AZ

Niger uranı uğrunda amansız mübarizə: 56 milyon dollarlıq müqavilə

Fransa prezident Emmanuel Makronun uğursuz və yarıtmaz xarici siyasətinin acı nəticələrini yaşayır. 2017-ci ildən ölkəni idarə edən Makron bu illər ərzində Fransaya ancaq uğursuzluqlar gətirib. Keçmiş müstəmləkələrdən qovulmaqdan tutmuş, daxili siyasətə qədər ölkə problemlər içində boğulur. Afrikada uzun illər müstəmləkə şəraitində yaşayan dövlətlər artıq fransız üsul-idarəsindən bezdiklərini açıq ifadə edirlər. Fransanın dənizaşırı müstəmləkəsi hesab olunan Yeni Kaledoniyada yaşananlar da bu qəbildəndir. Sirr deyil ki, keçmiş müstəmləkələr Fransa büdcəsinə milyardlarla gəlir gətirirdi. İndi artıq ölkə bundan da məhrum olmaqdadır. Konkret olaraq Niger Yelisey sarayını ciddi problemlərlə üz-üzə qoyub. Nigerdən əldə olunan uran Paris üçün ciddi mənfəət demək idi. Artıq ərazidən qovulan Fransanın yerini tutmağa iddialılar da ortaya çıxıb. Bu ölkələr sırasında nə qədər təəccüblü olsa da, İran da var.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Tehranın uran marağı

Nüvə silahı əldə etməyə iddialı olan İran bu Afrika ölkəsinə daxil olmağa çalışır. Fransanı narahat edən odur ki, İran Nigerdə urana çıxış əldə etməkdə israrlıdır. Bu səbəbdən də vəziyyəti xüsusi diqqətlə izləyirlər. Məsələ ondadır ki, Fransanın ən böyük nüvə şirkəti "Orano" hələ də Nigerin paytaxtı Niameydə fəaliyyət göstərir. 2023-cü ildəki hərbi çevrilişdən sonra Paris Niamey ilə ortaq dil tapa bilməsə də, nüvə yataqlarında hələ də fəaliyyətini davam etdirir. Tehrana gəldikdə, bu ölkə pilotsuz təyyarələr və raketlər müqabilində yerli hakimiyyət orqanlarından 300 ton uran konsentratı almağa çalışır. "Biz Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında həm zəmanətlər, həm də bəyannamələr ilə bağlı müvafiq öhdəliklərə əməl olunmasını və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əməl olunmasını təmin etmək üçün bu məsələni xüsusi izləyirik", - deyə Fransa hökumətindəki mənbə mediaya bildirib.

Vaşinqtondan müdaxilə cəhdi

İranın Nigerə nüfuz etməsi ilə bağlı müzakirələrə ilk dəfə "The Wall Street Journal" mart ayında dərc olunan məqalədə toxunub. Nəşr o zaman mənbələrə istinadən yazmışdı ki, ABŞ Nigerdə hakim Vətənin Qurtuluşu Milli Şurasına (NSRS) təzyiq göstərməyə çalışıb. Səbəb də o olub ki, Niger İranla nüvə sahəsində əməkdaşlıq sazişi imzalamaq istəyir. Məhz bu səbəbdən ABŞ Niger ilə hərbi sahədə sazişi denonsasiya edib. Halbuki Vaşinqton Parisdən fərqli olaraq Nigerdəki üsyançılarla dialoq qurulmasına səy göstərib.

56 milyon dollarlıq müqavilə

Fransanın təhlükəsizlik məsələlərini işıqlandıran "Africa Intelligence" portalının məlumatına görə, Tehran və Niamey 2023-cü ilin sonundan danışıqlar aparır. Bu məlumata görə, İran tərəfi Arlit şəhəri yaxınlığındakı yataqdan nüvə yanacağının hazırlanmasında istifadə oluna bilən uran konsentratı olan 300 tona yaxın xammal əldə etməyə çalışır. Proqnozlaşdırılan müqavilənin ümumi dəyəri 56 milyon dollar qiymətləndirilir. Mümkündür ki, sövdələşmənin iqtisadi komponenti də olsun. 2024-cü ilin yanvarında hazırda İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Mohber qeyd edib ki, ölkəsi sanksiyalardan yayınmaq təcrübəsini Nigerlə bölüşməyə hazırdır. 2023-cü ilin iyul ayının sonlarında baş vermiş çevriliş səbəbindən Niamey Qərb ölkələri və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) kimi regional platformalar tərəfindən blokada ilə təhdid edildi, lakin sonradan sanksiyalar qismən yüngülləşdirildi.

Müharibə Araşdırmaları İnstitutu (ABŞ) qeyd edir ki, 300 ton xammal - əhəmiyyətli miqdarda urandır və bu, 2019-cu ildə İranda yerli istehsal səviyyəsinə bərabərdir.

Fransa üçün birbaşa təhlükə

Fransa üçün birbaşa təhlükə, nüvə sənayesinin flaqmanı olan "Orano" şirkətinin hələ də Nigerdə mövcudluğunu qoruyub saxlaması və uran çıxarılan Arlitin onun məsuliyyət sahəsi olmasıdır. Zavodun direktoru Nikolas Mas fevral ayında keçirdiyi mətbuat konfransında "Orano" şirkətinin Nigerdə "azaldılmış səviyyədə" fəaliyyətini davam etdirdiyini təsdiqləyib. Onun sözlərinə görə, şirkətin vəzifələri hazırda "reagentlərin tədarükü, həmçinin uranın ixracı yollarının tapılması" ilə bağlıdır. Mas istisna etməyib ki, "Orano" müəyyən mərhələdə "Nigerdə istehsalı daha davamlı templə bərpa edəcək".

Paris yeni seçim axtarışında

ABŞ kəşfiyyatına yaxın olan "Stratfor" analitik mərkəzi qeyd edib ki, Fransa mövcud Niger hakimiyyətinin ona yerli urana çıxışı təmin etməkdən imtinası ilə üzləşsə belə, "uranın tədarükünü diversifikasiya etmək üçün uzunmüddətli səyləri gücləndirə bilər". Məsələn, Paris Kanada və Qazaxıstanla əlaqə qurmağa, habelə Özbəkistan və Monqolustanda yeni mədən layihələrinin həyata keçirilməsini təşviq etməyə çalışır. Bununla belə, "Orano"nun aktivlərinin Nigerdən çıxarılması Parisin keçmiş Afrika müstəmləkələri ilə münasibətlərini pozmasının ən son simvolu olardı.

Şübhəsiz ki, İranın meydana atılması özünün təşəbbüsü deyil. Bu da daha çox Afrikada güclənməyə çalışan Rusiya və Çindən qaynaqlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
seher.media

10Mənbələr