AZ

Rusiya-NATO münasibətləri gərginləşir: Müharibə riski…

Rusiya-NATO münasibətləri gərginləşib. Şimali Atlantika Bloku Rusiyanın Ukraynada cəbhə xəttini yarmağa çalışmasından narahatdır. NATO-nun Brüsseldəki mənzil qərargahında Ukrayna üçün ən pis ssenariləri nəzərdən keçirməyə başlayıblar. Bu arada, NATO baş katibi Yens Stoltenberqin ritorikası sərtləşib. Baş katib Kremllə yanaşı Rusiyaya dəstək verən dövlətləri də hədəf seçib.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi nə NATO-nun proseslərə qoşulacağını, nə də tərəflərdən birinin nüvə silahına əl atacağını düşünüb:

“İndi də bu fikirdəyəm. Çünki, bu, real görünmür. Öncəliklə bir sual verək: NATO ölkələri içərisində ordusunun gücünə görə ikinci ölkə hansıdır? Qardaş Türkiyə.

Türkiyənin Rusiya ilə hazırkı münasibətləri necədir? Demək olar ki, tarixinin ən yaxşı dövrünü yaşayır. Digər tərəfdən unutmamaq lazımdır ki, bir NATO ölkəsinə hücum etmək həm də digərlərinə hücum deməkdir. Belə olan halda Rusiya-NATO müharibəsinin başlaması ümumiyyətlə, mümkün görünmür.

Birincisi, Prezident Vladimir Putin buna getməz. Digər tərəfdən ona bu müharibə hazırda lazımdırmı? Xeyr. Ukraynada istədiyini almaqdadır. NATO ölkələri “yordu-yordu” oyunu oynamaqdadırlar”.

Cavanşir Abbaslı

Ekspert deyib ki, ABŞ başda olmaqla, Qərb koalisiyası bu gün müharibənin uzanması səbəbindən yorulur:

“Ukrayna isə məğlubiyyətin rəsmiləşməsinin bir addımlığındadır. Bu gedişlə rus ordusu cəbhə xəttini Ukraynada yaracaq. Amma buna qədər Qərb dünyasının gedəcəyini düşünmürəm. Çünki, bu faktiki Ukraynanın dövlətçiliyinin taleyini sual altına qoya bilər. Ya da bundan daha böyük ərazilər itirməsinə səbəb ola bilər.

Bu müharibənin sonunda Kiyev üçün ən qorxunc nəticə kapitulyasiya sənədinə imza atmaq ola bilər ki, buna da sonunda NATO ölkələri gedəcək. İmitasiya xarakterli silah və maddi yardımlar Rusiyanın məğlubiyyətinə kifayət edə bilməz. İstənilən yardım Ukraynaya edilmədi və bu da əslində gözlənilən idi. Sadəcə Rusiyaya qarşı böyük bir oyun oynanıldı, o oyunda da qurban kimi Ukrayna seçildi.

Bu nəticəni, yəni Ukraynanın düşdüyü acınacaqlı durumu sadəcə ürəkağrısı ilə izləməkdəyik. Rusiya qarşısında bu günə qədər bu formada dirəniş göstərməyin özü bir uğurdur. Sadəcə güc nisbəti ölçüyə gəlməyəcək dərəcədə fərqli idi. Əgər bu müharibədə Ukraynanın hava məkanı hələ də bağlanmayıbsa, NATO-nun bu ölkəyə verdiyi hansı dəstəkdən söhbət gedə bilər? NATO baş katibi Yens Stoltenberqin ritorikasının sərtləşmədiyi gün olub ki?”.

C.Abbaslı deyib ki, bu ritorika indiyə qədər nə işə yarayıb ki, bundan sonra da nə işə yarasın:

“Rusiyaya dəstək verənlərdən hansını hədəf götürəcəklər? Çinimi, yaxud Şimalı Koreyanımı? Çini qazanmaq üçün Amerika dəridən-qabıqdan çıxır. Şimali Koreyanın nüvəsindən narahat olur. Rusiyaya hərbi cəhətdən olmasa da, dəstək verən ölkələr sırasında Türkiyə də var.

Bir məsələni də demək lazımdır ki, Rusiya qazının 78 faizi Avropanı təmin edir. O zaman rus qazından imtina etsinlər. Bu, maddi cəhətdən Rusiyaya dəstək deyilmi? Elə əslində şimal qonşumuza məcburən ən ciddi dəstək verənlər sırasında Avropanın iri dövlətləri öndə gəlir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
41
turkustan.az

10Mənbələr