AZ

Rusiyanı 5 yerə bölmək planı: Bu, mümkündürmü? (ŞƏRH)

"Qərb Rusiyanı parçalamaq istəyir. Ancaq nəzarət edilən parçalanma modeli üzərində düşnür. Çünki Rusiya ərazisində nüvə silahları var, logistik tranzit nəhəngidir. Qərbi qorxudan odur ki, bu parçalanma prosesi başlayarsa, Rusiyada yaşayan bütün xalqlar dövlət olma mücadiləsi üçün mübarizəyə başlayarlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Azər Hüseynov Qərbin Rusiyanı beş yerə bölmək planını şərh edərkən deyib.

A.Hüseynov bildirib ki, dünya iki siyasi düşüncənin mübarizəsini yaşayır:

”Total qloballizm düşüncəsi mövcuddur. Yəni, dünyanın milli fərqləri, mədəni fərqləri, tarixi fərqləri nəzərə alınmadan vahidləşdirilməsini arzulayanlar var. Bu vahidləşmənin nümunəsi isə liberal dünyanın etalonu hesab edilən ABŞ-dır. Bütün xalqlar həyat tərzləri, siyasi sistemləri, məişətləri etibarilə ABŞ-a bənzəməlidir. 1948-52-ci illərdə reallaşan və daha sonra 1991-ci ildən sonra Vahid Avropa halına gətirilən layihə də birinci siyasi fəlsəfi düşüncənin məhsuludur”. 
 


Ekspert hesab edir ki, ikinci yanaşma ənənəvi dünyanın böyük dövlətlər və onların ətrafında kiçik milli dövlətlər yanaşmasıdır:

”Bunu tarixi dövlətlər olan Rusiya, Çin, Britaniyanın bəzi siyasi dairələri, Türkiyə, İran təmsil edir. Birincilər transmilli iqtisadi maliyyə oyunçuları tərəfindən dəstəklənirlər. Dünyada hamı kola içməlidir, hamı sosial şəbəkələrdə olmalıdır, bunların da alqoritmləri vasitəsi ilə dünya ictimai siyasi fikri idarə edilməlidir. Amma ikincilər, başda Rusiya olmaqla transmilli iqtisadi maliyyə oyunçularının tərəfdaş olmasını istəyir, onların hər şeyə müdaxiləsinin qarşınısı alır, zaman-zaman oliqarxları bir Kreml zalında "islah edir”. Yaxud da gedər gəlməzə göndərir. İndi Serb qisminin liderinin söylədiklərində təbii ki, bir həqiqət vardır. Qərb Rusiyanı parçalamaq istəyir. Ancaq nəzarət edilən parçalanma istəyir. Çünki Rusiya ərazisində nüvə silahları var, Rusiya logistik tranzit nəhəngidir. Qərbi qorxudan odur ki, bu parçalanma prosesi başlayarsa Rusiyada yaşayan bütün xalqlar dövlət olma mücadiləsi üçün mübarizəyə başlayarlar”. 

A.Hüseynov bildirib ki, daha sonra Qərbin öz arasında cəsus və maraq mübarizəsi başlaya bilər:

”Belə olarsa, vəziyyət nəzarətdən çıxa bilər. Bəzi subyektlər yaranar və Qərbi fakt qarşısında qoyar. Lakin Qərbin Rusiyanı parçalaması mümkündürmü? Düşünürəm ki, tam əksinə. Rusiya Qərbi parçaladıqca parçalayır. Nə üçün? Çünki Rusiya vahid mezanizmlə idarə edilir. Qərb isə konsey tərzində idarə edilir. Qərb bir qərarı qəbul edənə kimi Rusiya on qərar qəbul edir və reallaşdırır. Bizim bəzi möhtəşəm ekspertlərin xoşuna gəlməsə də, Rusiya Ukraynada Qərbi demək olar ki, məğlub edib. Roma papası belə artıq Ukraynaya ağ bayraq təklif edibdir. Digər tərəfdən, Türkiyə Rusiya ilə bir cinahdadır. Rəcəb Tayyib Ərdoğan tarixə baxdı, gördü ki, Rusiya-Osmanlı savaşları ancaq Qərbin xeyrinə nəticələnibdir. Ona görə də Rusiya ilə birlikdə Qərbin dünya alqoritminə qarşı mübarizə aparır. Digər tərəfdən bir Çin var. Qərbin iri şirkətləri onu yüksəltdi. Ancaq indi Çin tarixi bir dövət olduğu üçün onlardan qazandığını "milliləşdirmək” istəyir. Hakan Fidan Çinə gedir. Bir sıra mesajlar verir”. 

Analitik vurğulayıb ki, bu prosesdə ən praqmatik mövqelərdən biri Azərbaycana məxsusdur:

”Azərbaycanla münasibətlərin önəmini hətta Vladimir Putin özü də qeyd edir. Azərbaycan Respublikası dövlət başçısı İlham Əliyev də "biz Avropa deyilik” deyə mesaj verir. Bir sözlə, anqlo-sakson dünyaya qarşı Avrasiya dünyasında bir fəallıq var. Qərbdə isə iqtisadi rifah, zahirən işləyən demokratiya görüntüsü vardır. Amma daxili bağları qloballizmə, onlar da insan cəmiyyətinin yaradılış kodlarına uyğun olmadığı üçün olduqca zəifdir. Bunu hər kəs tuta bilmir, amma Qərbin özlərinin siyasi fəlsəfəçiləri, konfliktoloqları bu haqda yazır, deyir. Ona görə də, Qərbin Rusiyanı deyil, bu proseslərin Avropa evini nə zamansa parçalayacağını düşünürəm”.

Qeyd edək ki, Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının prezidenti Milorad Dodik Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxış edərkən Qərb ölkələrinin Rusiya ərazisi ilə bağlı planından danışıb. Serb liderin sözlərinə görə, Qərb ölkələrinin Rusiyanı beş yerə bölmək planı olub. 

"Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin maraqları üçün mübarizə aparır", deyə Dodik dünyada mövcud geosiyasi vəziyyəti şərh edib və Rusiyanın Ukraynada apardığı müharibəyə dolayısı ilə haqq qazandırıb. 

Siyasət şöbəsi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
40
qaynarinfo.az

10Mənbələr