AZ

Joze Mourinyonun “Fənərbaxça”dakı maaşı məlum oldu

“Fənərbaxça” komandanın sükanı arxasına yenicə təyin etdiyi məşhur portuqal mütəxəssis Joze Mourinyonun maaşını açıqlayıb.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 61 yaşlı portuqal mütəxəssis “Fənər”lə 2 illik müqavilə imzaladıqdan sonra ildə 10,5 milyon avro məbləğində maaş alacaq. Həmçinin bildirilir ki, Mourinyonun üzərinə Türkiyə Super Liqasında qalib gəlmək tapşırığı qoyulub ki, bu da “Fənərbaxça”nın 2014-cü ildən bəri əldə edə bilmədiyi bir məqamdır.

Xatırladaq ki, iyunun 2-də “Fənərbaxça” komandanın baş məşqçi vəzifəsinə Joze Mourinyonun təyinatını açıqlayıb. “Mour”la Türkiyə klubu arasında müddəti 2026-cı ilin iyun ayının sonunadək qüvvədə olacaq 2 illik müqavilə imzalanıb.

Joze Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
6
arena.az

10Mənbələr