AZ

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalında iştirak edəcək VİDEO

Xaçmaz, 23 may, Elxan Yusifli, AZƏRTAC

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlıq çərçivəsində Quba və Xaçmazda təlim-məşq toplanışı keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin daha faydalı olması üçün məşqlərə Türkiyənin Orta Doğu Texniki Universitetinin İdman Klubunun amputant futbolçuları da cəlb edilib. Hazırlıq çərçivəsində mayın 23-də Xaçmazın Qoçaqlı kənd stadionunda amputant futbol komandalar arasında növbəti yoxlama oyunu təşkil olunub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb.

Azərbaycan milli komandasının rəhbəri Elnur Sadıqov bildirib ki, futbolçularımız iyunun 1-8-də Fransanın Evian şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət komandamız Avropa çempionatının final mərhələsinə ilk dəfə qatılır.

“16 komandanın mübarizə aparacağı final mərhələsində dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü millilər iştirak edəcək. Azərbaycan qrupda Türkiyə, İsrail və İrlandiya komandaları ilə mübarizə aparacaq. Türkiyə nəinki qrupumuzun, eləcə də çempionatın favoritidir. Biz çalışacağıq ki, İrlandiya və İsraili qabaqlayıb qrupda ikinci olaq. Milli komanda Avropa çempionatında qrupdan çıxmağı hədəfləyib. Türklərdə amputant futbol komandaları 16 ildən çoxdur yaranıb. Böyük təcrübəyə malikdirlər. Bizdə isə komandamız iki ildir formalaşıb. Türkiyəli həmkarlarımızın təcrübəsindən faydalanmağa çalışırıq”, - deyə Elnur Sadıqov söyləyib.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq prosesinə millimiz 23 nəfərlik məşqçi və futbolçu heyəti ilə qatılıb. Orta Doğu Texniki Universitetinin İdman Klubundan isə məşqlərdə 9 futbolçu iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
azertag.az

10Mənbələr