasəti, məğrurluğu 2020-ci ilin sonunda 44 günə Qarabağı  erməni gavurlarından təmizlədi və  2023-cü ilin sentyabr ayının 23-də cəmi 23 saata lokal xarakterli döyüşlə  Ağdərəni, Xocavəndi, Əsgəranı, Xocalını, Xankəndini erməni separatçılarından  tam təmizlədi. Azərbaycanın üç rəngli  Bayrağı bütövlükdə Qarabağda dalğalandı.

Ona görə də  “Əsrə bərabər 20 il”  kitabında yazdığım fikirlərlə tam  sübut eləyirəm ki, bu qələbədə cənab İlham Əliyevlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidməti var. Və zaman  keçəcək onların adı bu qələbə ilə bağlı qoşa qanad kimi  tarixlər boyu  çəkiləcək, yaşayacaq. Şanlı ordumuzun döyüşlərə necə ruhlandırdıqları haqqında da mənim burada yazdıqlarım öz təsdiqini tapacaq. Eləcə də Mehriban xanım Əliyevanın YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü çox böyük işlər də,  Qarabağ  müharibəsindəki qələbəmizin qarantlarından biri olduğu kimi  təsdiq olunacaq.

Sonrakı bölümdə-essedə Qarabağ müharibəsinin qələbəsinin təməl daşının ulu öndər Heydər Əliyev tərəfindən  birinci və ikinci hakimiyyəti dövrlərində qoyulduğunu  “Ürəklərdə  Ölümsüzləşən Öndər Şəxsiyyət” bölümündə, essesmdə  tarixi, maraqlı fikirlərlə, tutarlı faktlarla, bədii fikirlərlə  qələmə almışam. Və çalışmışam sübut eləyim ki, bir vaxtlar dahi Heydər Əliyev tərəfindən Bakıda Hərbi məktəblərin yaradılması, azərbaycanlıların Hərb sahəsində təhsil alması, Hərb  elminin sirlərinə yiyələnməsi və ikinci hakimiyyəti dövründə Hərb sahəsində ali məktəbin yaradılması sübut elədi ki, bizim çox savadlı, bacarıqlı  zabitlərimiz var. Onlar  qardaş Türkiyə Cümhuriyyətində öz təcrübələrini artırmaqla çox az bir vaxtda qüdrətli ordu yarada bildilər. Bax, Ulu Öndərin bu uzaqgörən siyasəti də  Qarabağ müharibəsinin bizim xeyrimizə həll olunmasını təmin elədi. Bununla da cənab İlham Əliyev ata vəsiyyətinə tam  əməl edərək torpaqlarımızı yağı düşmənlərdən təmizlədi. Bu fikri Şəhidlər Xiyabanında televiziya vasitəsilə xalqa bəyan etməsi hər bir azərbaycanlı tərəfindən böyük alqışlarla qarşılandı və bir daha Ulu Öndərin, cənab İlham Əliyevin heykəllərini uşaqdan böyüyə  bütün həmvətənlərimizin ürəklərində, qəlblərində  əbədi ucaltdı.

Bu kitabda “ Türk  Dünyasına Müzəffər Oğul Bəxş Edən  Ana” bölümü, essesi  də mənim bir müəllif kimi fikrimcə maraqlıdır. Mən bu bölümdə dünya şöhrətli akademik, çox böyük ziyalı Zərifə xanım Əliyevanın həyatından da  maraqlı detalları yüksək səviyyədə bədii formada  qələmə almışam. Zərifə xanımın bir akademik kimi  dünya tibb elmi üçün gördüyü əvəzsiz işlər və ən əsası da İlham Əliyev kimi bir şəxsiyyətin yetişməsində böyük xidmətlərini çalışmışam ki, gözəl və bədii formada qələmə alım. Burada ilk öncə ana-bala münasibətini zərif və qırmızı  xətlərlə oxucuya çatdırmağa çalışmışam. Çalışmışam ki, oxucu tam inansın ki, məhz belə bir dünya şöhrətli ana, belə dünya şöhrətli oğul böyütməli idi və böyüdüb. Dahi Heydər Əliyevin və dahi Zərifə xanım Əliyevanın ailəsində tərbiyə alan, böyüyən oğul elə bu səviyyədə igid sərkərdə və uzaqgörən siyasətçi, öz xalqını dərin məhəbbətlə sevən, onun yolunda canından belə keçməyə hazır olan şəxsiyyət olmalı idi və oldu da.

Bu kitabdakı “Biz hamımız Ali Baş Komandanın əsgərləriyik” bölümünü  belə bir fikirlə tamamlamışam: “ Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir  dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya  sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu gün  Azərbaycanın  ərazi bütövlüyü tam təmin olunub. Xocalı, Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi və bütövlükdə Qarabağ tam  azaddır. Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” ifadəsi  sözün əsl mənasında qızıl sözlər kimi hər bir insanın, azərbaycanlının  sevinclə, qürurla təkrarladığı aksiomaya çevrildi”…

Kitabda  “Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlığı Turanın ayaq səsləridir” bölümü-essesində də çalışmışam ki, maraqlı, tutarlı fikirlərilə sübut eləyim ki, “Şuşa bəyənnaməsi Çin sərhədlərindən Adriatik hövzəsinə qədər bölgələrdə yaşayan böyük vahid Türk Dövlətləri Birliyinin yaranışı əlamətlərini daşıması baxımından tarixi bir bəyənnamədir”.

Bəli. Artıq biz qətiyyətlə deyə bilərik ki, tezliklə Türk Dövlətləri Birliyi yaranacaq. Bununla bağlı belə bir fikir də yazmışam: “ Turan, Türküstan; bütün türk soylu xalqların birləşdiyi nöqtə Azərbaycan və  Qarabağın kilidini açmaq demək idi.  Dağlıq  Qarabağ kənardan Azərbaycanın problemi kimi görünsə də, əslində Türk dünyasının problemi idi. Yenidən doğulmağın, yenidən birləşməyin açarı olan bu problem şükürlər olsun ki, həll olundu. Türk  ordusu  Cənubi Qafqazda məskunlaşdı. İki qardaş ölkə əl-ələ verdi. Qələbəmiz taleyimizə çevrildi. Türkiyə Dağlıq Qarabağın işğaldan azad olunmasını “Zəfər Günü” kimi qeyd edən Azərbaycanın tərəfində, yanında oldu. Bu tarix də böyük bir ilk oldu. Bir ilkə çevrildi. Bu, həm də Türk gücündən qorxan, onu parçalayan, birləşməsinə mane olan qüvvələrə bir mesaj oldu. Beləliklə, Bakı-Tibilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tibilisi-Ərzurum Təbii  Qaz Boru Kəməri,  Bakı-Tibilisi-Qars Dəmir Yolu Xətti və TANAP həyata keçdi və reallaşdı. Deməli, türkdilli xalqları bir-birindən ayırmaq daha heç bir dövlətə müyəssər olmayacaq.  Əgər əvvəllər Türk fatehləri qılınc  gücünə türkdilli xalqları  birləşdirmək istəsələr də bu, onlarda alınmadı. Amma dahi Heydər Əliyev atalarımızın bu maraqlı “ Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”  kəlamına  söykənib, türkdilli xalqları iqtisadi cəhəttdən birləşdirdi və bu müqəddəs yolu da cənab İlham Əliyev tez bir zamanda bütövlükdə və tam reallaşdırdı. Bəli. Türkdilli xalqlar artıq iqtisadi cəhətdən birləşib. İndi qalır rəsmi cəhətdən birləşməsi. Bu da tezliklə reallaşacaq.”.

Sonuncu bölümdə Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlu ilə apardığımız  müsahibə -  “Xilaskarı dəstəkləmək, Milləti Dəstəkləmək  Deməkdir” bölümündə-essesində də mən Ağalar İdrisoğlunun verdiyi suallara da bir yazçı kimi  zərgər dəqiqliyi ilə cavablar vermişəm. Bu bölümdə də mən cənab İlham Əliyevin ağlını, zəkasını, düşüncəsini, diplomastiyasına, yüksək sərkərdə olduğunu, iyirmi ildə Azərbaycan üçün gördüyü qlobal işləri  tutarlı cümlələrlə sübut eləməyə çalışmışam. Bu bölümdə mən bu fikirləri demişəm: “Mən həmişə Ali Baş Komandanımızın siyasi kursunu əsgər kimi dəstəkləyən bir insan kimi demək istəyirəm ki, bundan sonra da “Dəmir yumruğu”un  ətrafında sıx birləşəcəyik. İstər ölkə paytaxtında, istər regionlarda, istər yeni həyat işartıları qoyulan Qarabağımızda tibbi, mədəni-sosial və  bütün quruculuq işlərimizdə biz də öz töhfələrimizi verəcəyik, İnşAllah!

Allah Azərbaycanımızı qorusun! Allah xalqımızı, millətimizi, dövlətimizi, Ali Baş Komandanımızı və  bizim əzizimiz, dəyərli bacımız, Birinci vitse-prezidentimiz Mehriban xanımı və onun övladlarını, nəvələrini qorusun! Allah ölkəmizə əmin-amanlıq bəxş edən Ali Baş Komandanımızı bu xalqa gözüdolusu versin! Allah dövlətimizi, dövlətçiliyimizi, dövlət başçımızı qorusun! Amin inşAllah!”

Xuraman xanımın “Əsrə bərabər 20 il” kitabı haqqında dediyi bu ətraflı fikirlər təqdimata gələnlərin hamısının ürəyincə oldu və bundan sonra onlar da kitab haqqında öz fikirlərini dedilər.

Azərbaycan Yazıçılar Birliyinin katibi,  çox maraqlı yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli:

-Keçən il Xuraman xanım Muradovanın burada təqdimatı keçirilən ilk kitabı “Sənə məktub yazacam” haqqında böyük təəssüratım yaranmışdı. Bu gün də “Əsrə bərəabər 20 il” kitabının təqdimatına yığışmışıq. Birinci kitabında öz düşüncələrini poetik formadan yüksək səviyyədə qələmə almışdı. Bu kitabı isə bir növ publisistikadır. Bu janr da çox çətindir. Mən belə fikirləşirəm ki, Xuraman xanım bu kitabda da istəyinə nail olub. Əgər yazıçı yazdığı əsərdə istəyinə nail ola bilirsə, bu, onun böyük uğuru və qələbədir.

Azərbaycan Yazıçılar Birliyinin katibi, maraqlı şair-tərcüməçi Səlim Babullaoğlunun dediklərindən:

-Bu kitab yaxşı yazılıb. Burada təkcə son iyirmi il yox, keçən əsrin 1970-ci illərindən başlayaraq əlli illik yaşadığımız dövr müəllif tərəfindən tutarlı faktlarla işlənib. Həm də burada Xaq şairimiz Nəriman Həsənzadənin Xuraman Muradovanın təkcə yazıçı kimi yox, həm də səhiyyəmizin keşiyində dayanan, şəhid ailələrinə, qazilərə rəhbərlik etdiyi Milan Hospitalda həkimlərilə birlikdə böyük xidmətindən bəhs edən maraqlı şeir var. İnanıram ki, bu kitab oxucular tərəfindən də maraqla qarşılanacaq.

 Millət Vəkili, Mədəniyyət komisiyasının sədri Fazil Mustafanın dediklərindən:

-Xuraman xanım təkcə yazıçı, sahibkar kimi yox, həm də yüksək intellektli bir xanım kimi dövlət səviyyəli tədbirlərdə öz süzünü yüksək səviyyədə deyir və onun çıxışları maraqla qarşılanır. İnanıram ki, bu kitabı da oxuclar tərəfindən maraqla qarşılanacaq. Həm də bu kitab həm Azərbaycan dövləti, dövlətçiliyi və  həm də Qarabağ müharibəsilə bağlı maraqlı salnamə kitabdır.

Millət Vəkili Jalə xanım Əliyevanın dediklərindən:

-Biz Xuraman xanımla üç-dörd ay bundan qabaq yaxından tanış olsaq da, amma mən onun çıxışlarını bir neçə ildir ki, izləyirdim və “Sənə məktub” yazacam şeirlər kitabından bəstəkarların bəstələdiyi və müğənnilərin peşəkar səviyyədə  oxuduğu mahnıları maraqla dinləyirdim. “Əsrə bərabər 20 il” kitabı publisistika olsa da müəllif burada elə maraqlı bədii cümlələrdən istifadə eləyib və onun bu fikirləri də kitabı oxunaqlı edib. Həm də Xuraman xanım sözlə Ali Baş Komandanımızın əbədi heykəlini yarada bilib. Əlbəttə, Ali Baş Komandanımızın fəaliyyəti bir kitaba sığmaz. Yəqin ki, yazarlarımız Xuraman xanımın bu kitabından bəhrələnib, yeni kitablar yazacaqlar. Mən də bu kitabın oxucular tərəfindən maraqla qarşılanacağına əminəm.

Millət Vəkili Razi Nurullayevin dediklərindən:

-Dünyanın ən aparıcı ölkələrində sosial sahibkarlıq uzun illərdir ki, fəaliyyət göstərir. Çox sevindirici haldır ki, Xuraman xanım da  bu sahədə ilk uğurlu addımlarını atan sahibkarlarımızdandır. Xuraman xanımın başqa sahibkarlardan ən böyük bir fərqi var ki, o, həm də yazıçıdır. Yazıçılıqla sahibkarlığı birləşdirə bildiyinə görə bu kitabında Azərbaycan dövlətçiliyini, sahibkarlığı, iqtisadi inkişafımızı da maraqla işləyib. İnanıram ki, bu kitab sahibkarlar üçün də maraqlı olacaq.

Ədəbiyyat qəzetinin baş redaktoru, orijinal fikirli çoxlu yazıların müəllifi  Azər Turanın dediklərindən:

-Xuraman xanımın bu kitabı bədii formada qələmə alınan bir növ siyasi kitabdır. Bu kitabda da müəllif son  əlli illik Azərbaycan tarixinin salnaməsini yaradıb. Və bu salnamənin pik nöqtəsini Qarabağla tamamlayıb. Burada şanlı qələbəmiz və Qarabağda gedən quruculuq işləri  ətraflı qələmə alınıb. Xuraman xanım Muradova da bu fikirləri öz çıxışında ətraflı dedi. Mən də inanıram ki, bu kitab oxucular tərəfindən maraqla qarşılanacaq. İndi ən əsası odur ki, biz media işçiləri bu kitabı təbliğ edək ki, daha çox oxucu  oxusun.

Bu kitab haqqında yazıçı Varis, şairə Nəcibə İlkin, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu və bir neçə Millət vəkilləri, alimlər, tənqidçilər, filoloqlar, yazıçılar  da çox maraqlı fikirlər söylədilər. Bütün çıxış edənlərin çıxışlarının ali məqsədi bu oldu ki, müəllif bu kitabında özünün orijinal fikirlərini qələmə alıb və əvvəllər yazılmış  heç bir təkrar fikirlərdən, cümlələrdən istifadə eləməyib. Ən əsası isə kitabda çox böyük səmimiyyət var. Bu səmimiyyət Ulu Öndərdən başlamış, Ali Baş Komandanımıza, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə və qalib xalqımızadır. Ən əsası isə müəllifin vətəndaşlıq borcudur.

Mən də fikirlərimin sonunda bir daha vurğulamaq istəyirəm ki, Xuraman xanım Muradovanın yazdığı  “Əsrə bərabər 20 il” kitabı yüksək peşəkar yazıçı, publisist təxəyyülü ilə qələmə alınıb. Bu kitab tarixlər boyu yaşayacaq və hər bir azərbaycanlının, xalqımızın tarixini, keçdiyi məşəqqətli yolları, öklə başçılarımız olan dahi Heydər Əliyevin və qüdrətli prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərin çox tutarlı, maraqlı  salnaməsini öyrənmək üçün ətraflı, dərin bir mənbədir. Ona görə də inanıram ki, bu kitab, hər bir azərbaycanlının stolüstü kitabı olacaq. Həm də inanıram ki, bu kitab  tezliklə  Azərbaycan dövlətinin ən yüksək  mükafatlarına layiq görüləcək.

Yazımın bu yerində məşhur  ədib  Maksim Qorkinin yazıçı haqqında olan bu aforizmi yadıma  düşdü: ”Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm”. Yeqor Rozen isə deyir ki, “ həyatımız qısa, vaxtımız məhdud olduğu üçün yalnız dəyərli kitablar oxumalıyıq”.

Bax, Xuraman xanım  Muradova da “Əsərə bərabər  20 il”  kitabında  Maksim Qorkinin və Yeqor Rozenin kəlamlarına əməl eləyib və  müstəqil  Azərbaycan dövləti, dövlətçiliyi, iki yüz ildən sonra xalqımızın böyük qələbəsinə həsr olunan  çox maraqlı, tarixdə əbədi  qalan dəyərli  bir kitab yazıb və sözdən əbədi heykəl ucaldıb.

Əbədi söz heykəliniz mübarək Xuraman xanım!

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi,
04-13 iyun 2024-cü il



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
3
herbiand.az

10Mənbələr