AZ

Ali Koç: “Mourinyonun təyinatı “Fənərbaxça” üçün tarixi addımdır”

“Fənərbaxça”nın prezidenti Ali Koç portuqal mütəxəssis Joze Mourinyonun İstanbul komandasına baş məşqçi təyin edilməsinə münasibət bildirib.

Arena.az Koçun bu barədə fikirlərini təqdim edir:

“Bu, klubumuz üçün mühüm və tarixi addımdır. Milyonlarla “Fənərbaxça”lı azarkeş də daxil olmaqla hamımızın adından Jozeni salamlayırıq. Onun böyüklüyü, xüsusi yanaşması və sevgisi bütün dünyanı fəth etdi. O, futbol tarixinin ən yaxşı məşqçiləri sırasındadır və o, şübhəsiz ki, hazırda beş ən yaxşı məşqçi arasındadır”, deyə Ali Koç vurğulayıb.

Xatırladaq ki, iyunun 2-də “Fənərbaxça” komandanın baş məşqçi vəzifəsinə Joze Mourinyonun təyinatını açıqlayıb.

Joze Mourinyonun son iş yeri İtaliyanın “Roma” klubu olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Seçilən
172
6
arena.az

10Mənbələr