AZ

Azərbaycanın İranla münasibətlərdə önəm verdiyi prinsiplər: Əməkdaşlıq və dostluq…

Mayın 19-da İran-Azərbaycan sərhədində “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi həm Azərbaycan, həm də bütövlükdə region üçün çox böyük əhəmiyyətə malik tarixi hadisədir.

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq İranın dövlət başçısı Cəbrayıl rayonu ərazisinə gəldi, iki ölkənin rəhbərləri işğaldan azad olunmuş ərazidə görüşdülər.

Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın dövrdə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi layihəsinin icrasında iştirak edə bilməyib. “Xudafərin” və “Qız Qalası” layihələrinin, təxminən, yarım əsrlik tarixi var. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. 1988-ci il dekabrın 6-da iki ölkə arasında layihəyə dair əməkdaşlıq haqqında Saziş imzalanıb.

1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib. 

Xudaferin-1160x560.jpg

Azərbaycanın müstəqilliyinin bərpasından sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyət davam etdirilib. 1992-ci il mayın 18-də Azərbaycan Nazirlər Kabineti “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında 267 saylı Qərar qəbul edib və layihənin reallaşdırılması “Azərenerjitikinti” dövlər şirkətinə həvalə edilib. 1992-ci il mayın 25-də “Azərenerjitikinti” şirkəti İran Enerji Nazirliyinin Şərqi Azərbaycan su idarəsi ilə Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, müvəqqəti avtomobil yollarının və asfalt-beton örtüklü daimi yolların salınmasına dair Saziş imzalanıb. Bu Sazişin icrası daxilində biri “Xudafərin”, digəri isə “Qız Qalası” layihəsi üçün nəzərdə tutulan iki körpünün tikilməsinə başlanılıb.

1993-cü ilin fevralında “Xudafərin” bəndinin tikintisi üçün yardımçı körpünün açılış mərasimi keçirilib. Paralel olaraq Azərbaycan Hökuməti “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlasa da, ərazilərin Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb.

Xudafərin mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə gətirilib. 1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində H.Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb. 

11dad0ae-e241-3710-b7c1-edd64ca7319c_850.jpg

İranla uzunmüddətli danışıqlardan sonra 2016-cı ilin fevralında Azərbaycanın bu infrastruktura sahibliyi, su və elektrik enerjisinin bərabərhüquqlu istifadə qaydaları, bəndlərin tikintisinin davam etdirilməsində, istifadə və istismarında Azərbaycanın iştirakını və nəzarətini təmin edən Saziş imzalanıb.

Ərazilərimizin işğaldan azad olunmasından sonra “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi məsələsi İranla Azərbaycan arasında münasibətlərin gündəmində olub. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi ərazidə yeni reallıqlar yaradıb. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötməyib. İndiyədək tikintini təkbaşına aparan İran tərəfi Azərbaycanın 2016-cı il sazişindən irəli gələn səlahiyyətlərinin icrasına başlaması prosesini təmin edib.

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının habelə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə işlər davam etdirilib.

“Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, minimal həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılıb. “Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, minimal həcmi isə 7,5 milyon kubmetr təşkil edir. “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarından yalnız 2-cidən suvarma məqsədi ilə istifadə olunacaq. “Xudafərin” hidroqovşağından su götürmək mümkün olmayacaq və burada yalnız elektrik enerjisi istehsal ediləcək. Burada istehsal olunan elektrik enerjisi iki ölkə arasında bərabər bölünəcək.

“Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür). Hər iki SES-də ildə ümumilikdə 716 milyon kilovat/saat (358 milyon kilovat/saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır. Eyni zamanda hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı nəzərdə tutulur.

Beləliklə, inşa olunan hidroqovşaqlar hər iki ölkə üçün həm böyük iqtisadi layihə, həm də qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından daha bir mühüm vasitədir.

Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra azad etdiyi ərazilərdən keçməklə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində də mühüm layihələrin icrasına başlayıb. Bu layihələrdən biri məhz İranla reallaşdırılır. 2021-ci ildə iki ölkə arasında imzalanan sazişlə Azərbaycanın Zəngilan rayonundan İran üzərindən Naxçıvana avtomobil, dəmiryol və elektrik enerjisi xətlərinin tikintisinə başlanıb. Naxçıvandan isə bağlantı Türkiyə və Avropaya qədər uzanacaq.

Beləliklə, İranla Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində faydalı əməkdaşlığı Transxəzər Nəqliyyat Dəhlizi layihəsində davam etdiriləcək. Çünki Azərbaycan Transxəzər dəhlizi ilə Xəzər üzərindən gələn yüklərin bir hissəsini məhz bu yolla Avropaya ötürməyi hədəfləyir.
Prezident İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb: “Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq”. 

2f4797ba2f5407c58d2d81326039eca1.jpg

Azərbaycan öz torpaqlarını geri aldıqdan dərhal sonra abadlaşdırma işlərinə başlayıb. Çünki bu torpaqların əsl sahibidir, öz ərazisini abad görmək, abad etmək vəzifəsini layiqincə yerinə yetirir. Bu gün azad edilmiş torpaqlarda çox genişmiqyaslı nəqliyyat-infrastkurtur layihələri həyata keçirilir: Avtomobil yolları, hava limanları, dəmiryolları, enerji, qaz, su təchizatı şəbəkələri qurulur. Bütün bunların bir məqsədi var: dogma topraqları abadlaşdırmaq, insanları öz vətənlərinə qaytarmaq, nəhayət, bölgədə sülhün təminatçısı olacaq güclü iqtisadi əməkdaşlıq platforması qurmaq.

Bütün bu işlər ən müasir texnologiyaların tətbiqi ilə, qabaqcıl təcrübələr əsasında həyata keçirilir. Məhz bu yanaşmanın nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib: “Energetika sahəsində çox böyük planlar mövcuddur. 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”.

Azərbaycan İranla iqtisadi əməkdaşlığa davamlı və dostluğu möhkəmləndirən bir proses kimi yanaşır. Buna görə də İranla qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya qoyuluşu, yeni birgə müəssisələrin yaradılması istiqamətində addımlar atılır. Bu addımlar gələcəkdə də davam etdiriləcək, Azərbaycan bütün qonşuları ilə iqtisadi-siyasi əlaqələrini dərinləşdirmək siyasətinə sadiq qalacaq. \\Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
40
hurriyyet.az

10Mənbələr