AZ

Paris yaşıl dünyaya qarşı - ANALİTİK

Yaxud Fransa Azərbaycanın COP29-a ev sahibliyini niyə boykot edir?

Özünü dünyanın demokratik, sivil, bəşəri dəyərlərə malik ölkəsi kimi təqdim etməyə çalışan Fransanın hər keçən gün yeni mənfi keyfiyyətləri üzə çıxır. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa bu günümüzə qədər neokolonializm siyasətini, separatçılığı dəstəkləyən və eyni zamanda həm də terrorçuluğu təşviq edən, yaşadan, ona qol-qanad verən ölkə kimi özünü təsdiq edib. Ermənistanın işğalçılıq siyasətinin altından çıxan, terrorçuluğu maliyyətləşdirən rəsmi Paris Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək ideyası ilə 3 onillik cinayətin məsuliyyətini daşıyır. Amma bu ölkənin beynəlxalq arenada layiq olmadığı yerdə qərarlaşması onun əsas immuniteti olub. İstədiyi ölkəni cəzalandırıb, sanksiyalar tətbiq edib, dünya birliyinin ona verdiyi imkanlardan sui-istifadə edərək xalqların bir ömür bədbəxtçiliyinin baiskarına çevrilib.

Fransa qondarma “erməni soyqırımı” ideyasının müəllifi olaraq Türk dünyasını, xüsusən də Türkiyə və Azərbaycanı cəzalandırmaq üçün şərin yanında olub, kiçik Ermənistana havadarlıq edərək işlənməyən suçu leqallaşdırmağa cəhd edib. Paris bununla özünün Afrika, Yaxın Şərq, Dənizaşırı regionlarda törətdikləri vəhşilikləri, vandallıqları, Əlcəzair, Ruanda, Livanda, Konqoda, Nigerdə və digər ölkələrdə həyata keçirdiyi soyqırımılarını dünyanın diqqətindən yayındırmaq istəyir. Bu günümüzə qədər Fransanın törətdikləri cinayətlər barədə heç bir ölkə cəsarət edib danışa, Parisi beynəlxalq ictimaiyyət qarşısında qınaya, etdiklərinə görə aidiyyəti təşkilatlar, qurumlar tərəfindən cəzalandırılmasına nail ola bilməyib. Fransanın 1,5 milyon əlcəzairlini qətlə yetirdiyi, soyqırımına məruz qoyduğu barədə ilk danışan isə Azərbaycan olub.

Bütün bunlara rəğmən Makronun idarə etdiyi Fransa törətdikləri bəşəri cinayətlərdən utanmaq, istismar etdiyi, müstəmləkə zülmünə məruz qoyduğu xalqlardan üzr istəmək əvəzinə, onu dünya ictimaiyyəti qarşısında ifşa edən Azərbaycanla düşmənçilik edir, bizə qarşı qərəzli, məqsədyönlü siyasət yürüdür. Bu gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar qəbul edib. Bəli bu rəzalətə hələlik Rapis şəhər şurası imza atıb. Sabah Fransanın dövlət başçısının imzası olan sənədin ortaya çıxmayacağına da kimsə zəmanət verə bilməz. Çünki, bütün rəzalətlərin, anti-bəşəri əməllərin Fransaya aid olduğunu sübuta yetirmək üçün əziyyət çəkməyə də dəyməz. Fakt ortadadır.

Fransa Azərbaycanın COP29 sədrliyini hədəf alıb. Bundan əvvəl, Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən 16 aprel tarixli açıqlamada da bu istiqamətdə çağırışlar mövcud idi. Avropa və xarici işlər naziri Stefan Sejurnenin də verdiyi açıqlamada COP29 sədrliyini hədəf aldığı məlumdur. Sual olunur, niyə? Məgər qloballaşan dünyamızın sonu görünməyən uçuruma yuvarlanmasının qarşısını təkcə Azərbaycanmı almağa borcludur? COP29 dünyanı təhdid edən problemlərin həllinin müzakirə edildiyi bir platformadır. Həmin tədbir dünyanın hansı ölkəsindəsə keçirilməlidir, bu il 29-cu tədbiri keçirmək yükünü Azərbaycan öz üzərinə götürüb. Ölkəmiz, Frananın düşündüyü kimi, qazanc üçün bu tədbirin yükünü öz üzərinə götürməyib. Azərbaycan bəşəriyyətin sağlamlaşması, qlobal təhdidlərdən yaxa qurtarması üçün bu gün döyüş meydanındadır.

Hə, Fransanın yaşıl enerjiyə keçmək həvəsi, istəyi yoxdursa, üstünlüyü dünyanı hər an məhv etməyə hazır olan nüvə enerjisinə verməyə hazırdırsa, onda bu addımını COP-un digər ölkələrdə keçirilən toplantıları zamanı da ata bilərdi. Bəli, iri sənaye ölkələri COP tədbirlərindən bir o qədər də xoşhal deyillər. Çünki, COP onların cənaye maşınını hərəkətə gətirən bütün yanacaq növlərinə qarşıdır, yaşıl enerjidən istifadəni təşviq edir, əks təqdirdə dünyanın məhvə getdiyini anlatmağa çalışır. Fransa tərəfi anlamalıdır ki, Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə səs verib.Bu qərar Azərbaycana göstərilən yüksək etimad, verilən böyük qiymətdir. Paris isə bu yekdil qərarı heçə sayır və ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə bu fəaliyyəti sual altına qoyur. Fransa tərəfinin bu qərarı iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. Bu cəhdlər ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq məqsədi daşıyır.

COP-a, həm də bəşəriyyətə qarşı

Azərbaycanın COP29 çərçivəsində gördüyü işlərə, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslərə əhəmiyyət verməyən Fransanın belə addımlar atmasının səbəbi son zamanlar Fransanın xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, Dənizaşırı bölgələrində Fransaya qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətidir. “Avropanın lider dövləti” tituluna sahiblənmək kimi absurd həvəsə düşənFransa hələ də müstəmləkəçilik mərəzindən qurtula bilmir. Tarix boyu dünyanın zəif dövlətlərini, xalqlarını əzmək, zülüm etmək, soyqırımına məruz qoymaq Fransanın ən çox sevdiyi siyasət olub. Tarixi vərəqləyək, Parisin Afrikada, uzaq Sakit Okean adalarında, Amerika materikində, Yaxın Şərqdə, bir sıra Asiya ölkələrində törətdikləri dəhşət saçır.

Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə dünyanın ən böyük müstəmləkə imperiyalarından biri olub. Müstəmləkə imperiyasının sahəsi Fransa ilə birlikdə 1900 illə 1930-cu illər arasında 24.000.000 km²-ə çatıb. Bu böyüklük dünyadakı torpaqların sahəsinin 17.8%-inə bərabərdir. Amerikadakı Fransız müstəmləkələrinin ən vacibi şübhəsiz olaraq Kanadadır. Fransanın bundan başqa Karib dənizi sahillərində də müstəmləkələri vardı. Haiti və Fransa Qvianası da Fransız müstəmləkəsidir. Bu gün Guadeloupe və Martinique hələ də Fransaya aiddir. Fransızların Şərqi Afrikadakı yeganə müstəmləkəsi isə Cibutidir. Bu dövlətin rəsmi dillərindən biri fransız, digəri isə ərəbcədir. Məğrib bölgəsindəki Əlcəzair, Mərakeş və Tunisdə hələ də fransız dili öz önəmini saxlayır. Hind okeanında Madaqaskar adası da Fransanın müstəmləkəsi olub. Bundan başqa Komor (Qəmər) adaları qrupu da müstəmləkə olub. Bu gün Komor adalarından biri hələ də Fransaya aiddir. Orta Şərqdə Osmanlı imperiyasından ayrılmış Suriya və Livan Fransanın müstəmləkəsi altına keçən dövlətlərdəndir.

Paris nəyi hədəfləyib?

Sovet hakimiyətinin süqutundan sonra onun yerində yaranan 15 müstəqil dövlətə nəzarət uğrunda ölüm-dirim savaşına qalxan iri dövlətlər arasında Fransa ilk yerlərdə idi. Ermənistanın Azərbaycana ərazi iddiasının arxasında da rəsmi Parisin dayandığına dair sübutlar kifayət qədərdir. İşğalçı ilə işğala məruz qalanı eyniləşdirən də, BMT Təhlükəsizlik Şurasında 4 dişsiz qətnamənin qəbulunda, ATƏT-in Minsk qrupunun və həmsədrlik institutunun yaradılmasında təşəbbüskar da Fransa idi. Məqsəd Ermənistanın təcavüzünü, Qarabağın işğalını legitimləşdirmək və bunun üzərindən Cənubi Qafqaza yerləşmək, regional layihələrə nəzarət idi. Fransa öz məqsədinə çatmaq üçün bütün beynəlxalq qanunları çeynəməkdən də çəkinmədi, Ermənistanın təcavüz siyasətinin arxasında durdu, regionun inkişafını düz 30 il ləngitdi. Ermənistanın bütün layihələrdən kənarda qalmasına səbəbkar da, qonşu dövlətlərə rəsmi İrəvanın ərazi iddiası ilə çıxış etməsinə həvəsləndirən də Fransa olub.

Neo-kolonialist Fransa

Bütün dünyada müstəmləkəçilik siyasətinə, kiçik xalqların güclü dövlətlər tərəfindən istismarına son qoyulduğu müddətdən xeyli vaxt ötür. Amma Fransa kimi neo-kolonialistlər hələ də müstəmləkəçilik xəstəliyindən xilas ola bilməyiblər. Çünki, bu, Parisi ayaqda saxlayan siyasətdir. Fransanın Afrika qitəsində müstəmləkə altında saxladığı ölkələrdən və xalqlardan yalnız gəlir mənbəyi kimi istifadə edir. Son dövrlər Afrika ölkələri Fransanın buradakı mövcudluğuna son qoymaq üçün silahlı mübarizəyə başlayıblar, Parisin qurduğu oyuncaq rejimlər devrilib, ardınca fransız qoşunları qovulub. Fransanın əsas gəlir mənbələri, xüsusilə də uran yataqları əlindən çıxıb.

Bu gün oxşar hadisələr Okeaniyanın ada dövlətlərində baş verir. Yeni Kaledoniyada yerli xalq Parisin müstəmləkə siyasətindən qurtulmaq üçün mübarizə aparır. Parlamentə yeni seçkilərin keçirilməsi dəFransadan xilas olmağa hesablanıb. Paris isə Yeni Kaledoniyada fransızların sayını süni şəkildə artırmaqla buna qarşılıq vermək, adada yeni idarəçilik rejimi yaratmaq istəyir. Rəsmi Paris adaya qoşun yeridib, ölənlər və yaralananlar, həbs olunanlar barədə xəbərlər gəlir. Fransa ordusu adada bütün sosial şəbəkələri söndürüb, o cümlədən başqa xəbərləşmə imkanlarını da məhdudlaşdırıb. Məqsəd bəllidir, dünya birliyinin Parisin törətdiyi cinayətlərdən xəbərdar olmaması.

Amma Azərbaycan kimi ölkələr Parisin yürütdüyü siyasətə qarşı çıxması Fransada şok effekti yaradıb. Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı əsassız və ittiham xarakterli iddialar səsləndirib. Azərbaycanın XİN isə məhz Fransanın uzun illər Azərbaycanda aqressiv erməni separatizmini dəstəkləyən addımlar atdığını, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul etdiyini dəfələrlə xatırladıb.

Bəli, Fransa müstəmləkəçilik siyasətini yeni formada, həm də daha dəhşətli üsullarla davam etdirir. Öz gücündən, nüfuzundan, əlinə düşən fürsətdən yararlanan rəsmi Paris kiçik xalqları əzməklə, onların hüquqlarını tapdalamaqla dünyada yeni düzən qurmağa çalışır. Fransa başqa ölkələrdə baş qaldıran separatçı, terrorla müşaiyyət olunan fəaliyyətləri dəstəkləyir, onları “haqq uğrunda mübariz” adlandırır, öz ərazisində baş verən oxşar hadisələrdə isə başqa mövqedən yanaşır. Beynəlxalq birliyin çağırışlarına əhəmiyyət vermir. Azərbaycan isə Fransız neokolonializminin ifşa olunmasını və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini bundan sonra da dəstəkləyəcək.

V.VƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
sia.az

10Mənbələr