AZ

Eldəniz Əmirov: “Bakı Enerji Həftəsi COP29-un daha uğurlu keçməsinə imkan verəcək”

Bakı Enerji Həftəsinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) ərəfəsində baş tutması COP-un Azərbaycanda daha uğurlu şəkildə keçməsinə imkan verəcək.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın neft-qaz ölkəsi olaraq, Bakı Enerji Həftəsi kimi tədbirə ev sahibliyi etməsi ölkənin nüfuzunu daha da artırır:

“Ölkə liderlərinin və enerji sektoru üzrə olan qərarvermə səlahiyyətlərinə malik şəxslərin Bakıda toplanması ölkəmizin neft-qaz strategiyasının daha uğurlu şəkildə davam etdirilməsinə xidmət edir. Bu, eyni zamanda alternativ enerji strategiyasının uğurla həyata keçirilməsinə imkan verəcək və özəl sektorda şirkətlərarası əməkdaşlığı stimullaşdıracaq. Bugünkü təməlqoyma mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev çox ciddi şəkildə həm siyasi, həm iqtisadi, həm də enerji strategiyası ilə bağlı məsələlərə, ölkənin dönməz mövqeyi və iqtisadi uğurlarının davamlı olacağına işarə edən bir çox maraqlı məqamlara toxundu”.

E. Əmirov bildirib ki, ABŞ prezidenti birinci dəfə deyil, artıq üçüncü dəfədir ki, İlham Əliyevə Azərbaycanın enerji strategiyası barədə müsbət fikirlərlə dolu məktub yazır və cənab Prezidenti ən etibarlı tərəfdaş adlandırır: “2022-ci ildə biz iki bu cür məktub görmüşük.

Hansı ki, həmin ildə Şərqi Avropanın Azərbaycanın enerji ehtiyatlarına çox böyük ehtiyacı var idi. Nəzərə alsaq ki, biz Böyük Britaniyanın, o isə ABŞ-nin müttəfiqidir, əslində Azərbaycan göründüyündən daha çox ABŞ-nin müttəfiqidir.

Yəni birmənalı olaraq iki ölkə arasında münasibətlər kifayət qədər qənaətbəxşdir. Azərbaycan birmənalı olaraq qlobal iştirakçıdır.

O, artıq dünyada söz sahibinə çevrilib. Belə ki, dünyanın aparıcı mərkəzlərindən olan Avropanın enerji təhlükəsizliyində ölkəmiz mühüm rol oynayır.

Eyni zamanda Qərbin Qafqazda və hətta yaxın gələcəkdə Mərkəzi Asiyada belə fəaliyyəti bu və ya digər formada Azərbaycanla bağlı olacaq.

Çünki enerji resurslarının ixracı Azərbaycan üzərindən mümkün olacaq və ölkəmizin Mərkəzi Asiyada getdikcə artan nüfuzu ölkəmizlə qərb arasında olan münasibətlərin burada bərqərar olmasına öz töhfəsini verəcək”.

Xatırladaq ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir.

Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib.

Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.

“Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.

İllik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək yeni stansiyalar, 496 milyon kubmetr təbii qaza qənaət etməyə, həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısının almağa imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
baku.ws

10Mənbələr