AZ

Fransa imperializmi:  Azərbaycan müasir müstəməkiçiliyə qarşı mübarizə aparır -ŞƏRH

Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfrans keçirilib.
Konfransda “Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə daim neokolonializmə qarşı çıxıb:

“Xüsusilə də Manohilui dövlətindən və Polineziyanın hakim "Tavini" partiyasının nümayəndələri də neokolonializm prinsipləri ilə tanışdır. Müstəmləkə və post-kolonial dövrün cinayətlərinə görə hansısa dövlətin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüququ aşmaq lazımdır. Bu gün manohilui xalqı demokratiya uğrunda müzakirə aparır”.

“Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu bildirib ki, bu gün ölkəsi və xalqı Fransanın siyasətinə görə təcrid olunub:

“Biz bilirik ki, siz bizim problemlərimizi beynəlxalq ictimaiyyətə çatdıracaqsınız. Biz sizin yaşadıqlarımızı başa düşdüyünüzü bilirik. Biz minilliklər boyu yaşamış sivilizasiya olsaq da, siyasi baxımdan gənc ölkəyik. Bizim ədalətin öz yerini tapmasına ehtiyacımız var. Hesab edirik ki, Azərbaycanın da bu yolda ölkəmizin və xalqımızın yanında olması olduqca böyük əhəmiyyət daşıyır”.

Milli Məclisin Hüquq Siyasəti Komitəsinin üzvü, millət vəkili Nizami Səfərov isə bildirib ki, bu konfransda dekolonizasiyanın müxtəlif aspektləri müzakirə olunacaq.

Onun fikrincə, 1996-cı ildə Fransız Polineziyası BMT-nin müstəmləkə siyahısından çıxarılsa da, 2016-cı ildə yenidən siyahıya qaytarılıb:

“Dekolonizasiya prosesi hələ də dünyanın 17 ölkəsində yaşayan xalq üçün məntiqi sonluğa çatmayıb. BMT Baş Assambleyasının qətnamələrində Fransız Polineziyasının müstəqillik hüququ öz əksini tapıb. 2018-ci ildən sonra qəbul olunan bütün qətnamələrdə Bakı Konfransının sənədlərinə istinad olunur”.

Tavini Huiraatira Partiyasının sədr müavinin xarici əlaqələr üzrə müşaviri Marania Vaianui söyləyib ki, Fransa BMT-nin qətnamələrinə riayət etmir:

“Biz mövcud potensialımızdan istənilən sahədə istifadə edə bilərik. Davamlı inkişaf nöqteyi-nəzərindən bu resursların idarəolunması effektiv şəkildə aparılmalıdır. Enerji müstəqilliyi baxımından külək enerjisi, okean enerjisi kimi resursların genişləndirilməsi çox mühüm amillərdəndir. Siyasi və diplomatik mövqeyimizə gəlincə, ərazimizdə iqtisadi zonanın yerləşməsi bizə mühüm dividend qazandırır. 23 avqust 2013-cü il tarixli qətnamə qeyd edir ki, biz müstəmləkədən azad olmalıyıq. Lakin Fransa bu qətnamənin tələblərini qətiyyən icra etmir. Bizim xalq olaraq azadlığımıza 193 ölkə dəstək göstərməlidir”.

Sözügedən mövzunu “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Azərbaycan dövləti 2020-ci ildəki müharibə ilə öz hərbi və diplomatik qüdrətini bütün dünyaya nümayiş etdirərək əvvəlcə ərazi bütövlüyünü, 2023-cü ildə isə dövlət suverenliyini tam bərpa etdi:
“Regional və beynəlxalq aktorların təzyiqləri fonunda tarixi Zəfər əldə edən ölkəmiz son illərdə imperialist dövlətlərin apardığı müasir müstəməkiçiliyə qarşı mübarizədə fərqlənənlər sırasındadır. Təəssüf hissi ilə müşahidə edirik ki, özünü demokratiyanın beşiyi adlandıran Qərb dairələri, xüsusilə Fransa hazırda da müstəmləkə siyasəti həyata keçirərək, insanların ən ali hüquqlarının istifadə etməsinə maneələr yaradır, onların azadlıqlarını müxtəlif üsullar və bəhanələrlə məhdudlaşdırır. Sakit okean hövzəsində yerləşən, Fransanın dənizaşırı əraziləri hesab olunan bölgələrdə yaşayan yerli xalqlar hüquqlarının tapdalanmasından, müstəmləkəçilik siyasətindən bezdiyi, səbri tükəndiyi üçün artıq ciddi şəkildə qərarlı mübarizəyə başlayıblar”.

Ekspert qeyd edib ki, bütün təzyiqlərə, məhdudiyyətlərə və beynəlxalq səviyyədə ciddi dəstəyin göstərilməməsinə rəğmən, Yeni Kaledoniyanın və Fransız Polineziyasının müstəqillik mübarizəsini yüksək dəyərlənirmək lazımdır:
“İnsanların əsarətdə saxlanılması, onların təbii sərvətlərinin talanması nəticəsində sosial vəziyyətlərinin acınacaqlı olması, hüquqlarının məhdudlaşdırılması ilə bərabər, Fransa dənizaşırı ərazisi hesab edilən Fransız Polineziyasında 30 il ərzində həyata keçirilən 200-ə yaxın nüvə sınağından sonra aşkar edilən radiasiyanı da gizlədir. Nüvə sınağı nəticəsində yarana şüalanma isə oradakı əhaliyə və ətraf mühitə mənfi təsir edir, insanlarda müxtəlif uzunmüddətli xəstəliklər yaradır. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələri yerinə yetirilmədiyi kimi, eyni vəziyyəti bu gün Fransız Polineziyası da yaşayır. Beynəlxalq hüquq işləmədiyi üçün Fransız Polineziyasının mütəqilliyi barədə qəbul olunan qətnamələr də bu gün icra olunmur. Vaxtilə eyni cür problemlə üz-üzə qalan Azərbaycan da müstəmləkəçilikdən, işğaldan əziyyət çəkən dövlətlərə, xalqlara öz mənəvi və siyasi dəstəyini göstərir. Belə ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması, Azərbaycanın Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması, bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı konfranslar, həmçinin rəsmi Parisin anti-Azərbaycan siyasətinə də tutarlı cavabdır. Fransanın imperialist siyasəti nəticəsində yaranan çətinliklərdən bezən xalqlar Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi haqsızlığa, bərabərsizliyə qarşı apardığı mübarizəni görür və bu da onlarda ruh yüksəkliyi yaradır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
sherg.az

10Mənbələr