AZ

Qərbdən Rusiyaya xəbərdarlıq

Artıq uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsində Rusiya əldə etdiyi üstünlüklərlə öndədir. Lakin Ukrayna ABŞ və Qərb ölkələrindən aldığı silahlarla Rusiya daxilində olan hərbi strateji hədəfləri vurmaq imkanı qazanıb. Belə olduğu halda Rusiyanın hansı reaksiya göstərəcəyi maraq doğurur.

Mövzu ilə bağlı Herbiand.az-ın sualını cavablandıran hərbi ekspert Azər Bayramov bildirdi ki, Ukraynaya verilən silahların məhz bu günə qədər məhdudiyyətlə istifadə edilməsi Rusiyanın cəbhə xəttini bir neçə istiqamətdə irəliləməsinə səbəb olub. Bu silahlar ləngimələrlə tətbiq edildiyindən Ukrayna üçün bunun fəsadları göz önündədir:

“Artıq ABŞ və Qərb ölkələri Ukraynaya tədarük etdiyi silahların istifadəsi ilə bağlı müəyyən məhdudiyyəti aradan götürməyə başlayıblar. Bu əlbəttə ki, öncədən atılmalı addım idi. Rusiyanın Ukrayna ərazisinə daxil olduğu andan başlanmalı idi. İndi artıq razılıq əldə olunub ki, ABŞ və Qərb ölkələrinin bəzi silahları Ukrayna tərəfindən Rusiyanın ərazisində istifadə edilsin. Hesab edirəm ki, bu qərardan sonra Ukraynaya təhdid törədən bir çox dərinlikdə olan hərbi strateji obyektlərin sıradan çıxarılması istiqamətində ilk addımlar atılacaq. Əlbəttə Rusiya da bununla bağlı ciddi aqressiya göstərir. Bunun çox ağır fəsadları olacaq. Hətta bununla bağlı Rusiya rəhbərliyi xəbərdarlıq da edib”.

Ekspert Rusiya tərəfindən yeni nəsə ortaya çıxacağını da düşünmür:

“Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya arsenalında olan taktiki nüvə silahlarını çıxmaq şərtilə, bütün silahlardan istifadə edib. Ona görə Rusiyanın yeni nəsə istifadə edəcəyi də ciddi görsənmir. Düşünürəm ki, gələcəkdə Rusiyanın daxilindəki strateji hərbi obyektlər sıradan çıxarılarsa, bu artıq prosesin daha da ciddi və gərgin xarakter alacağından xəbər verir”.

Ekspert hesab edir ki, bu ABŞ və Qərb tərəfindən Rusiya üçün ciddi xəbərdarlıq idi:

“Hansı ki, Rusiya Xarkov istiqamətində hücumlarını daha da intensivləsdirməyə çalışırdı və Xarkovu tutmağa cəhd edirdi. Hesab edirəm ki, Rusiyanın bu hərəkətlərinə qarşı ABŞ və Qərb cavab tədbirləri həyata keçirdi. Cərəyan edən prosesləri nəzərə alsaq, gələcəkdə mövcud vəziyyət daha da gərgin xarakter alacaq. İstənilən aspektdən baxdığımız zaman Rusiya aqressiyasını bir az da davam etdirərsə, mütləq şəkildə digər silahlar var ki, başda ATACMS raketləri olmaqla, Rusiya ərazisində istifadəsinə icazə veriləcək. Və Ukraynaya əlavə  silah-sursat məsələsi də yenidən gündəmə gələ bilər”.

Elnurə İSAXAN

Seçilən
117
41
herbiand.az

10Mənbələr