Hazırda muzdlu işçilərin sayı 1 milyon 748 min nəfərdir. Bunun 899 mini dövlət, 849 mini isə özəl sektorun payına düşür. Göründüyü kimi, dövlət sektoru iş yerlərinin sayında öndədir.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, məqsəd özəl sektorun payının artırılmasına nail olmaqdır:
“Birmənalı şəkildə özəl sektora yeni iş yerlərinin artırılması üçün şərait yaratmaq lazımdır. Dövlət büdcəsi daha çox həssas qrupların maliyyələşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, özəl sektor dövlət sektoruna uduzur”.