AZ

Genişlənən müharibə və biz

Ukrayna böhranı son dərəcə təhlükəli fazaya daxil olur. Deyə bilərsiniz, bizə nə?! Yox, elə deyil. Domino effektini xatırlayın. Ukraynada atılan hər güllə dünyada hər kəsə dəyir. Xüsusilə, postsovet məkanındakı hər kəsə. Deməli, həm də, Azərbaycana. ABŞ öz silahlarından Rusiyaya atəş açmağa icazə verdi. Bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov da təsdiq edib. Eyni zamanda Amerika hərbi mənbələrindən "Guardian" nəşrinə sızan məlumatlara görə, Vaşinqton Rusiya hərbi vasitələrini Rusiya ərazisində vurmağa (həm də Amerika silahları ilə vurmağa) razılıq verib. Əgər həmin hədəflər Ukrayna üçün təhlükə yaradırsa. Ancaq "The Washington Post" prezident Baydenin bu razılığı Belqorod istiqaməti üçün verdiyini yazır. Məqsəd Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu Rusiyanın işğal təhlükəsindən qorumaqdır. Bu, aydındır. Ancaq bütövlükdə aydın olan odur ki, Qərb Ukrayna cəbhəsində daha açıq oynamaq məcburiyyətində qalıb. Təkcə ABŞ deyil, bir sıra Avropa ölkələri də Ukraynaya onların verdiyi silahla Rusiyanın legitim hədəflərini vurmaq icazəsi verib. Onların arasında Almaniya da var. Doğrudur, bəzi məhdudiyyətlər hələ də qüvvəsində qalır. Ancaq ABŞ və onun NATO üzrə bəzi müttəfiqləri Rusiya ordusunun Xarkov üzərinə hücumunu dayandırmaq üçün belə bir qərar verməli olublar. NATO baş katibi Yens Stoltenberq də bunu açıq bəyan edib. Buna cavab olaraq, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib ki, belə bir hal baş versə, o zaman Rusiya taktiki nüvə silahından istifadə edəcək. Medvedyev bu perspektivi "müharibənin son stadiyası" adlandırıb. Bu, qlobal müharibə deməkdir. Bunu Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfəri zamanı jurnalistin sualına cavabında da demişdi. O, hətta ABŞ-ı belə hədəfə almağın mümkünlüyünü ad çəkmədən ifadə etmişdi. Belə bir situasiyada salamat qalmaq əsas məsələdir. Çünki hadisələr Azərbaycan üçün də xoşagəlməz ssenari üzrə inkişaf edə bilər. NATO üzvü olan ölkələr arasnda Türkiyə də var. Əgər Ukrayna ABŞ-ın və ya Avropa ölkələrinin verdiyi silahla Rusiya ərazilərinin dərinliklərindəki mühüm hədəfləri vursa, Rusiya Avropadan Ukraynaya silah göndərən obyektlərə atəş aça bilər. Bu qarşıdurma NATO-Rusiya müharibəsinə çevrilsə, Türkiyənin neytral qalması çətin olacaq. Bu da Azərbaycanın arzulamadığı bir ssenaridir. Eyni zamanda Azərbaycan Rusiya ilə yaxın qonşudur. Həm Avropa İttifaqı, həm Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Beləliklə, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə də təsir edə bilər. Hələ onu demirik ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Müharibənin genişlənib kəskinləşməsi soydaşlarımızın həyatına da mənfi təsirini göstərər. Vəziyyəti mürəkkəbləşdirən daha bir səbəb də var: Şərqi Avropanın bəzi dövlətləri, xüsusilə, Macarıstan və Slovakiya (hər ikisi Ukrayna ilə həmsərhəddir) az, ya da çox dərəcədə Rusiyanın mövqeyinə yaxın mövqe tutublar. Onlar müharibənin uzanmasında və genişlənməsində maraqlı deyillər. Bununla bərabər ərəb ölkələri Çinə doğru meyl edirlər. Elə Avropa İttifaqının özündə də belə əhvalda olanlar var. Bu da ABŞ-ı, Böyük Britaniyanı daha çox narahat edir. Ona görə də Vaşinqton, London, Brüssel Cənubi Qafqaza və Mərkəzi Asiyaya dair maraqlarını daha israrla reallaşdırmağa çalışırlar. Dövlət katibi Blinkenin Türkiyə xarici işlər naziri Hakan Fidanla Qafqaz və Yaxın Şərq haqda danışıqları da bu prosesin tərkib hissəsidir. Türkiyənin verəcəyi qərarlar isə Azərbaycanı birbaşa "bağlayır". Beləliklə, Azərbaycan bütün bu gəlişmələrdən bu və ya başqa şəkildə təsirlənir. Ona görə də Azərbaycan nəhənglərin qarşıdurmasından kənarda qalmağa çalışır və siyasətini bu istiqamətdə qurur. Davamını izləyib görəcəyik. Seyid Əhmədli, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
bizimyol.info

10Mənbələr