AZ

Azərbaycan-BƏƏ: bərpaolunan enerji sahəsində əməkdaşlıq TƏHLİL

Prezident İlham Əliyev: "Günəş və külək stansiyalarının təməlinin qoyulması təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacaq"

Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edib və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Ölkəmizin ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Mövcud əlaqələr münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu, əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında münasibətlər bir çox sahədə strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul etməsi əlaqələrin davamlılığının təzahürüdür.

Bu gün dövlətlərarası əlaqələr yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə müşayiət olunmaqdadır. Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti diqqəti çəkəndir.

Dövlətimizin başçısı Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbulunda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını dostluq və qardaşlıq münasibətlərimizin nümayişi kimi dəyərləndirib. Dövlətimizin başçısı təməlqoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-cı ilin bu günündə "Şahdəniz" yatağına dair sazişin imzalandığını qeyd edib. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində "Masdar" şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq. "Masdar" şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.

ÖLKƏLƏRİMİZ ARASINDA GÜCLÜ TƏRƏFDAŞLIQ

Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önəmini vurğulayıb, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərəfdaşlıq işinə xidmət etdiyini və dostluq əlaqələrimizin göstəricisi olduğunu deyib.

Sultan Əhməd Əl-Cabir Bakıya səfərindən, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməlqoyma mərasimində iştirakından böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumunun imzalanması və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

NƏHƏNG ENERJİ LAYİHƏLƏRİNİN REALLAŞDIRILMASI MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Azərbaycan dost ölkə və etibarlı tərəfdaş olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin dərinləşməsinə xüsusi əhəmiyyət verir, "Masdar" şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Məlumdur ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
sesqazeti.az

10Mənbələr